
Biri vardı biri yoxdu, balaca bir ölkə var idi. Bu ölkədə bir nazir yaşayırdı. Nazirin balaca, ağıllı bir qızı var idi. Atası və anası istəyirdilər ki, onların qızı işgüzar və ağıllı olsun. Ona görə də həmişə ona iş tapşırırdılar.
Məsələn, nazir qızı Güllü hər səhər çiçəklərə qulluq edir, onlara özü baxırdı. Hər səhər atasna da, anasına da özünə də meyvə şirəsi çəkirdi. Özü geyinir, saçlarını özü darayır, dərslərini də kömək olmadan özü oxuyurdu. Maşın yolunu tək keçə bilirdi. Hələ bir dərsdən gələndə evə çörək, özünə şokolad da alıb gətirirdi. Atasının, anasının verdiyi tapşırıqları vaxtında yerinə yetirirdi. Bax belə qız idi nazir qızı…
Amma sinif yoldaşları ona inanmırdılar. Deyirdilər:
- Sənin nə vecinə. Atan nazir adamdır. Hər nə istəsən sənin üçün edirlər. Heç bir iş görmürsən. Hər şey sənin üçün hazırdır.
- Nə olsun atam nazirdir, mən hər işə kömək edirəm.
Uşaqlar Güllüyə inanmırdılar. İnanmırdılar ki, Güllü kimi imkanlı bir ailənin qızı evdə iş görə.
Bir gün Güllü dərsə gedəndə gördü ki balaca, ağ, başında qara xalı olan bir pişik binanın küncünə qısılıb, bir qara, eybəcər it isə onun üstünə cumub, elə hürür ki, az qalır pişiyi parçalasın. Bala pişik isə miyoldayır, miyoldayırdı. Güllü bilmədi neyləsin. Çantasından bir parça yemək çıxarıb itə atdı. İtin başı yeməyə qarışan kimi pişiyi götürüb qaçırtdı. Saçından ağ lentini açıb bala pişiyin boynuna bağladı.
Sinfə girib olanları sevinc içərisində uşaqlara dedi:
- Bu gün çox xeyirli iş görmüşəm. – Deyib iti necə aldatdığını sinif yoldaşlarına danışdı.
Cəmilə əda ilə dedi:
- İti vurub eləmədin ki?
- Sənə inanmırıq, nazir qızı!
Uşaqlar gülüşdülər. Onlar Güllüyə qulaq assalar da qız hiss eləyəndə ki, ona inanmadılar, pərt oldu. Ürəyində fikirləşirdi: “Görəsən onlar mənə niyə inanmır?
Bir gün anası Güllüyə tapşırıq verdi:
- Dərsdən gələndə atanın çəkməsini çəkməçidən götürərsən. İki gündür işə cırıq ayaqqabı geyinir.
- Baş üstə ana, - Güllü dedi. Və dərsdən qayıdanda ayaqqabını götürmək üçün pinəçinin yanına girdi. Pinəçinin yanında qoca bir kişi vardı. Gülli içəri girənə o bayıra çıxdı. Çünki pinəçinin iş budkası çox darısqal idi. Deyəsən qoca kişi o ağlamışdı. Çünki Güllü içəri girəndə qoca kişi gözlərini sildi. Əlləri ilə üzünü örtdü. Güllü ondan soruşdu:
- Özünüzü pis hiss edirsiniz? Ürəyiniz ağrıyır?
Qoca əllərini üzündən çəkib cavab verdi:
- Yox, yox.. ürəyim ağrımır.
- Sizin probleminiz var? Bəlkə mən sizə nədəsə kömək edə bilərəm?
Pinəçi söhbətə qarışdı:
- Onun problem uşaqların başa düşəcəyi problemlər deyil.
Qoca kişi bayıra çıxdı. Güllü bu dəfə pinəçiyə sual verdi:
- O niyə ağlayırdı?
- Cəbhədə vuruşub, vaxtilə güclü olub, vətənimizi qoruyub. İndi isə qocalıb deyə, onu heç yerdə işə götürmürlər. Bilmir neyləsin? Ailəsini dolandira bilmir.
