“Sehrli Dünya” 1 yaşında

Müəllif: Gülzar İbrahimova

Uşaqların “Gülzar nənə” kimi tanıdığı jurnalın təsisçisi və redaktoru Gülzar İbrahimova deyir ki, “insan sevdiyi işdən yorulmaz»

Artıq bir ildir ki, “Sehrli Dünya” adlı jurnal nəşr olunur. Bu bir ildə demək olar ki, heç bir jurnala bənzəməyən, maraqlı, uşaqlar üçün vacib bir dərgi işıq üzü görür. Həm səhifə sayı, həm rəngarəngliyi, həm fərqli rəssam işi, həm də şirin yazıları ilə balalarımızın görüşünə gələrək onları sevindirir.
Bir ili uğurla başa vuran kollektiv jurnalın nəşrinin ən çətin dövrünü adlayıb. Uşaqların “Gülzar nənə” kimi tanıdığı jurnalın təsisçisi və redaktoru Gülzar İbrahimova “Sevdiyi işdən insan yorulmaz! Biz də yorulmamışıq,  oxucularımızın sayı artdıqca, bizə təzə enerji gəlir” deyir.

Ermənilərin verdiyi ideya

- “Sehrli dünya”  təzə nəşr olunanda redaksiyamızın kollektivi jurnalı səhifələyə-səhifələyə fikir yürütdü: “Beş-altı ay çəkməz, o da bağlanar!”. Amma inanın, hər dəfə köşkdə “Sehrli dünya”nın yeni sayını görəndə çox sevinirdik. Jurnalın taleyi tirajdan da asılıdır. Tirajınız  sirr deyilsə nə qədərdir?
- 3000 tirajla çıxırıq. Abunəçi artımı da hər ay  var. Jurnal tanındıqca oxucu sayı artır. Sadəcə yay mövsümü yenicə qurtarıb. Yayda isə bütün jurnalların tirajı düşür. Sentyabrda yenə stabilləşir.
- Bildiyimə görə, oxucularınız həm məktəblilər, həm də bağça yaşlı uşaqlardır. Valideynlərdən “jurnal mənim uşağımın yaşı üçün çox sadədir və ya çox mürəkkəbdir” deyə bir şikayət olubmu?
- Biz 5-12 yaş əhatəsində bütün uşaqların zövqünü tutmağa çalışırıq. Qələm əhli yaxşı bilir. Bir maraqsız və ya səhv yazının gücü çatır ki, neçə illərin oxucusunu qəzetdən, ya jurnaldan həmişəlik uzaqlaşdırsın.  Bizim hər yaş qrupuna xüsusi yanaşmamız var. Məsələn, jurnalımızda 5-6 yaşlı uşaqların səviyyəsi ilə xalq yaradıcılığı üslubunda Cırtdanın yeni sərgüzəştlərini  yazıb yerləşdiririk. Uşaqların fikrinə görə pis alınmır. Daha bir az böyük –yəni 10-12 yaşlılar üçün isə müasir üslubda fantastik hekayə yazıram.
- Jurnalda ən çox xoşlanılan rubrika hansıdır?
- Nağıllar!
- Nağıl indi çox kitabda, çox jurnalda var. Niyə hesab edirsiniz ki, uşaqlar jurnalınızı məhz nağıllara görə xoşlayırlar.
- Bu suala başqa cür cavab vermək olardı. Yeni rubrikalarımızın adını çəkə bilərdim. Deyə bilərdim, “Huşsuz baba” rubrikasını xoşlayırlar, “Gizlənpaç oyunu”nu daha çox xoşlayan var, “Həyat labirinti” var, yeni bir rubrika, onu deyə bilərdim. Amma həqiqətən də jurnalımızı uşaqlara daha çox sevdirən məhz nağıllardır. Burda onlar eksklüziv jurnal üçün yeni yazılmış nağıllar tapırlar.
- Öncədən necə bilirsiniz ki, hər hansı nağılı jurnala yerləşdirsəniz mütləq uşaqlara xoş gələcək?
- 15 ildən çoxdur uşaqlar üçün yazıram. Artıq uşaqlar üçün yazdığım 30-dan çox nağıl, hekayə, tapmaca kitablarım var. Hesab edirəm, hardasa uşaqlarla dil tapmışam. Bir də ANS PRESS-in dərgisi olan “Bala Dili” jurnalı yaranandan 6 il həmin jurnalda işləmişəm. Uşaqlara “Bala Dili”ni tanıtdırıb sevdirmişəm. Ona görə ki, daima oxucularla  ünsiyyət qurub onların fikirlərini öyrənmişəm. Bilmişəm nəyi xoşlayırlar, nəyi yox, nəyi sevirlər və ya nə onlar üçün maraqsızdır? Həmçinin xalq nağıllarını analiz eləmişəm. “Niyə uşaq Cırtdanı xoşlayır, Şəngülümü xoşlayır, dəfələrlə böyüyünə söylətdirir?” - deyə öz-özümə sual verib, məhz həmin nağıl tərzinə uyğun nağıllar yazmağa başlamışam. Əsas da çalışmışam ki, nağıl sadə dildə olsun, uşağı yormasın, onu sevindirsin, həyəcanlandırsın. Buna müəyyən qədər nail olmuşam. Jurnala şirinlik gətirən nağıldır, hekayədir. Jurnal öyrədici olsa da, yorucu olmamalıdır. Bəzən uşaq jurnalına elə ciddi tapşırıqlar qoyurlar ki, o uşağı nəinki dincəldir, hətta jurnaldan uzaqlaşdırır. Rəngarəng uşaq kitablarında elə nağıllar çap edirlər ki, uşaq nağıllardan, hətta həmişəlik mütaliədən uzaqlaşır.
- Cırtdanın təzə nağıllarını mən də oxumuşam. Heç də xalq nağılımız Cırtdandan geri qalmır. Bəs bu ideyalar ağlınıza hardan gəlir?
- Düzünü desəm, bu ideyanı mənə ermənilər verib. Bu necə olub, deyim... Ermənilər öz Open Armenii saytında Azərbaycan nağıllarını və mənim nağıllarımı müzakirə edəndə Cırtdanımızı təhqir eləmiş, “bunların milli qəhrəmanlarına bir baxın, karlikdir, kütün biridir”, demişdilər. Mən də onların bu sözündən sonra durmadan Cırtdanın yeni sərgüzəştlərini yazıram, görək ondan sonra Cırtdanımızdan nə yazacaqlar.
- Bir də gördün dedilər elə Cırtdan bizim qəhrəmandır, nağılı da bizim nağıldır...
- Təəccüblənmərəm.
- Jurnalda mənə qəribə gələn “Sirusla Virusun” hekayəsi oldu. Bir dəfə Sizin İctimai Radioda çıxışınızı eşitdim. Düzü maraqlandım. Aparıcı gözəl bir təklif irəli sürdü: “Niyə elə məhz “Sirusla Virus” haqda uşaq filmi, ya cizgi filmi çəkilməsin?” Hardan gəlib Sirusla Virus ideyası sizə?
- Nizami Gəncəvi”nin “Xeyir  və Şər” poemasından. Xeyirlə Şərin mübarizəsi, Xeyirin qalib gəlməsi. Həmin obrazları müasirləşdirib, uşaq dilində hekayəyə çevirmişəm. Dostların biri yaxşı, o biri pisdir. Sirus ağıllı, xeyirxah, Virus isə paxıl və ziyankardır. Daima pisliyə səmt gedir. Sirus isə öz yaxşılıqları ilə onu düzgün yola çəkir.
Onları kompyuter dünyasına səfərə yollamışam. Hər dəfə bir ölkədə olur, başlarına müxtəlif sərgüzəştlər gəlir. Dostlar Kosmosa, Ağıllılar, Səfehlər, Mikroblar, Yalançılar ölkəsinə, bir sözlə, hər dəfə bir ölkəyə səfərə yollanırlar. Hər dəfə də başlarına bir hadisə gəlir. Hadisələrin ardıcıllığını oxucular hər nömrədə izləyirlər. Sözün düzü, vaxt azlığından bəzən fantastik hekayəni çox qısa yazıram. Amma uşaqlardan soruşanda jurnalda ən çox xoşunuza gələn nədir? Nə vaxt ki “Sirus və Virusun sərgüzəştləri”- deyirlər, onda, lap xəcalət çəkirəm. Özümü qınayıram ki, niyə çox yazmamışam.

