Şahzadə və Cırtdan

Müəllif: Gülzar İbrahimova

Biri vardı, biri yoxdu, bir şah vardı. Uzun illər şahın övladı olmurdu. Amma günlərin bir günü şah sevindi. Onun qəşəng bir qızı oldu. Ona qırx dayə ayırdılar ki, tərbiyə eləsin. Qırx həkim ayırdılar ki, sağlam böyüsün.
Şah bir an da olsa qızından ayrı qalmırdı. Qulluqçular qızın başına dolandıqca şahzadə ərköyünləşir, sözə baxmırdı. On iki yaşı olmağına baxmayaraq oxumur, şıltaqlığından yazmaq öyrənmirdi.
Bir gün şahzadə bağda gəzəndə həmişəki kimi qaçıb ağacların arasında gizləndi. Onu axtarıb tapıb nə görsələr yaxşıdır... Şahzadə huşsuz halda uzanıb əncir ağacının altına.
Hay düşdü. Şaha xəbər çatdı ki, nə durmusan şah, yeganə balan əldən gedir. Qızı saraya gətirdilər. Ona nə olduğunu heç kəs başa düşmədi. Şah zülüm-zülüm ağlayıb dedi:
- Ey gözümün işığı, nə oldu sənə? Bəlkə səni ilan çaldı? – deyə şah uşaq kimi ağlayıb soruşsa da, qızından səs çıxmadı.
- Əmr edirəm, şahzadəni sağaldın! Balamı sağaldana, ona özü ağırlığında qızıl verəcəyəm. Amma heç bir təbib, heç bir loğman qızın dərdinə çarə tapa bilmədi. Çünki ona nə olduğunu başa düşə bilmirdilər. Şah dayələrin qırxını da zindana saldırıb dedi:
- Səhlənkarlığınıza görə şahzadə sağalana qədər zindanda qalacaqsınız. İşdi sağalmazsa, hamınız edam olunacaqsınız!
Handan-gecdən şahın qızı özünə gəldi. Amma nə faydası... O nə danışa bilirdi, nə bir qurtum su içə bilirdi. Elə hey ağlayırdı.
Şahzadə ağlamaqda olsun, sizə kimdən deyək, kimdən danışaq, Küpəgirən qarı ilə İfritdən. Onların da öz dərdi vardı. Elə ki Küpəgirən qarı eşitdi şahın qızı dərdə düçar olub, bütün günü ağlayır, dedi:
- İfrit, əlimizə yaxşı fürsət düşüb!
- Nə fürsət, qarı?
- Cırtdandan xilas olmaq fürsəti! Elə eləyək ki, şah özü Cırtdanı edam elətdirsin!
- De görək ifritə başına indi nə girib?
- Dərviş paltarı geyinib gedirsən şahın hüzuruna. Deyirsən, rəml atıram, fala baxıram! Fala baxıb deyərsən, qızının ağlamağını kəssə, Cırtdan kəsəcək!
- Əhsən sənin süpürgə ağlına! İnanmasa, məni zindana saldırsa? Bəs onda nə olacaq?
- İnanacaq! Cırtdan qızı sağalda bilməyəcək, şah da onun boynunu vurduracaq!
- Dediyin danqa başıma çatdı! Gedirəm! Cırtdan məni də bezdirib.
İfrit paltarını dəyişib şahın hüzuruna getdi.Hər şeyi İfritə qarı deyən kimi elədi. Şah İfritə inanıb Cırtdanı hüzuruna çağırtdırdı:

- Cırtdan qızımın ağlamağını kəssən, sənə çoxlu qızıl verəcəyəm!

