
Hər il, Yeni ildə Küpəgirən qarı ilə İfrit bikef olurlar. Onların xoşlarına gəlməyən bir şey varsa, bu da uşaqların gülüş səsidir. Bu səsdən başları ağrıyır, təzyiqləri qalxırdı.
Küpəgirən qarı adəti üzrə deyinməyə başladı:
- Baş-qulağım getdi! Uşaqlar səhərdən “Şaxta baba” deyib, qışqırışırlar! Bircə bu Şaxta baba gəlsəydi, səsləri kəsilərdi!
- Gəl elə eləyək ki, uşaqlar bundan sonra
Yeni ildə nə Şaxta babanı, nə də onun hədiyyəsini gözləməsinlər.
- Necə? - Deyə Küpəgirən qarının çəp gözləri bir az da çəpləşdi.
- Hədiyyələri oğurlayaq, Şaxta baba əli yalın, torbası boş gəlsin uşaqların görüşünə!
- Yaxşı olar! Şaxta baba − torbası boş baba məyus olar, uşaqlara hədiyyə verməz, Yeni il də şən keçməz.
- Əla! Uşaqlar da kefsiz oturar, Şaxta baba susar, durar, Yeni il gələr, heç kəs sevinməz!
- Necə eləyək ki, hər il belə olsun?
- Bu mənim boynuma! Şaxta babanın hədiyyə torbasını elə yerdə gizlədəcəyəm ki, heç kəsin ağlına gəlməsin harda olar! Axtarsınlar, axtarsınlar, tapmasınlar, - deyə İfrit əllərini belinə qoyub öyündü.
- Harda gizlədəcəksən?
- Afrikada, düz Afrikada. Ora isti ölkədir, heç kəs inanmaz ki, qış hədiyyələri orda olar!
- Gizlədək. Yeni ilə lap az qalır, necə eləyəcəksən?
- Şaxta baba hədiyyələri xizəyə yığandan sonra azca oturub dincini alır, dondurma yeyir. Sonra yeni ilə az qalmış yola düşür, şənliyə gəlir. Bax, Şaxta baba dincini alanda hədiyyələri oğurlayarıq!
Küpəgirən qarı və İfritin kefləri kökəldi. Onların pislikdən çox xoşları gəlirdi. Dedikləri kimi də elədilər.
Əvvəl şənliyə Qar qız yola düşdü. Uşaqlar “Şaxta baba” çağıranda Şaxta baba da şənliyə daxil olmalıydı. Ondan bir az sonra isə Şaxta baba yola düşmək istəyəndə hədiyyələr yox idi. Nə qədər axtardısa da, hədiyyələri tapa bilmədi ki, tapa bilmədi. Şənliyə isə lap az qalırdı. Şaxta baba hirslənib bərkdən qışqırdı:
- Sehrli Torba, hardasan?
Şaxta babanın hədiyyə torbası doğrudan da sehrliydi. Torba sehrli olmasaydı, heç o qədər hədiyyə tuta bilərdi?
Sehrli torba həmişə yatıb qış yuxusuna gedər, onu yalnız Şaxta babanın səsi yuxudan oyadardı. Şaxta babanın səsini eşidəndə Qırmızı torba yuxudan oyandı. Amma bu dəfə yuxudan oyananda hər tərəfdə qar əvəzinə, Günəşin istisindən isinmiş torpaq, meşə, güllər, çiçəklər gördü. Məəttəl qaldı. Ətrafında qara, qıvrımsaç uşaqlar var idi. Onlar Qırmızı torbaya təəccüblə baxırdılar. Torba danışmağa başlayanda isə hamı məəttəl qaldı.
- Mən hardayam? Bura haradır?
- Afrika!
Torba əvvəl elə fikirləşdi ki, ya uşaqlar səhnəcik göstərir, ya da o yuxu görür. Amma sonra qorxdu:
- Zarafatın yeri deyil uşaqlar, Yeni il şənliyinə az qalır!
- Biz zarafat eləmirik, bura doğrudan da Afrikadır!
- Məni bura kim gətirib?
- Saçı pırtlaşıq, paltarı köhnə bir qarı səni uçan süpürgəsində gətirib qoydu ot tayasının içərisinə çıxıb getdi.
- O Küpəgirən qarı olub. Uşaqları hədiyyəsiz qoymaq üçün belə eləyib. Mən tez özümü Şaxta babaya çatdırmalıyam!
Qırmızı torba afrikalı uşaqlara hər şeyi başa salandan sonra onlar dedi:
- Biz sənə kömək eləyərik, tez qayıdarsan.
- Onda getdik!
Qırmızı torbanı dəniz sahilinə gətirdilər. Olanları Gəmi kapitanına danışdılar. Kapitan söz verdi ki, gəmisini tam sürətlə sürəcək. Axı uşaqlar bayramda hədiyyəsiz qala bilərdilər.
Qırmızı torba gəmidə dənizçilərlə dostlaşdı. Onlar tez bir vaxtda Qırmızı torbanı Şaxta babaya çatdırdılar.
Küpəgirən qarı ilə İfrit hədiyyələri boşaldıb, Afrikada ot tayasında gizlətmişdilər. Qırmızı Torba tez hədiyyələrin yerini Şaxta babaya deməliydi. Şaxta baba da sehr oxuyub hədiyyələri geri qaytarmalıydı.
Qırmızı Torbanın planı alındı. “Qırmızı torba” əməliyyatı uğurla başa çatdı. İfritlə Küpəgirən qarı Şaxta babanın qorxusundan elə qaçıb gizləndilər ki, uzun müddət onların səsini eşidən olmadı.
Şaxta baba sehr oxuyan kimi bütün hədiyyələr yerinə − Qırmızı torbanın içərisinə qayıtdı. Hamı sevindi. Ən çox sevinən isə uşaqlar idi. Əlbəttə onların Sehrli Dünyada nələr baş verdiyindən xəbərləri yox idi. Yaxşı ki, bu “Sehrli Dünya” jurnalı var. Sehrli Dünyada nə baş verirsə, tez uşaqlara xəbər verir.