Pyeslər

Müəllif: Gülzar İbrahimova

Vəfalı dostlarla sehrli cinin nağılı

 

        
Nağıl haqda qısa məlumat - İbrahim adlı yetim oğlan çobanlıq edir. O gözəl muğamat və ya mahnılar oxuyur. Həmişə sürünü otaranda tütək çalır və oxuyur. Bir dəfə göydə yaşayan cin onun oxumağını eşidir, çox xoşuna gəlir. İbrahimi oğurlayır, sehrli xalçasına otuzdurub onu göyə qaldırır. İbrahim əvvəl cin üçün oxumaq istəmir, cin onu dostlarını öldürməklə hədələyir. İbrahimin əlacı kəsilir və cinin təklifini qəbul edir. Dostları çox əziyyətdən sonra cini məhv edib, İbrahimi xilas edirlər və ).

İştirak edənlər:

İbrahim - 10-12 yaşında yetim uşaq. Çobanlıq edir. Əyin başı cır-cındır içərisində.

Şahin və Şahanə - qardaş-bacı. 13-14 yaşlarında

Nənə - İbrahimin nənəsi 60-65 yaşlarında, üzü nurlu qarıi

Tutu - Rəqqasə - 13-14 yaşlarında qəşəng bir qız.

Qara cin- qara, tüklü, buynuzlu, eybəcər, qorxulu məxluq.

Pərdə açılır

Birinci səhnə.

 

 

Dərə, yaşıllıq, bir tərəfdə bulaq. Bulağın üstündə su içmək üçün sərnic qoyulub. Yaşıllıqda qoyun sürüsü otlayır. İbrahim əlində çomaq, o tərəf bu tərəfə qaçır, sürünü otarır, arabir tütək çalır, mahnı oxuyur. (Muğamat və yaxud da hər hansı bir həzin mahnı, layla və s.)

İbrahim əyilir bulaqdan su içməyə. Şahin və Şahanə daşın dalında gizləniblər. İbrahim oxuya-oxuya onlara yaxınlaşır. Uşaqları görəndə diksinir. Oxumağını dayandırır.

İbrahim: - Siz kimsiz, neyləyirsiz burda?

Şahin: - Meşəyə gəzməyə gəlmişdik, səsini eşitdik, oxumağın çox xoşumuza gəldi.

Şahanə: - Yaxın gəldik ki, səsini yaxşı eşidək!

Şahin: - Gizlənmişdik ki, sənə mane olmayaq! Sən doğrudan da çox gözəl oxuyursan!

Şahanə: - Səsin də çox gözəldir!

İbrahim utanır, başını aşağı salır.

Şahin: - Yəqin belə qəşəng oxumağı sənə atan öyrədib!

Şahanə: - Nə bilirsən bəlkə anası öyrədib?

İbrahim: - (bikef-bikef) Mənim nə atam, nə də anam var.

Şahin: - Bəs onlar haradadır?

İbrahim: - Onlar zəlzələdə ölüblər. Balaca yaşımdan yetim qalmışam.

Şahanə: - Bəs kiminlə qalırsan?

İbrahim: - Nənəmlə.

Şahin: - Yəqin o da qocalıb.

İbrahim: - Həm qocalıb, həm də xəstədir, Ona görə də kəndimizin heyvanlarını otarıram, birtəhər dolanırıq.

Şahanə: - Düz eləyirsən İbrahim, sən çox yaxşı oğlansan!

Şahin: - Mənim təklifim var. Gəlin üçümüz dost olaq!

Şahanə sevindiyindən hoppanıb düşür.

Şahanə: - Bu lap əla olar. Dostdlaşarıq, Biz tez-tez elə burda -bu bulaq başında görüşərik. İbrahimin gözəl-gözəl mahnılarına qulaq asarıq.

İbrahim: - Əlbəttə, bu yaxşı olar. Mən də bütün günü tək darıxıram. Nə qədər qoyun-quzu ilə danışmaq olar? Hər kəsin dostu olmalıdır! İstəyirsiz axşam bizə gəlin, nənəm qoğal bişirəcək, siz də isti-isti yeyərsiz, nənəm çox məzəli söhbətlər eləyir, siz də qulaq asarsız!

Şahin: - Gələrik, axı bu gündən belə biz dostuq. Sonra sən də bizə qonaq gələrsən.

Şahanə: - Bizim isə qəşəng tutuquşumuz var, gəlib görərsən. O elə gülməlidir ki...

İbrahim: - Gələrəm, mütləq gələrəm!