- Şah sağ olsun, təbib deyiləm, dərman bilmirəm, şahzadəni necə sağaldım, - deyə Cırtdan məəttəl-məttəl dedi.
- Həkim olmasan da fal göstərir ki, qızımı sən sağaldacaqsan. Sağaltmasan, boynun vurulacaq!
Cırtdanı şahzadənin yanına apardılar. Şahzadə ağlayır, elə ağlayırdı.
- Nə olub, niyə ağlayırsan? - Cırtdan qıza yaxınıaşıb yavaşca dedi:
Şahzadə bir anlığa sussa da, sonra yenə başladı ağlamağa.
- Ağlamağını dayandırmasan, mənim boynum vurulacaq!
Şahzadənin Cırtdana yazığı gəldi. O Cırtdanı tanıyırdı. Onun qəhrəmanlıqlarını eşitmişdi. Bu Cırtdan o Cırtdan idi ki, İfritlə Küpəgirən qarının başına oyun açmışdı. Bu Cırtdan o Cırtdan idi ki, meşədə uşaqları divin əlindən qurtarmışdı. İstəmirdi atası ona görə Cırtdanı cəzalandırsın. Ağlamağını əməlli dayandırdı. Cırtdan dedi:
- Görürsən, istəyəndə ağlamırsan. Bir az səsini kəs, şah məni buraxsın, çıxım gedim.
Şahzadə susdu. Şaha xəbər çatdı ki, Cırtdan qızın ağlamağını kəsdi. Şah əmr etdi ki, Cırtdanın hədiyyəsini verib yola salsınlar.
Cırtdan qıza “sağ ol” deyib getmək istəyəndə, gördü şahzadə ağrıdan ikiqat olub, bərkdən ağlamasa da, gözlərindən qan-yaş tökür. Cırtdanın qıza yazığı gəldi. Onu bu halda qoyub getmək istəmədi. Dedi:
- Şahzadə, ağacın altına gələndə nə oldu ki, sən huşunu itirib yerə yıxıldın? Məni anlada bilsən, həkimlərə deyərəm, dərdinə çarə taparlar.
Şahzadə dilini göstərib nəsə anlatmağa çalışdı. Cırtdan başa düşməyib ətrafdakılara dedi:  
- Şahzadəyə qələm verin, nə baş verdiyini yazsın, bilim.  
Şahzadə yazıb-oxumaq bilmir, dedilər.
- Necə? Şah qızı bu yaşda yazı-pozu bilmir? 
- Bilmir, bilmir, öyrənməyib!
- Onda aparın şahzadəni həmin ağacın altına!
Cırtdan deyəni elədilər. Cırtdan orda da Şahzadəyə eyni sualı verdi. Şahzadə cavab verməyib yenə ağlamağa başladı.
Bu vaxt hardansa bir arı uçub gəldi. Arını görən şahzadə ağlamağını kəsib yerindən sıçradı. Onu Cırtdana göstərib həyəcanla nəsə başa salmaq istədi. Arını göstərib qarnını tutdu.
Sən demə, qız ağacdan əncir dərib ki, yesin, əncirin içərisindəki arı dilini çalıb, sonra da uçub qarnında gizlənib.
Cırtdan başa düşdü ki, qızın qarnında arı var, dilindən də arı sancıb. Cırtdan bilirdi ki, arı bal xoşlayır. Harda bal qoxusu hiss eləsə uçur, ora gəlir.
Cırtdan qızın dilinin ucuna bir balaca bal qoydu. Qızın qarnındakı arı bal qoxusu hiss edən kimi “vızz” eləyib qızın qarnından düz uçdu gəldi qondu dilinin ucuna.
Cırtdan şiş papağını çıxarıb elə bərkdən qızın dilinə çırpdı ki, arı daha bal yeməyə çatdırmayıb uçdu. Şahzadə ağlamağını dayandırıb belini də dikəltdi.
- Sağ ol Cırtdan, məni ölümdən qurtardın!  -   Qız Cırtdana təşəkkür edib sevincək atasının yanına qaçdı.   
Şah qızını sağlam görüb çox sevindi. Cırtdana çoxlu hədiyyə verdi.Dayələri də zindandan azad elədi.    
Şah qızı ondan sonra yazmaq-oxumaq öyrəndi, daha savadsız qalmadı. Özü isə Cırtdanla dostlaşdı. 
Xəbəri eşidən İfritlə Küpəgirən qarı yanıb-yaxıldılar.
Göydən üç əncir düşdü. Əncirin biri nağıl danışanın və nağıla qulaq asanların oldu. Yedilər, yedilər, hələ nağıla qulaq asmayanlara da qaldı. İkinci əncir İfritin, üçüncü əncir isə Küpəgirən qarının oldu. Onlar ənciri diri-diri uddular. Sən demə, onların əncir payının içərisi arı ilə doluymuş...