Dünya Bilgiləri
Müəllif: Gülzar İbrahimova

 

 

Ən dərin okean hansıdır ?

Okeanlar bizim üçün həmişə sirr-sehr dolu bir aləm olublar. Ola bilər ki, ümumiyyətlə Yer yarananda hələ heç okean olmayıb. Bu gün insan okeanın dibində olanları öyrənmək istəyir və öyrənir. Okean dibinin altı kilometr hündürlüyündə dərin qatı dəniz heyvanlarının sümüklərindən, bitki qalıqlarından, vulkan külündən  ibarətdir. Bu qat «qırmızı palçıq» adlanır.

Okeanlar həmişə öyrənilir, onların dərinliyi ölçülür. Ən dərin okean Sakit okeandır. Onun dərinliyi 11022 metrdir.

 

Qaz nədir ?

Neçə-neçə əsrlər bundan qabaq Yunanıstanın Delfa adlı bir yerində yunanlar fikir verib gördülər ki, bir çoban heyvanları otarandan sonra özünü çox qəribə aparır. Həmin çəmənlikdən keçən adamlar isə sərxoş kimi olur, az qala dilləri tutulurdu.

Yunanlar qərara gəldilər ki, bu yerlərdə “Ruh”lar gəzişir. Sonralar məlum oldu ki, onların “Ruh” adlandırdığı naməlum qüvvə qaz imiş. Qaz əsasən yerin altında olur. Onu qaz kəmərləri vasitəsilə min kilometr uzaqlara çəkmək olur.

Getdikcə qazdan daha çox istifadə olunur. Çünki o, başqa qazlara nisbətən ucuz başa gəlir. Qaz soyuducuları, qaz istixanaları, qazla işləyən maşınlar çox sərfəlidir.

 

İlk dəfə güzgü necə yaranıb ?

 

Göl suyuna yaxından baxmısınız? Orda yəqin ki, göyün və ağacların, yaxud da öz əksinizi görmüsünüz. Qədim zamanlarda güzgünün üstünü möhkəm sürtülmüş metaldan hazırlayırdılar. Heç kəs güzgünün yaranma tarixini deyə bilməz. Yəqin ki, ilk dəfə onun yaranmasına səbəb qadın olub.

İlk dəfə güzgü qədim Yunanıstanda, sonra Misirdə və Romada yaranıb. Onlar güzgünü o vaxt balaca düzəldib ciblərində gəzdirərdilər. Uşaq ilk dəfə öz əksini görəndə necə təəccüblənərsə, onlar da güzgü təzə çıxanda elə təəccüblənirdilər. Hətta güzgü təzə yarananda adamlar bunu ruh, ya da möcüzə hesab edirdilər.

Hal-hazırda güzgünün üstünü şüşədən, arxasını isə metaldan düzəldirlər. 1300-cü ildə İlk dəfə güzgünü şüşədən düzəltmək isə venesiyalıların ağlına gəlib. Bu gün də belə güzgülərdən istifadə olunur.

 

Çay necə yaranıb ?

Elə içkilər var ki, onlar neçə-neçə min illər bundan qabaq yaranıb və indiyə qədər də sevilə-sevilə içilir.  Çay belə bitkilərə aiddir.

Çinlilər çayı 4 min il bundan qabaq tanımış və onun qədrini bilə-bilə əkib becərmişlər. Əsasən çay ticarəti ilə məşğul olmağa başladıqdan sonra Çin inkişaf etməyə başlayıb, böyük və inkişaf etmiş bir dövlətə çevrildi. Çinlilər çay kolunu Hindistandan gətirib öz vətənlərində əkdilər. Sonra isə Hindistanda və Seylonda çay plantasiyaları salındı və çay ölkəsinə böyük gəlir gətirdi.

Çay kolunun iki növü mövcuddur. Çindəki çay növünün hündürlüyü 1 metrdir. Hindistandakı çay kolunu isə kəsməyəndə onun hündürlüyü 6 metrə çatır.

 

Çox yeyənlər

 

Heç bilirsən bir gündə qarışqayeyən nə qədər qarışqa yeyir? Otuz min ədəd. İnan mənə! Bala Dili balalarına heç vaxt səhv öyrətməz. Bu həqiqətən belədir. Qarışqayeyən uğurlu ov günündə bir dəfəyə ağzına 500 qarışqa qoyur. Dişləri olmadığından qarışqanı çeynəmir, eləcə udur.