Şahanə: - İbrahim sən dostluğa aid mahnı bilirsən?

İbrahim: - Əlbəttə bilirəm!

Şahin: - Oxuya bilərsən o mahnını?

İbrahim : - Oxuyaram!

Az fasilədən sonra İbrahim dostluq haqqında bir mahnı oxuyur. Şahin və Şahanə də ona qoşulub birgə oxuyurlar. Həmin mahnı tamaşa boyu səslənir.

Pərdə bağlanır.

İkinci səhnə.

 

 

Kənddə daxma. (Səhnədə daxma şəkli) Daxma hündür ağaclarla əhatə olub. Hadisələr həyətdə vaqe olur. Təndir. Təndirin ətrafında odun. Bir tərəfdə samovar. Nənə təndirdə qoğal bişirir. İbrahim də bir tərəfdə oturub. O qoğal götürür. Əli yandığından qoğalı süfrəyə qoyur. Qoğalı soyudub ləzzətlə yeyir.

Nənə nəvəsinə cürbəcür yanıltmaclar deyir.

Nənə: Gümüş meşədən tapdı sancaq

Sən demə gümüşdü sancaq

Sancağı saçından asdı

Sancaq saçdan düşdü qaçdı

Qaçdı-qaçdı qaçdı sancaq

Dərə-təpə dolaşdı sancaq

Gün batan kimi qorxudan

Yenə də asıldı saçdan.

İbrahim nənənsindən eşitdiyi yanıltmacları təkrar etməyə çalışır. Çaşan kimi nənəsinə irad tutur.

İbrahim: Gümüş meşədən tapdı sancaq

Sən demə gümüşdü sancaq,

Sancağı saçından asdı

Sancaq dərə-təpə aşdı

Gün batana qədər qaçdı

Qaçdı, qaçdı, qaçdı, qaçdı

Qaçdı, qaçdı, qaçdı, qaçdı.

Nənə, bir az asanlarından de də... Adamın yadından çıxır.

Nənə: (Gülür) Ay səni saqqalın ağarsın. Mən qocayam, amma sənin yaddaşın yoxdur. Ondan asan nə var ki? Bax yenə deyirəm, görüm bu dəfə yadında qalacaq?

Gümüş meşədən tapdı sancaq

Sən demə gümüşdü sancaq

Sancağı saçından asdı

Sancaq saçdan düşdü qaçdı

Qaçdı-qaçdı qaçdı sancaq

Dərə-təpə dolaşdı sancaq

Gün batan kimi qorxudan

Yenə də asıldı saçdan.

İbrahim : Hə indi mənə qulaq as, hamısını əzbər deyəcəyəm!

Nənə: De, boyuna qurban, de!

İbrahim: Gümüş meşədən tapdı sancaq

Sən demə gümüşdü sancaq

Sancağı saçından asdı

Sancaq saçdan düşdü qaçdı

(Bu vaxt İbrahimin dostları Şahin və Şahanə gəlirlər). İbrahim şer deməyini saxlayır. Nənə və İbrahim qonaqları qarşılamaq üçün ayağa qalxırlar.

Şahin: Salam!

Şahanə: Salam!

İbrahim: Salam uşaqlar!

Nənə: Əleykəsəlam uşaqlar! Xoş gəlib, səfa gətiribsiz!

İbrahim: Nənə, axşam sənə təzə dostlarımdan danışırdım ha onlardılar - (Şahini göstərir) Şahin, (Sonra isə Şahanəni göstərir) Şahanə.

Nənə: (yaxınlaşır uşaqlara onların üzündən-gözündən öpür) Həmişə mehriban olun, balalarım! Dostluğunuz 3-5 günlük yox, həmişəlik olsun! Dost dar gündə tanınar. Dostunu mənə göstərsən, sənin necə adam olduğunu deyərəm. Dostu çox olanın dar günü az olar!

İbrahim: Nənə, İndi xeyli dostluqdan misallar deyəcəksən, uşaqlar da qoğallara baxa-baxa qalacaqlar. (Hamı gülüşür)

Nənə: Hə bala, sevindiyimdən lap özümü itirmişəm, oturun, isti qoğaldan yeyin, qonağımız olun. Mən də sizə samovar salım!

(Uşaqlar bardaş qurub təndirin ətrafında əyləşirlər. Ləzzətlə qoğal yeməyə başlayırlar.)

(Nənə ayağa qalxır, samovara yaxınlaşır. Maşanı götürüb samovara odun salır, üfləyir).

