Özünü müdafiə
Müəllif: Gülzar İbrahimova

 

"Dəniz və sən"

Təhlükəsizlik qaydası N 1

Dəniz gözəldir. Hamını sevindirir. Onu hamı sevir. Amma bəzən dəniz çox qorxulu olur. Bunun da çarəsi var. Üzməyi öyrənmək və 3 qaydanı bilmək!

1-ci təhlükə!
Boğulmaq heç vaxt kinolarda olduğu kimi olmur. Kimsə boğulur, əllərini qaldırıb bərkdən qışqırır: “kömək ediiiin!”. Təəssüf ki həyatda çox vaxt adam sakitcə batır, hətta onun yaxınlığındakı olan bundan xəbər tutmur. Bəzən elə də olur ki, uşaq ata anasının lap yaxınlığında boğulur.Niyə? Çünki boğulan adam boğulana qədər su ilə mübarizə aparır ki, özünü xilas eləsin. Nəticədə yorulur, nəfəsi çatmır ki, kimi isə çağırsın. Hətta qışqırmaq istəsə də nəfəsi çatmır. Əlini də qaldıra bilmir, çünki əllərini qaldıran kimi suyun dibinə gedir."


Bax, ən dəhşətli ölüm belə baş verir. Səni qorxutmaq istəmirəm. İnsan özü bir şeydən qorxmursa, başqasını qorxuda bilməz. Çünki özüm üzüb haracan istəsən gedə bilirəm. Suyu sevirəm, düz may ayından oktyabr ayına qədər vaxt tapan kimi dənizə baş vururam. Uşaqlıqdan Xəzərin sahilindəyəm, indiyəcən. Dənizə məhəbbətim sonsuzdur. Səni isə sadəcə ehtiyatlı olmağa çağırıram.
Əlbəttə bunun qarşısını almaq mümkündür, sadəcə olaraq hər şeydən vaxtında xəbər tutmaq lazımdır. Necə?
 
Su sevindirdiyindən də çox kədərləndirə bilir. Ona görə də suyu sevdiyin qədər də ondan qorxmaq və ehtiyatlı olmaq lazımdır.
Bir dəstə uşaq dənizə birdən girirsə, hamı diqqətli olmalıdır. Bu zaman uşaqlar o qədər sevinir ki, bir-birlərindən xəbərsiz olur. Özündən kiçiklərə və üzə bilməyənlərə daha çox fikir vermək lazımdır. Əgər səndən kiçik qardaşın suyun altına girir, sonra təzədən görünürsə, ona yaxınlaş, niyə belə etdiyini öyrən. Unutma ki, o sənin yanında belə boğula bilər. Elə hərəkət elə ki, ömrün boyu peşmançılığının əziyyətini çəkməyəsən.

Hətta yaxşı üzə bilsən belə, ehtiyatlı ol. Altı dost, altısı da güləşçi, yaxşı üzgüçü, Gürcüstana Elat bayramına gedərkən göldə çimdilər, mənim gözümün qarşısında, onlardan biri, 17 yaşlı dünya çempionu, suda boğuldu. Belə də olur. Çünki həmin gölün dibi bataqlıq olduğundan çimmək olmazdı.    
Bir də bəzi uşaqlar dənizdə çimərkən xoşlayırlar ki, ətrafdakılar onun bütün elədiyi hərəkətlərə baxsınlar. O üzəndə, suyun altına girəndə, sualtı üzəndə, suya baş vuranda və sairə. Tez- tez deyirlər: “Mənə bax!”  və qışqırırlar. Yadda saxla: “Çimməyə girən sənə baxmağa girməyib, özü də çimmək istəyir, onu narahat eləmə. Bəziləri zarafatca qışqırır: “Boğuluram, kömək edin!”. Bax, dənizdə ən pis zarafat budur. Çoxları dəhşətli hadisəni danışanda belə deyir: “Qışqırdı boğuluram, elə bildim zarafat eləyir, fikir vermədim. Bir azdan gördüm girdi suyun altına, daha çıxmadı”.

Üzməyi öyrənmək çox asandır. Əvvəl suyun üstündə dayanmağı öyrənirsən. Sonra isə irəli hərəkət eləmək üçün əllərini, ayaqlarını hərəkət elətdirirsən. Bu heç kəsdə birdəfəyə alınmır. Amma bir neçə dəfədən sonra mütləq alınır.  

Dəniz çox dalğalıdırsa, çimmə. Dalğa vurub səni dərin yerə ata bilər. Və pis hadisələrin çoxu da küləkli, dalğalı dənizdə vaxtı olur.
Dənizə gedərkən mütləq böyüklərdən icazə al. Dənizin kənarındasansa, çimməyə gedərkən mütləq böyüklərə xəbər ver.
Yaxşı üzə bilmirsən? Onda üzdüyün yer sənə boy verirsə, ayaqların yerə çatırsa, orda sərbəst üz. Üzdün, dayanmaq istəyəndə gördün ayağın yerə çatmır, özünü itirmə, təzədən ayaqlarını yığışdır, sahilə səmt üzməyə başla. Bunu ayaqların yerə çatana qədər təkrar elə. Belə vaxt bəzən uşaqlar qorxudan batır. Sən isə qorxma!

Dənizə səhərlər saat 12-yə qədər, günortadan sonra isə 4-dən sonra getsən sağlamlığına daha çox faydası olar.
Günəş ən isti vaxtında getsən,  üzündə ləkələr əmələ gələ bilər, sonradan başağrıların ola bilər. Həmin vaxt günyandırma da çox ağrılı olur, hətta gecə dərinin yanmasından, qabığının soyulmasından yata da bilmirsən. Qaralmaq istəsən bunu yavaş-yavaş, tədricən eləməlisən.

Dənizdən həm qorx, həm də qorxma! Qorx ki, onun dəhşətlərindən uzaq olasan! Qorxma ki, sağlam olasan. Dəniz verən sağlamlığı heç bir idman növü vermir. Bir il yayda davamlı, heç olmasa həftədə bir dəfə dənizə get, çoxlu çim, qaral, həmin qış hamı qrip olacaq, sən isə onlara baxıb fikirləşəcəksən: “Görəsən mən niyəı qrip tutmuram?”. Hətta qrip olsan da yüngül tutacaqsan, tez sağalacaqsan. Həkimlik eləmirəm, amma bunları mən şəxsi həyatımdan deyirəm.
Sənə yay sevinci arzu edirəm! Və sonda bir elan:

Hər yay Sehrli Dünya abunəçilərini başına toplayır, Bakının Görədil kəndində, dəniz kənarında istirahət edir. Sərhəd qoşunlarının istirahət məkanı olan “Sərhədçi” İstirahət Mərkəzi oxucularımıza xüsusi diqqət göstərir, onlara ayrılmış sahildə bizim də istirahət etməyimizə icazə verirlər. Sağ olsunlar. Biz də orda – “SƏrhədçi”də gözəl bir yay keçiririk. Sən də bizə qoşula bilərsən! Valideyninlə gəl, istirahət eləyin, dəniz müsabiqələrində iştirak elə, hədiyyə al! Şəklimiz də bir yerdə jurnalda olsun!
Sənə yadda qalan, sevinc dolu yay arzu edirəm!

Saytın materiallarından istifadə edərkən Sehrli Dünya uşaq jurnalı saytına istinad etməyinizi xahiş edirik.

Site by Javid Sultanov Studio