Boyu çox balaca olan yereşənlər isə ən çox yeyən canlıdır. Onların bütün günü ağzı işləyir, işləyir. Çənələri işləməkdən yorulmur. Özü də gün ərzində öz çəkilərindən iki dəfə çox yemək yeyirlər.

Bəs bilirsən hansı heyvan çəngəllə yemək yeyir? Madaqasqar adalarında, ağacda yaşayan Ay-ay adlı meymun. O ağacdan-ağaca tullananda səs çıxarır: «Ay-ay» Ona görə də onun adı elə Ay-ay qalıb. Ay-ay xoşladığı yeməyə dırnaqlarını elə batırır ki, elə bil dırnaqları iti çəngəldir.

İlanlar da çox yeyən sayılırlar. Çünki onlar da öz çəkilərindən çox-çox artıq yeyirlər. Yeməyi çeynəmir, eləcə udurlar. İlanlar  tək yaşamağı sevir. Amma soyuq qış başlayan kimi ilanlar bir yerə yığılır, yaza qədər yatırlar.

 

Nəyə görə okeanda su duzludur ?

 

Yer kürəsinə aid olan çoxlu suallar və onların çoxlu maraqlı cavabları var. Onlardan biri «Nəyə görə okeanda su duzludur?»- sualıdır. «Bu qədər duz necə və haradan tökülüb okeanlara?»

Yerdən buxar vasitəsilə göyə qalxan su yağış vasitəsilə okeanlara tökülür. Bu proses daima dövr edir.

Bütün okeanları qurutsaq yerdə qalan duzdan Yer kürəsinin ətrafına hündürlüyü 230 kilometr və eni 2 kilometr olan divar çəkmək olar.

Yediyimiz gündəlik duz, düz mənbələrindən və dəniz suyundan alınır. Təxminən bir litr dəniz suyundan 30 qram duz alınır.

 

Dəniz bitkiləri  necə yaranır ?

 

Evdə akvarium varsa, ona diqqət edin, suyun dibində və üzündə yaşıl qat əmələ gəlir.  Bu su bitkisidir. Su bitkiləri su olan yerdə əmələ gəlir. Okeanda, dənizdə, çayda, bulaqlarda, bir sözlə su olan hər yerdə.

Bəzi su yosunlarından tibb aləmində yod alırlar. Bəzən su yosunları elə nəhəng və möhkəm olur ki, ondan kanat və yaxud kəndir düzəldirlər.

Qırmızı rəngli su yosunları vardır ki , onlar suda çox miqdarda olduqda hətta suyun rəngin belə dəyişməyə, qırmızıya çalmağa məcbur edir.

 

 

 

Dondurma necə yaranıb ?

Əlli il bundan qabaq adamlar ancaq yayda dondurma yeyərdilər. İndi isə onu bütün il boyu yeyirlər.

Şərq ölkələrində ilk dəfə dondurmanı vafli stəkanlarda yeyirdilər.

Tədqiqatçı Marko Polonun dondurmadan o qədər xoşu gəlir ki, o, dondurmanın reseptini özü ilə İtaliyaya aparır. Oradan da dondurma Fransaya gəlir və şöhrətli adamların əlində və yemək rasionunda məhşurlaşır. Onlar dondurmanın reseptini sadə camaatdan gizləyir, onlara bildirmək istəmirdilər. Amma bir müddətdən sonra onun sirri açıldı. Sonra dondurma resepti Amerikaya gedib çıxdı.

İlk dəfə dondurma zavodu 1851-ci ildə Merilend ştatında Baltimorda fəaliyyətə başlayıb. Dondurma qaymaq, süd, süd məmulatları qarışığından düzəldilir. Ona hərdən yumurta da qatılır. Dadlı olması üçün vanil, şokolad, fındıq və başqa dadlı meyvələr əlavə edirlər.

Bax belə yaranıb ən çox xoşladığımız dondurma…

Eramızdan 3000 il əvvəl Çində dövlətli ailələr meyvə suyunu qar və yaxud buz ilə qarışdırıb içirmişlər.

