Tərs siçan

Müəllif: Gülzar İbrahimova

Məti ilə Çəti adlı bacı-qardaş siçanlar var idi. Bu siçan bacı-qardaşlar bir-biriləri- ni çox istəyirdilər, amma tez-tez küsüşürdülər. Ən çox günah Çətidə olurdu. Kiçik olsa da, bacısını eşitmək istəmir, onu tez-tez hirsləndirirdi:

- Çəti, evə çəkmə ilə gəlmə, ana döşəməni təzəcə silib!

- Evə girəndə baxdım, altı tərtəmizdir.

- Çəti, mənim kitabımı sən götürüb yazmısan?

- Şəkil çəkirdim!

- Deməmişəm kitabımda şəkil çəkmə? Kitab məgər dəftərdir, onu yazasan?

- Çox deyingən və pis bacısan! – deyib bacısını hirsləndirirdi.  

Dəcəl Çəti hər yanda dəcəllik edir, hamını incidirdi. Məktəbə gedəndə müəlli- mini, evdə qalanda bacısını incidirdi. Nə deyirdin, tərsini edirdi. 

Bu il qış çox maraqlı keçirdi. Tez-tez qar yağırdı. Balacalar hər gün qartopu oynamağa çıxır, xizəklə sürüşürdülər. Həyətdə böyük bir göl vardı. Şaxtalar təzə düşdüyündən üstü buz bağlasa da, hələ tam donub bərkiməmişdi. Donan kimi balacalar onun üstündə konki sürür, sürüşürdülər. Atası da Çəti ilə Mətiyə konki almışdı ki, buz gölün üstündə sürsünlər.

Bir gün bacı-qardaş xizək sürmək üçün həyətə çıxdı. Bir az sürmüşdülər, Çəti buz bağlamış gölü görüb sevindi:   

- Mən təzə konkilərimi buzda sürmək istəyirəm.

- O hələ tam donmayıb! Olmaz sürüşmək! – Deyə Məti onu nə qədər başa salsa da, Çəti tərsliyindən dönmədi. Qaçıb tez xizəyini evə qoydu, konkilərini gətirib geyindi. Gölün ətrafı dolu idi balacalarla. Çəti özünü onlara göstərmək üçün tullandı buzun üstünə. Buz elə bölündü, Çəti düz düşdü gölə, qışqırdı:

- Kömək edin!..

Məti də ona səs verdi:

- Kömək edin, qardaşım boğulur!

Hamı köməkləşib Çətini sudan çıxartdı. Soyuqdan Çətinin dişləri bir-birinə dəyib şaqqıldayırdı. O titrəyə-titrəyə bacısının əlini üzünə aparıb dedi:

- Bacbağ, bacbağğğğ, bacbağğğğğğ...

Ətrafdakılar soruşdu:

- "Bacbağ" nədir? Çəti nə demək istəyir?

Məti çiyinlərini çəkdi ki, “bilmirəm”. Heç kəs başa düşmədi, Çəti nə demək istəyir. Onu evə apardılar, isitdilər, özünə gəldi, dili açıldı. Başa düşdülər ki, Çəti belə deyirmiş:  “Bacı bağışla, mən daha tərs olmaram!".