Fidan, Küpəgirən qarı və Sehrli timsahın nağılı

Müəllif: Gülzar İbrahimova

Fidan adlı balaca bir qız var . Bir gün qızın nənəsi xəstələnir. Fidan soruşur:
- Nənə, neyləsəm sağalarsan, səni öpsəm sağalrsan?
- Yaxın gəlmə, xəstəliyim sənə keçər! Zoğal çayı içsəm sağalaram!
- Baş üstə nənə, indi sənə zoğallı çay verərəm!
Fidan nə qədər axtardı, zoğal tapa bilmədi. O bilirdi zoğal kəndin yanında meşədə olur. Meşə kəndə yaxın idi. Fidan meşəyə yollandı. Ağaca çıxıb zoğal yığdı. Qayıtmaq istəyəndə yolunu ifritə qarı kəsdi:
- Qəşəng qız, hardan gəlirsən?
                     Fidan ovcundakı zoğalları qarıya göstərdi:
- Zoğal yığmışam, nənəmə aparıram!
- Pis nənən var, evdə oturub, səni meşəyə göndərib!
Nənəmə pis demə! Sənsən pis, -  deyə Fidan hirsləndi:
İfritəyə də elə bu lazım idi. Bəhanə axtarırdı qızı oğurlasın.
- Mənə pis dedin? – deyib torbasını açdı, Fidanı qışqırda-qışqırda torbaya salıb mindi süpürgəsinə, apardı komasına. Fidanı torbadan çıxarıb dedi:
- Nə istəsən sənə alacağam, mənimlə qal!
- Qala bilmərəm, Mənə başqa nənə lazım deyil!
Qarı qəşəng hədiyyələr verdisə də, qızı aldada bilmədi. Qarı hirslənib tilsim oxudu. Bu vaxt komanın həyətində boyük, qorxulu bir timsah peyda oldu. Küpəgirən qarı dedi:
- Sehrli uçan timsahımı sənə verirəm. Hara istəsən səni aparar.
- İstəmirəm! – deyə Fidan qışqırdı.
Küpəgirən qarı səsini yavaşıtdı:
- Timsahın qulağına pıçıldayıb nə istəsən, o saat həmin şey qarşında olur.
- Dedim istəmirəm!
- Tərslik eləsən, timsah səni yeyəcək! – deyə İfritə qarı qəzəblə qışqırdı.
- Mən səndən qorxmuram!
Fidan timsaha yaxınlaşıb yaylığa bükdüyü zoğalları onun yanına qoydu:
- Timsah, xahiş edirəm, bu zoğalı nənəmə çatdır, xəstələnib, içsin, sağalsın!
Sehrli Timsah Küpəgirən qarıya dedi:
- İncitmə qızı, o yaxşı qızdır! Gör nənəsini necə çox istəyir!
- Kəs səsini, yoxsa indi səni də, o “ağıllı” qızı da daşa döndərərəm!
Timsah qəzəbləndi, quyruğunu qaldırıb İfritə qarını elə vurdu ki, İfritə qarı süpürgəsiz uçdu.
Fidan Timsahın başını tumarladı, zoğalı götürüb nənənin yanına qaçdı. Başına gələnləri ona danışdı. Nənə qorxudan yataqdan dik qalxdı:
- Aman, xəstəliyim sənə də keçdi, qızdırmadan sayaqlayırsan. Tez yatağa gir! – Belə deyib nənə zoğal dəmlədi, suyunu Fidana içirtdi. Fidan dedi:
- Yaxşı nənə, indi ki, mən də xəstəyəm, onda qoy səni çoxlu öpüm! – deyib nənəsinin o üzündən, bu üzündən öpdü.