Dünyanın ən güclü təbibi sayılan Hippokrat dondurmanın insan sağlamlığına xeyir olduğunu söyləmişdir.

 

 

İlk avtomobillər 

1490-cı ildə Leonardo da Vinçi əllə idarə olunan araba düzəldib. 1769-cu ildə Ceym Ualt ilk buxar maşınını hazırlayıb. Ualtın bu ixtirasından sonra  fransız Kinyonun buxar avtomobilləri (1770),  Trevitikin poçt karetası (1801), Hankokun buxarla işləyən minik avtomobili (1822) peyda olub.

 

      *  İlk  avtomobillər mühərrik yaranandan sonra icad olunub. 1771-ci ildə fransız mühəndisi Künyo buxarla işləyən üçtəkərli araba kəşf edib.
 
 
 
      *   İlk sürətli dördtəkərli avtomobil 1886-cı ilin payızında Daymler tərəfindən hazırlanıb. Bu avtomobil saatda 18 kilometr sürət yığa bilirdi.  
 
 
 
      *  1891-ci ildə Rene Panhard və Emil Levassor benzinlə işləyən mühərrikli avtomobil icad ediblər. 
 
 
Yol hərəkəti qaydalarının ilk pozuntusu 1893-cü il avqustun14-də Fransada protokollaşdırılıb. Bulon meşəsində bir xanım avtomobili ciddi yol qəzası doğuracaq bir sürətlə - saatda 13 km. sürətlə sürüb.
 
 
Düz 3 ildən sonra -1896-cı il avqustun 17-də Böyük Britaniyada piyada ilə ilk toqquşma  qeydə alınıb. Bu zaman avtomobil saatda 6 km. sürətlə gedirmiş. 
 
 
Avtomobillər tərəfindən təhlükəsizlik kəmərinin məcburi taxılması ilk dəfə Avstraliyanın Viktoriya ştatında tətbiq olunub. 
 
 
İsveç psixoloqları müəyyən ediblər ki, nəqliyyat vasitəsinin sükanı arxasında əyləşən adam dəqiqədə 15 dəfə qərar qəbul etməyə məcburdur.
 
 
Tormoz vasitəsilə hər dəqiqədən bir avtomobili dayandırıb, onu harın at kimi şahə qaldıran pis sürücü hesab olunur.
 
 
Ən bahalı minik maşınını ingilis firmalarından biri düzəldib. Bu maşının kabinəsində hərlənən oturacaqları olan televizor və qoz ağacından çarpayı var.
 
 
 
  Dünyada ən uzun avtomobil yolu Panamerika şosesidir. Onun uzunluğu 27.387  kilometrdir. Yol Alyaskadan başlayıb Çilidə qurtarır.
 
 

Ən enli küçə isə Braziliyanın paytaxtındadır. Onun eni 2400 metrdir.

 

 

Lift necə yaranıb ?

 

İnsanlar yüksəklərə qalxır. İndi işə və ya evə çatmaq üçün vertikal şəkildə ictimai nəqliyyat hesab edilən liftdən istifadə etmək lazım gəlir

Bir, iki, üç - getdik! Kabinə saniyədə 17 metr sürətlə  yuxarı qalxır. Burada lift  düz qapının qarşısında dayanır. Qapı astaca açılır və kabinədən mühəndis-sınaqçı çıxır. Lifti binada quraşdırmazdan əvvəl onu bir neçə dəfə sınaqdan keçirirlər. Həssas cihazlar kabinənin cüzi titrəməsini və zərbələri qeydə alır. Səs isə mikrofonla ölçülür. Lift balaca və bağlı olduğundan, çoxları burada qorxu hissi keçirir. Ona görə də elə etmək lazımdır ki, lift işləyərkən səs salmasın. İndi ikimərtəbəli, yəni iki kabinədən ibarət lift sınaqdan keçirilir. Belə liftə iki dəfə artıq sərnişin yerləşə bilər. Axı liftdə də tıxac olur.