Bu da ziyan

- “Jurnalın buraxılmasında nə çətinliyiniz var?” sualını qorxa-qorxa verirəm. Çünki bütün jurnalların ən böyük problemi maliyyə çətinliyidir. Maliyyə çətinliyindən başqa hansı problemlərlə qarşılaşırsınız?
- Şikayətim yayım şirkətlərindəndir. Hər ayın birində jurnalın yeni nömrəsi göndərilir ofislərinə, satılanın pulunu ödəmək zamanında isə redaksiyanı get-gələ salırlar. Hər ay xahiş eləməlisən ki, satılan jurnalın pulunu ödəsinlər. Geri qaytarılan jurnal isə elə yararsız halda olur ki, onu kiməsə pulsuz da vermək mümkün olmur. Üstəlik içərisinə qoyduğun hədiyyə də yoxa çıxır. Bu da ziyan. Bundan başqa uzaq yerlərə, məsələn, Naxçıvana jurnal göndərmək imkanımız yoxdur. İstərdik Gürcüstandakı balalarımız da zəhmətimizin bəhrəsini görsünlər. Həmin yerlərdə bu cür uşaq jurnalları çox azdır.
Amma bir yazıçı kimi mənə ən çox pis təsir edən bir amil var.  Özünüz də yaxşı bilirsiniz ki, yaradıcı insanların həyatında müəyyən illər var ki, həmin illərdə daha məhsuldar olurlar. Mən də həmin məhsuldar illərimi yaşayıram. Təvazökarlıqdan uzaqlaşıb fəxrlə deyə bilərəm ki, kitabxanalarda mənim kitablarımı o qədər oxuyurlar ki, kitab yararsız hala düşür, bununla belə yenə oxunur və oxunur.
- Bəs yorğun olanda necə dincəlməyə üstünlük verirsiniz?
- Özümü yorğun hiss edən kimi saytımdakı oxucularımla məktublaşıram. Yaxşı ki, məni sevən oxucularım var. Onlar məni dincəldir, sevindirir, yeni yazılar yazmağa ruhlandırır. Siz də “gülzarnene.com” saytında ürəkdən yazılmış sevgi dolu məktubları oxuya bilərsiniz. Ümidim böyükdür, inşallah, oxucularım böyüyər, jurnalımızı sevə-sevə yaşadarlar. Onların içərisində çox istedadlı uşaqlar var.
- Maliyyəniz hesabına buraxılan jurnal sizcə nə vaxt özünü doğruldacaq? Tirajınız nə qədər olsa, ziyanla işləməzsiniz?
- Yəqin ki, tirajımız on minə çatsa, nəinki ziyandan çıxarıq, hətta gəlirlə işləyə bilərik. Gəlirlə işləyəcəyimiz təqdirdə də məqsədimiz gəlir götürmək yox, yenə də həmin gəliri balaların sevincinə həsr eləməkdir.