İbrahim oturub uşaqların yeməyinə tamaşa edir.

Şahanə: Bax nənə samovar salır, biz yeyirik, hərə bir işlə məşğuldu, bir sən bekarsan, bəlkə bizə bir mahnı oxuyasan?

İbrahim: Mahnı oxumağa həvəsim yoxdur!

Şahin: Niyə ki? Bəlkə kefsizsən?

İbrahim: Mən dağda-kəsəkdə oxumağı xoşlayıram. Fikirləşirəm ki, bəlkə səsim kiminsə xoşuna gəlmir? Bəlkə kim isə yatıb oxusam yuxudan durar?

Nənə: (İş görə-görə) Yox a bala, qonum-qonşunun sənin səsindən xoşu gəlir. Neçə dəfə mənə deyiblər ki, nə olar İbrahim bir az tez-tez oxusun...

Şahanə: Görürsən, bəhanə gətirmə, oxumaq istəmirsənsə, bu başqa məsələ!

İbrahim: Yox, yox, incimə, bu saat oxuyaram! (İbrahim oxumağa başlayır, əvvəlcə həzin bir mahnı sonra isə şən, dostluq haqda mahnı.

 

Pərdə bağlanır.

 

Üçüncü pərdə.

Yenə meşə. Bulaq başı. İbrahim sürüsünü otarır. Hündür bir yerdə dayanıb tütək çalır, arabir mahnı oxuyurdu. Hərdən də bir əlini gözünün üstünə qoyub yola baxır.

İbrahim: Görəsən Şahinlə Şahanə harda qaldı? Axı sözləşmişdik hər səhər burda görüşək?

Sonra özü-özünü sakitləşdirdi.

İbrahim: Yəqin harda olsalar indicə özlərini çatdırarlar bura.

(Yenə də tütək çalmağa başladı. Birdən hər tərəf qaraldı. Tütək səsi kəsildi. İbrahim vahimə içərisində o tərəf, bu tərəfə qaçır. İldırım çaxır, qorxulu səslər gəlir. Səslər bir azdan kəsiləndən sonra yenə həmin səhnə. İbrahim yerə uzanılı vəziyyətdə. Dirsəyi ilə üzünü örtüb. Qorxa-qorxa ətrafa baxır.

Səhnədə cin görünür. Tüklü, qorxulu, qara cin. Qara cin uçan xalçanın üstündə dayanıb. Xalça tərpənir. Güya uçan xalçadır və cin onun üstündə uçub gəlib. İbrahim onu görəndə əlləri ilə üzünü tutub «aman!» qışqırır. Cin xalçanın üstündən düşüb oğlanın yanına gəlir. Oğlanın hərəkətindən qəzəblənən cin onun üstünə qışqırır.

Qara cin: Mən məgər bu qədər qorxunc oldum ki, məni görüb qorxursan?

İbrahimin qorxudan səsi çıxmır.

Qara cin: Səsin niyə çıxmır? Bayaqdan quşlara aman vermirsən,nə oldu səsin birdən batdı? Məni bura gətirən sənin səsindi, oxumağındı. Nə var bu qupquru dağlarda oxuyursan, yaxşısı budur gedək mənim malikanəmdə oxu, məni feyziyab elə, səni dünyanın ən varlı müğənnisi edərəm!

İbrahim: Bura qupquru dağlar deyil, mənim elim, obamdır. Kəndimin gözəl dağlarıdı. Burda oxumaq mənə əzizdir.

Qara cin: Burda oxumaqla sənə nə çatır? Amma mənim yanımda oxusan sənə özün ağırlığında qızıl verərəm!

İbrahim: Mən bu dağları heç bir var-dövlətə, heç bir qızıla dəyişmərəm!

(Qara cin yaxınlaşır oğlana onun çənəsini ovcuna alır, hədələyir. Danışa-danışa cürbəcür qorxulu hərəkətlər edir. Gah oğlana yaxınlaşır, gah uzaqlaşır, gah əllərini yana açıb oğlanın üstünə gəlir, gah onun başına fırlanır və s. Bu müddətdə qorxulu maznı çalınır).

Qara cin: Hələ bu vaxta qədər mənim bir kəlməmi iki eləyən olmayıb. Mən deyirəmsə harda oxumalısan, necə oxumalısan, sən mənə yalnız «baş üstə» deyə bilərsən. Yoxsa sənin dediyin bu el-obanı, bu gözəl saydığın dağları bir anda yandırıb külünü göyə sovuraram.

İbrahim: Rədd ol, burdan eybəcər cin! Mənim kəndimdə sənin kimi şeytana yer yoxdur!