Şəhərlər böyüdükcə, insanlar da yavaş-yavaş yüksəklərdə yaşamağa və işləməyə başlayır. Dünyada lift istifadəçilərinin sayı  üç  milyarddan çoxdur. Qədim yunan riyaziyyatçısı və mexaniki Arximed kəndir və mürəkkəb maşın sisteminin köməyi ilə hərəkətə gələn yük qaldıran maşın ixtira etmişdi. Qədim Romada qladiatorların yırtıcılarla vuruşması zamanı heyvanları meydanın mərkəzinə lift ilə çıxarırdılar. 1793-cü ildə rus mexaniki İvan Kulibin Qış sarayı üçün sərnişin liftinin konstruksiyasını təklif etsə də, insanlar ondan istifadə etməkdən dəhşətli dərəcədə qorxurdular.

Panoramalı lift daha çox iri ofis və ticarət mərkəzlərində quraşdırılır.

Qorxu hissi 1854-cü ilədək davam etdi. Həmin il amerikalı İlayşa Otis öz amansız nömrəsini nümayiş etdirdi. Otisi camaatın gözü qarşısında platformada 15 metr hün­dürlüyə qaldırdılar. Bu vaxt onun köməkçisi platformanı saxlayan kəndiri kəsdi. Platforma bir neçə santimetr aşağı endi və öz-özünə dayandı. İş burasındadır ki, Otis tormoz mexanizmini icad etmişdi. Qaldırıcı tros boşalan kimi resor dərhal düzəlir və lifti saxlayır. Düz üç ildən sonra Nyu-Yorkda ilk sərnişin lifti işləməyə başladı.

İndi hündür binaları liftsiz təsəvvür etmək mümkün deyil. Liftin işləmə prinsipi belədir: ağırlıq qaldıran mexanizmin üstündən keçən trosun bir tərəfindən kabina, digər tərəfindən isə əks ağırlıq asılıb. Əks ağırlıq mühərrikin üzərinə düşən yükü azaltmaq üçündür. Müasir konstruksiyalarda tros əvəzinə kəmərdən istifadə olunur. Belə liftlə daha yüksəyə qalxmaq mümkündür - rekord 500 metrdir. Bu cür iki lift dünyanın ən hündür binası sayılan «Bürc Dubay» göydələnindədir.

 

 

Şüşəbənd

Təsəvvür et ki, şüşə olmasaydı, insanlar hansı çətinliklərlə üzləşərdilər. Pəncərəsiz ev, eynəksiz göz...

İnsan üçün ən vacib materialların siyahısı aparılsa, şüşə, şübhəsiz ki, birincilər sırasında yer alar. Pəncərəsiz ev təsəvvür edə bilərsən? Bəs eynəksiz, güzgüsüz, stəkansız və ya butulkasız həyatı necə, təsəvvürünə gətirə bilərsən? Hələ bunlar da hamısı deyil: sanki şüşə hər tərəfdədir!

İlk baxışdan, şüşə çox sadə materialdır. Əsasını qum təşkil edir. Qumdan başqa, onun tərkibinə soda və əhəng əlavə olunur. Bu qatışıq sobada əridilir və tərkibindəki qazlar buxarlandırılır. Sonra yenə də soyudulur və 600 dərəcəyə çatanda isə tədricən donmağa başlayır.

Sanki okeanın içərisində şüşədən düzəldilmiş otaqdasan. Əslində isə bura okeanariumdur. Burada

okeanın heyvanat aləminin bütün sakinlərinə rast gəlmək olar, hətta köpək balığına da.

Odur ki, okeanariumun divarları çox möhkəm olmalıdır.

Bu üsula insanlar 5 min il bundan əvvəl yiyələniblər. Arxeoloji tapıntılar sənətkarların o vaxtlar şüşədən bəzək əşyalarının düzəltməsini sübut edir. O dövrdə şüşə ilə işləmək olduqca çətin idi: əridilmiş kütlə çox isti olurdu. Yalnız 2 min il əvvəl ağıllı finikiyalılar çıxış yolu tapa bildilər. Onlar şüşəni üfürərək çıxarmaq üsulunu icad etdilər!  Metal borucuqla qatışıqdan bir topa götürür, ciyərlərinə hava yığaraq ərinmiş şüşəni sabun köpüyü kimi üfürüb çıxarırdılar. Yumşaq kütləni formaya salaraq, gözəl stəkan və güldan əldə edirdilər.