- Nə pis olub! – Güllü az qala ağlayacaqdı, gözləri doldu. Ayaqqabıları götürüb bayıra çıxanda gördü ki, bayaqkı qoça skamyanın üstündə oturub siqaret çəkir. Güllü çörək almaq üçün yaxınlıqdakı mağazaya girdi. Mağazanın şüşəsindən gözləri yol çəkən cəbhəçi görünürdü. Dükançı balaca müştərisini təbəssümlə qarşıladı:
- Bu gün bir az gecikdin.
- İşim çox idi, pinəçidən ayaqqabı götürdüm! – Güllü işgüzarcasına dilləndi.
Güllü həmişəki kimi çörəyi və şokoladı alıb getmək istəyəndə satıcıdan soruşdu:
- Sizdə iş olmaz?
- Sən işləmək istəyirsən? – Deyə satıcı gülümsündü:
- Yox, bir nəfər cəbhəçi var, ona lazımdır.
- Cəbhəçi üçün elə bir işimiz yoxdur!
Güllü pinəçidən eşitdiklərini dükançıya danışıb dedi:
- İstəyirdim ona kömək edəm!
Dükançının üzü ciddiləşdi:
- Mən də istəyərdim! – bir az fikirləşəndən sonra dedi: - Amma karamelləri şokoladlardan ayıran bir işimiz var. Yəqin ki, keçmiş cəbhəçi o işi bəyənməz.
- Bəyənər! – Deyib Güllü sevincək bayıra qaçdı. Qocaya yaxınlaşdı. Onunla bir az söhbət eləyəndən sonra onlar dükana qayıtdılar.
Səhər Güllü yenə də sevincini sinif yoldaşları ilə bölüşmək istədi. Amma bu dəfə də yenə uşaqlar ona inanmadı:
- Sən dedin, biz də inandıq!
- Mənim babam iki il olar ki işsizdir, haraları gəzməyib. Yaşlıdır deyə, ona iş tapılmır. Hər yerdə deyirlər, cavan olsaydın səni işə götürərdik.
- Kimdir balaca uşağın sözü adamı işə götürən?
Axşam şahzadə günorta elədiklərini atasına danışdı. Bir neçə gündən sonra əsgər nazirliyə çağırıldı. Ona gözəl əsgər forması və medallar təqdim olundu. Bİr də vətənə elədiyi xidmətlərə görə təqaüdü artırıldı. Amma qoca əsgər yenə də şirniyyat mağazasında işləyirdi.
- İşsiz oturnağı sevmirəm , başa düşürsən? – o Güllüyə dedi.
- Əlbəttə, başa düşürəm – deyə ağıllı qız gülümsədi.
Bir gün məktəblilərlə müharibə veteranlarının görüşü keçirilirdi. Uşaqlar zala toplaşdılar. Döşündə ulduzlar, medullar olan həmin döyüşçü tribunaya qalxdı. O cəbhə xatirəərini danışandan sonra bir xatirə də danışdı. Bunlar vaxtilə Güllünün sinif yoldaşlarına danışdıqları idi. Onda Güllü danışanda ona iyə inanmamışdılar. Cəbhəçi dedi:
- İstəyirəm Güllü ayağa qalxsın, onu alqışlayasınız!
Güllünü bütün məktəb uşaqları alqışladı. Gülünüün sevinci yerə-göyə sığmırdı.
Tədbirdən sonra hamı Güllünü əhatəyə almışdı. Hərə bir sual verirdi. Bu vaxt balaca ağ bir pişik Güllüyə yaxınlaşıb başını onun ayaqlarına sürtməyə başladı. Pişiyin boynunda ağ lent var idi. Güllü onu görən kim aşağı oturdu. Çantasını dizi üstünə qoydu. Pişik hoppanıb çantanın üstünə çıxdı. Güllü də uşaqlar da pişiyi tumarlayıb, əzizlədilər. Həmin gündən bu xeyirxah qıza münasibət tamam başqa cür oldu. Nə danışdısa inandılar:
- Sənə inanırıq, nazir qızı, - dedilər.