
- Nənəm üçün darıxmışam!
- Mən də, anan da nənə üçün darıxmışıq, amma işi qoyub kəndə getmək olmur.
- “Kənd uzaqdır, gedəndə bir günə qayıtmaq olmur,” deyən ana da ata deyəni dedi.
- Özüm gedərəm, uşaq deyiləm ki. – Əli təklif verdi.
- Gedə bilərsən? Qorxmazsan? – ana təəccüblə soruşdu.
- Niyə qorxuram?! Yeddi yaşım var. Yanımda cib telefonu var, sizə zəng vuraram.
- Olar! Avtobusa mindirərik, gedərsən, - ata dedi.
Ana nənəyə köynək pay qoydu. Əli mağazadan nənəyə özünün xoşladığı şokoladlı noğul – “ememdens” aldı. Gedəndə ona bərk-bərk tapşırdılar:
- Bax ha, çox danışıb nənəni yorma!
- Avtobusda da çox danışma! – belə deyib ata-ana möhkəm tapşırdılar.
Bunu ona görə elədilər ki, Əli çox, həddindən çox danışan, həm də çox sual verən idi. Sonra isə Əlini kəndə, nənəsinin yanına yola saldılar.
Yol boyu Əli avtobusdakılarla söhbət edirdi. Hamının bu dilli-dilavər uşaqdan xoşu gəldi. Əlidən soruşdular:
- Kimin oğlusan?
- Nazirin oğluyam! Atam boksçudur. Kimi istəsə vurub sərir yerə. Səkkiz dənə medalı var. Mənə də boks öyrədib. Məhəllədəki uşaqların çoxu məndən qorxur.
Hamı elə başa düşdü ki, oğlanın atası nazirdir. Əslində isə Əlinin atasının adı Nazir idi. Ata isə nazir yox, idmançıydı. Hamı maraqla Əliyə qulaq asırdı.
Avtobusda, Əlidən bir az aralı, iki kişi oturmuşdu. Biri balacaboy, o biri isə uzunboy idi. “Nazir” adı eşidən kimi bir-birinə göz vurdular. Onların işi-gücü oğurluq, quldurluq idi. İndi də kəndə, toyuq oğurluğuna gedirdilər.
Bir azdan avtobus dayandı. Hamı avtobusdan düşdü ki, dincəlsin. Avtobusda bir Əli, bir də həmin “balacaboy” və “uzunboy” əmilər qaldı. Əli avtobusdan düşmədi. Darıxırdı ki, nənəsinin yanına tez çatsın. Cib telefonunu çıxarıb nənəyə zəng vurdu:
- Nənə, az qalıb, gəlirəm yanına!
Nənə heç yaxından eşitmirdi, o ki qaldı telefon səsi ola.
- Bala, heç nəyim azalmayıb, hər şeyim var, narahat olmayın!
- Nənə, kəndə gəlirəm, sənə köynək gətirirəm!
- Gəl başına dönüm, var, hər şey var, kəpənək də var!
Nənənin eşitmədiyini görən Əli lap bərkdən danışdı:
- Nənə, deyirəm sənə “ememdens” gətirirəm!
- Ay şeytan, qoca nənəyəm, mersedes nəyimə gərəkdir?! Özün gəl!
- Nənə, mən səni çox istəyirəm! – Deyib Əli telefonla danışmağı qurtardı. Əli nənənin dediyi axırıncı sözləri eşitmədi:
- Ox-zad istəmə, keçən dəfə ox ilə keçinin buynuzundan nə təhər vurmusansa, o vaxtdan tövləyə girmir!
Nənə Əlinin “çox istəyirəm” sözünü “ox istəyirəm” kimi başa düşdü.
- Gec çatarıq? – Əli soruşdu.
- İstəsən 2 saata çatarsan, istəsən 20 dəqiqəyə!
- Necə?
- Biz kinoçəkənlərik. Yaxınlıqda arabamız, faytonumuz var, istəsən səni iyirmicə dəqiqəyə kəndə çatdırarıq.
- İstəyirəm, - deyib Əli atasına bir neçə dəfə zəng elədi ki, onlarla danışsın, telefona zəng çatmadı.
Camaat gəlib çıxana qədər onlar meşənin içərisinə girdilər. Orda doğrudan da bir fayton var idi. Faytona minib yola düşdülər. Yol boyu Əli “kinoçəkənlərə” o qədər sual verdi...
