
Nəvəsi Nənəgül Küpəgirən qarıya deyir:
- Nənə, sinif yoldaşlarımın hamısı özünə sənət seçib, bilmirəm mən hansı peşəyə yiyələnim ki, gələcəkdə əziyyətsiz çoxlu pulum olsun. Qalmışam fikirləşə-fikirləşə. Kömək elə, neyləyim?
- Hə, nənən sənə qurban olmasın, həyatının çətin dövründəsən. Özünə elə peşə seçməlisən ki, həm həyatın gözəl keçsin, həm varın-dövlətin çox olsun, həm də heç bir iş görməyəsən, qarşında işləsinlər, sən də tamaşa eləyəsən. Hamı səndən qorxsun, sənə hədiyyələr versinlər, xoş sözlər desinlər. Belə işlər çoxdur. Mən sadalayım, sən seç!
- Hansı sənəti seçsəm, deyəcəklər oxu, imtahan ver!
- Əlbəttə, oxuyub imtahan verməlisən. Qayda belədir!
- Sən məni tanımırsan? Niyə məni hirsləndirirsən?
- Hirslənmə, mənim Nənəgül yox, Nənətikan balam! Guya ki, ətrafımızdakı xəstələri öldürən həkimlər, şagirdləri şikəst eləyən müəllimlər hamısı oxumaqdan gözləri zəifləyib? Sən də olarsan onlardan biri. Sənə güldən ağır söz deyən olmaz. Həkim olsan, sənə ən yaxşı doxdurxananı açdıraram. Müəllim olsan, çoxlu şagirdin olar.
- Yox, nənə, sən peşələri say, özüm seçim.
- Dediklərimə yaxşı-yaxşı qulaq as, nəyi xoşlasan özün seç!
- De, nənə!
- Bax indiki uşaqlar bütün günü telefonda, planşetlədirlər, mahnıya bərk səslə qulaq asırlar.
Bu, çox davam eləyəndə, onların birinci əsəbləri, sonra gözləri korlanacaq və qulaqları zəif eşidəcək. Bax, bu üç doxdurluğun hansını seçsən, gələcəkdə çoxlu xəstən də olacaq, çoxlu pulun da.
- Sonra, nə peşə seçə bilərəm?
- Onurğa doxdoru da ola bilərsən. Onda da çoxlu müştərin olacaq!
- O niyə?
- Həmin dediyim uşaqlar bellərini əyib oturduqlarından belləri əyiləcək, şikəst olacaqlar.
- İşim-gücüm qurtarıb, əyri bel düzəldəcəyəm, onu da istəmədim. Daha nə ola bilərəm?
- Təzyiq, şəkər, mədə həkimi olub çoxlu pul qazana bilərsən!
- Elə xəstələr çoxdur?
- İndi də çoxdur, gələcəkdə lap çox olacaq. Soruş niyə?
- Niyə?
- Məni eşit! Mağazalarda o qədər ziyanlı şeylər satırlar, onların çoxu mədəni dağıdır. Arıqlamaq üçün o qədər cavan ac qalıb, mədələrini sıradan çıxardır ki, sonra illərlə müalicə olunsalar da, düzəlmirlər. Üstəlik savadsız doxdurlar “antibiotik” deyilən bir dərman var, uşaqların, böyüklərin canına o qədər yeridirlər mədədə canlı nə var, hamısı məhv olur. Mədə pozulanda, orqanizmin iş rejimi pozulur, o da pozulanda, ahənglik itir, beyin də pozulur. Onların hamısı pozulanda adam da həyatdan pozulur. Bu da bizim xeyrimizədir. Ciblərimiz pulla dolar.
- Yox onu da istəmədim!
- Onda dəri həkimi ol!
- Onların da xəstəsi çox olmaz!
- Qulaq as! İndi ola
bilər, olmasın. Gələcəkdə o qədər olacaq, xəstə əlindən tərpən-mək olmayacaq. Televizorda o qədər reklamlar verirlər ki, guya hər yan canlı, gözə görünməyən mikroblarla doludur.
- Camaat inanmasın!
- Çoxu inanmır. Amma uşaqları aldatmaq çox asandır! Bunun üçün xüsusi maraqlı, rəngarəng reklamlar çəkirlər. Guya hər yanda gözəgörünməz mikroblar var. “Onları məhv eləmək lazımdır”, deyirlər. Bu isə yalnız xüsusi sabunların köməyi ilə mümkündür deyə hamını inandırmağa çalışırlar ki, istehsal elədikləri ziyanlı sabunlardan çoxlu qazanc götürsünlər.
Bu reklamları balacalar görür. Onların beyninə girir ki, hər yan – avtobuslar, maşınlar, küçələr, qapı tutacaqları, başqalarının əlləri doludur tərpənən qurdlarla, mikroblarla. Onları daima məhv eləmək lazımdır. Və balacalar kiçik yaşından mübarizəyə qalxırlar.
Elə uşaq var ki, gün ərzində əlini əlli dəfə bakteriya öldürən sabunla sabunlayır. Nəticədə əlin üst qatında olan, dərini daima qoruyan qoruyucu qat get-gedə zəifləyir, canlı mikroorqanizmləri ilə bigə məhv olur. Bununla da orqanizm allergiya, astma xəstəliklərinə daima hazır vəziyyətdə olur. Azca soyuqlayan kimi də dediyim xəstəliklərə tutulur.
- Yox e, nənə, lap pis həkim olsam da, gərək xəstəliklərin adını heç olmasa əzbərləyim, bilim. Mənim isə heç oxumağa həvəsim yoxdur.
- Onda müəllim ol.
- Mən uşaqlara yazıb-oxumaq öyrətməliyəm? Yox eee, bu, əziyyətli işdir. - Yuxarı siniflərə dərs deyərsən!
- Dərs deyə bilərəm?
- Kim sənə deyir dərs de? Sən sadəcə müəllim olarsan, kim dərsə gəlməsə, ondan pul alarsan! Onsuz da yuxarı siniflər dərsə gəlmir ki...
- Bax bu, yaxşı peşədir, müəllim olaram, yuxarı siniflərə dərs deyərəm!
- Amma, ay Nənəgül, nənənin göyçək balası, istərdim sən böyüyüb bizim nəslə layiq həkim olasan. Düzdür, müəllimlik də pis peşə deyil, amma həkimlik nəslimizə yaman yaraşır. Babam da, nənəm də həkim olub. Elə maraqlıdır ki, doxdur olmaq. Naxoş ayaqları ilə yanına gəlir. Deyir təzyiqim var, ona elə iynə vurusan, şəkəri qalxır, insult olur, xərəkdə göndərirsən evlərinə. Xəstə yiyəsinə deyirsən xəstənizin qanında laxtalanma çox güclüdür, deyə, dərman reaksiya verdi. Xəstə ayağa qalxa bilmir, danışa bilmir ki, dərdini danışsın. Az bir vaxtda xəstə ölür. O qədər gülürsən, əsl Küpəgirənlər nəslinə xas olan peşədir!
- Bəlkə tez öldü. Məni tutmazlar?

- İstəmirəm, nənə, elə müəllimlik yaxşıdır, uşaqları şikəst eləsəm də, heç kim, heç nəyi sübut eləyə bilməz!
Küpəgirən qarı nəvəsi Nənəgülü qucaqlayıb, bağrına basıb dedi:
- Mənim ağıllı nəvəm! Elə özümə oxşamısan! – Deyib, bərkdən güldü: “Hi, hi, hi, hi, hi, hi...”.