1000 dərəcədə əridilən şüşə südə bənzəyir. Şüşə ustaları metal borucuqla ərinmiş şüşə qatışıqdan

bir topa götürülür, sabun köpüyü kimi üfürüb çıxarır, müxtəlif bəzək əşyaları düzəldirlər.

Bir çox ustalar hələ də bu üsuldan istifadə edir və şüşədən əsl sənət əsəri düzəldirdilər. Amma indi bütün bu işlər avtomatlaşdırılıb. Məsələn, şirə üçün şüşə butulkanı avtomat artıq özü üfürüb çıxarır. Pəncərə şüşəsini düzəltmək üçün isə ərinmiş kütlə metal tavaya tökülür və yayılandan sonra soyudulur.

Uzun müddət alimlər şüşənin bir çox xüsusiyyətini başa sala bilmirdilər. Məsələn, nə üçün şüşə şəffaf olur? Sən demə, bu, şüşənin tərkibindəki molekulların bir-birilə birləşməsindən asılıdır. Əllə yoxlayanda şüşə bərkdir, amma onun molekulları bir-birilə duru maddənin molekulları kimi birləşib. Şüşə molekulları metalda olduğu kimi sıra ilə yox, qarışıq, masaya tökülmüş kibrit çöpləri kimi düzülüb. Ona görə də işıq şüaları onların arasından keçir. Amma belə quruluş möhkəm deyil. Və bu, şüşənin tək çatışmayan cəhəti deyil. Şüşə nə soyuqdan, nə də istidən qoruyur. Hələ üstəlik, şüşə ən “pinti” səth hesab edilir. Onun üzəri sanki tozu, su ləkəsini, milçək izlərini özünə cəlb edir.

İnsanlar şüşənin nöqsanlarını aradan qaldırmağa çalışır. Qışda otaq isti qalsın deyə, pəncərələri iki və ya üç şüşə qatından edirlər. Həmin qatların arasındakı hava soyuğu o biri tərəfə buraxmır. Bəzən isə soyuqdan qorunmaq üçün şüşənin tərkibinə inert, yəni təsirsiz qaz da əlavə edirlər. İndi mühəndislər elə bir qeyri-adi pəncərə şüşəsinin üzərində işləyirlər ki, düyməni basanda onun arası qazla dolub onu tündləşdirsin və bununla  içəri keçən gün işığının qarşısı alınsın. Şüşənin üzərini isə çirki hopmağa qoymayan xüsusi maddə ilə örtəcəklər. Bir sözlə, şüşənin çox böyük gələcəyi var. Özü kimi şəffaf və aydın.

 

 

İlk E-Velosiped

 

 Grace adlanan velosiped dünyada ilk e-, yəni elektron –velosipeddir. Bu qeyri adi velosiped ən müasir texnologiyalar əsasında icad olunub. Soruşacaqsan ki, velosipedə mühərrik nəyə lazımdır ki? Velosiped məhz mühərrikli olduğundan ona e-velosiped deyirlər. Amma bu mühərrik velosipedin yeganə hərəkət gücü deyil, əks halda bu, velosiped yox, moped adlanardı. Mühərrik, sadəcə, adi halda sürülən velosipedin sürətini artırır. E-velosipedinin maksimum sürəti saatda 64 kilometrə bərabərdir. E-velosiped açıq havada uzaq məsafəyə səyahət edənlər üçün daha çox yararlıdır.

 

 

Nəqliyyat vasitəsi - Çanta

 Adətən, məktəblilər məktəbə piyada, avtobusla, metro və ya valideynlərinin şəxsi avtomobilinin arxa oturacağında gedirlər. Belə olduğu halda, məktəb çantası da sahibi ilə “səyahət” edir. Amma bəzən çanta kitablarla dolu olanda və məktəbə piyada gedəndə məktəbli əməlli-başlı əziyyət çəkir. Bu vəziyyətdən çıxış yolunu malaziyyalı dizayner həll etməyə çalışdı. Onun icad etdiyi Smart Baq çantası və nəqliyyat vasitəsi məktəblilər üçün əsl tapıntıdır.

 

 

 

Saytın materiallarından istifadə edərkən Sehrli Dünya uşaq jurnalı saytına istinad etməyinizi xahiş edirik.

Site by Javid Sultanov Studio