- Kameranız yaxşı çəkir?
“Kinoçəkən əmilər” “nazir” oğlunun çoxsaylı suallarına cavab versələr də, yorulmurdular. Fikirləşirdilər ki, bu oğlan vasitəsilə yaxşıca varlana bilərlər. Balacaboy əmi dedi:
- Biz filmlərimizi Hollivuda göndərməyə hazırlaşırıq. Əlbəttə yaxşı çəkir.
- Necə çəkirsiz kinonu?
- Əvvəl ssenari yazırıq, yer axtarırıq, sonra kino çəkirik!
- Düzdür,- deyə Uzunboy əmi də onun dediyini təsdiqlədi:
Kino haqqında bir xeyli danışandan sonra Əli saata baxdı:
- İyirmi dəqiqə əvəzinə yarım saat keçib. Niyə çatmırıq?
- Yol xarabdır, ona görə gecikirik. Bir az dincələk, gedərik!
Onlar bir xeyli dayanıb dincəlmək istədilər. Amma Əli o qədər danışdı ki, acgöz quldurların baş-qulaqları getdi. O gah kinodan, gah məktəbdən, gah uşaqlardan, gah da nənəsindən, kənddən danışırdı. Bir sözlə danışır, hey danışırdı. Əmiləri əsnəmək tutmuşdu, amma oğlan yorulmaq bilmir, elə hey danışırdı.
Onlar bir az gedib, bir az dayanırdılar. Axşam hava qaralanda bir daxmaya çatıb faytonu saxladılar ki, yenə dincəlsinlər. Bir çay hazırlayıb, içəndən sonra əmilər:
- Yataq, yorulmuşuq, bir az dincələk, səhər yola düşərik, - dedilər.
Əslində quldurların məqsədi o idi ki, “nazir oğlunu” meşədə gizlətsinlər, sonra da atasından çoxlu pul alıb uşağı qaytarsınlar.
Balacaboy əmi ağrıyan başına dəsmal bağlamış dostunun qulağına pıçıldadı:
- Bircə gün bu boşboğazın danışığına dözə bilsək, səhər yaxşı pul qazanarıq!
- Birtəhər dözərik! – o biri dedi.
- Nə pıçıldaşırsınız? – Əli soruşdu.
- Heç... ssenari haqda danışırıq! – dedilər.
- Mən yaxşı ssenari deyim, siz də kino çəkin! Elə maraqlı ssenarilər deyərəm, kino çəkib kino ulduzu olarsınız! – belə deyib Əli yenə də uzun-uzadı növbəti ssenarini danışdı. Əlbəttə ssenarilər “kinoçəkən” əmilər üçün maraqlı deyildi. Amma özlərini elə göstərirdilər ki, guya diqqətlə qulaq asırlar. Hansının gözü yumulurdusa, Əli onu yuxudan oyadırdı:
- Maraqlı yeridir, qulaq as, - deyirdi.
- Birdən elə oldu ki, quldurların ikisi də yuxuya getdi. Əlinin də təzəcə gözünə yuxu getmişdi ki, yerindən sıçrayıb qışqırdı:
- Tapdım!
Quldurlar yerlərindən dik qalxdılar. Elə bildilər ki, polis onları tapıb, bu saat tutacaq.
- Nə olub? – yuxulu-yuxulu soruşdular.
- Ssenari fikirləşmişəm. Hindulardan. Belə film çəksəniz uşaqların çox xoşu gələcək. Mən də sizə kömək eləyərəm. Özümə ox da düzəltmişəm!
- Aman! – deyib bu dəfə Balacaboy əmi başını tutdu. Əli səhər açılana qədər hindulardan, onların savaşından danışdı. Axırda Uzunboy əmi uşağı qucağına alıb bayıra saldı ki, heç olmasa beşcə dəqiqə yatsın. Bunun da xeyri olmadı. Əli başını pəncərədən içəri salıb deyinməyə başladı:
- Siz kinoçəkən-zad deyilsiniz. Kinoçəkən olsaydınız ssenari sizin üçün maraqlı olardı.
“Kinoçəkənlər” haldan düşmüşdülər. Onlar düz günortaya qədər yatdılar. Oyananda isə gördülər ki, nə fayton var, nə uşaq. Hər ikisi:
- Uraaaaa! – deyib qışqırdılar. Belə bir uşaqdan canlarını qurtardıqlarına görə çox sevinirdilər.