Uşaq sevinci

- Jurnalınızın perspektiv planlarına nə daxildir?
- Cari planla işləyirik, perspektiv planımız ürəyimizdədir. Maliyyə imkanımız yol verən kimi ona da başlayacağıq. Bununla belə deyə bilərəm ki, Oktyabr  ayında Qafqaz Universitetində Türk xalqlarının uşaq ədəbiyyatı ilə bağlı Konqresi keçiriləcək. Həmin Konqresə dəvətliyik. Konqresin Təşkilat Komitəsinə təkliflər toplusu göndərmişik ki, jurnalımızın PDF formasını  Konqres iştirakçısı olan türk dövlətlərinə hədiyyə edək.
Məktəblərdə, uşaq evlərində mütəmadi tədbirlərin keçirilməsi, 1 İyun Uşaq Günündə böyük konsertlər hazırlayıb keçirmək... Ümumiyyətlə, uşaqlarla tədbirlər keçirməyi, onlara sevincli bir gün bəxş etməyi çox xoşlayıram. Bu çox əziyyətli bir işdir. Amma mən bu işi sevdiyimdən əziyyətini də sevirəm. Maliyyə imkanlarımız çoxaldıqca jurnalın qaliblərinə verəcəyimiz hədiyyələrin daha maraqlı olmasına çalışacağıq.
- “Kiçik Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyi necə, jurnala maddi cəhətdən kömək edə bilirmi?
- “Kiçik Dünya” İctimai Birliyimizin gördüyü işlər də maliyyə problemindən asılıdır deyə, kütləvi tədbirlər keçirməyə qadir olmayıb, tədbirlərini məhdud çərçivədə keçirir. Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına layihə təqdim etmişik. Təsdiq olunarsa, radioda jurnalımızın adı ilə “Sehrli Dünya verilişi açacağıq. Bu həm uşaqlar üçün əyləncəli bir veriliş olar, həm də jurnalımızın reklamına təsir edər.  Satış düzgün təşkil olunarsa, geri qayıtma az olar, jurnal ziyanla işləməz. Sevinirəm ki,  Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi jurnalımızı ayrı-ayrılıqda müzakirə ediblər, bəyəniblər, uşaqlara oxumağı tövsiyə ediblər. Bu bir yaşı olan jurnal üçün böyük uğurdur.
- Təkə bircə reklamınız var.
- Jurnalı yaşadan reklam olsa da, onu maraqsız edən də reklamdır. O ki qaldı uşaqlar üçün olan jurnala, reklam səhifələri xoşlamıram. Amma uşaqların mənafeyinə çalışan reklamları təmənnasız yerləşdirməyə hazıram.
- Bu qədər maliyyə xərcləyib sərmayəni heç olmasa götürə bilirsinizmi?
- Səmimi deyirəm. Yox!
- Bu qədər məsuliyyət – jurnalın hər ayın 1-i satışda olması, mətnlərin maraqlı olmasına çalışmaq, rəssam işinin yüksək təşkili, hər nömrəyə hədiyyə qoyulması, hər həftə sonu oxucularla Dövlət Sərhəd Qoşunlarının “Sərhədçi”sində tədbir keçirmək, gecəli-gündüzlü əziyyət... Gəlirin isə yaxın gələcəkdə  işıq yeri görünmür. Bəs sizə çatan nədir ki, bu tikanlı yolda ayaqyalın gedirsiniz?
- Uşaq sevinci!
- Bir yaşınızı təbrik edib sizə bol-bol uşaq sevinci arzu edir, sevinciniz bol olsun, deyirik!


T.Məhərrəmova

Kaspi.- 2012.- 13 sentyabr.- S.11.