Qara cin: Ah belə, deməli sən məndən qorxmursan! (Cin əlini hərəkəti ilə bir fokus göstərir. İşıqlar sönür, ortada bir qırmızı işıq fırlanır. Qırmızı işıq hərttərəf)

İbrahim: (qorxu içərisində) Yox, mənim kəndimə, onun adamlarına, nənəmə, dostlarıma dəymə, harda istəyirsən, nə qədər istəyirsən sənin üçün oxumağa razıyam!

Qara cin: Deyəsən ağıllanırsan! Ona vaxt itirməyək, haydı çıx sehirli xalçamın üstünə!

Cin və İbrahim sehrli xalçanın üstünə qalxırlar. (Yenə də qorxulu səslər. İbrahim qışqırır. İldırım çaxır, qorxulu səslər davam edir. Bu qorxulu səslərin içərisindən İbrahimin sakit-skait qəmli mahınısı eşidilir. Güya xalça uçur. Bu zaman xalça rəsmi olan tablo qaranlıq səhnədə o tərəf bu tərəfə də uça bilər. Və yaxud da Cin və oğlan xalçanın üstünə çıxa bilərlər və orada dura bilərlər. Onlar hərdən əyilir.Hərdən qalxırlar. Güya xalça uçur. Tam qaranlıq olanda səhnə işıqlanır. Yenə də birinci səhnə. Uşaqlar - Şahin və Şahanə heç nədən xəbərləri olmadan səhnəyə daxil olurlar. Onlar İbrahimi çağırırlar. İbrahimdən səs çıxmayanda onu axtarırlar.

Şahin: Görəsən İbrahim hara gedib?

Şahanə: Axı İbrahim qoyun-quzunu başsız qoyub heç yana gedə bilməz?

Şahin: Özü də bilir ki, biz səhər-səhər burada görüşməliydik!

Şahanə: Bu onun sürüsüdür. Görürsən sürü dağlara, dərələrə səpələnib. Yazıq heyvanlar elə bil başsız qalıblar. Hərəsi bir tərəfə səpələnib. (Qoyun-quzu mələrtisi gəlir).

Şahin: Bəlkə İbrahmin başına nəsə gəlib?

(Qız nigaran-nigaran, qorxu içərisində əlini ağzına aparır)

Şahanə: Görəsən İbrahimə nə olub?

Şahin: Bilmirəm, amma hər halda biz bunu öyrənməliyik! Gəl qayıdaq kəndə.

Şahanə: Heyvanları burda sahibsiz qoymaq olmaz, gərək onları da qaytaraq kəndə.

Şahin: Düz deyirsən!

Pərdə bağlanır.

Dördüncü səhnə.

 

 

İbrahimgilin həyəti. Şahin və Şahanə həyətə girib nənə ilə salamlaşırlar.

Şahin: Salam nənə!

Şahanə: Salam!

Nənə uşaqları görəndə sevinir. Onları evə dəvət edir.

Nənə: Qurban olum sizə, əleykəsalam! Necəsiniz? Darvazanın ağzında durmayın, evə keçin!

Uşaqlar bir-birlərinə baxırlar. Bilmirlər nənədən İbrahimin yerini necə soruşsunlar ki, o nigaran qalmasın.

Şahin: Nənə, biz kəndin heyvanlarını dağdan gətirdik ki, azmasınlar.

Şahin: Sizinkini də gətirmişik.

Nənə: (şübhə ilə uşaqlara baxır) İbrahim hardadı ki?

Şahin: İbrahim heyvanları buraxıb hara isə gedib!

Nənə: (Səsini ucaldır) Mənim balam kəndin heyvanlarını başlı-başına buraxıb heç yerə gedə bilməz. Vay, balamı qurd-quş yedi.

Nənə bərkdən çığırıb dizlərinə çırpır. Uşaqlar onu sakitləşdirmək istəyirlər. Amma qarının huşu gedir, yerə yıxılır.

Musiqi səsi. Başlarını itirmiş uşaqlar o tərəfə bu tərəfə qaçırlar.

 

Pərdə bağlanır.

Beşinci səhnə.

Göy, buludların arası. Xalçanın üstü. Cin oturub xalçanın bir tərəfində, yarıuzanmış vəziyyətdə. Əlinin altında qəfəs. Qəfəsdə tutuquşu. İbrahim yenə də oxuyur. Cin ona qulaq asa-asa birdən yuxulayır və xoruldamağa başlayır. Bu vaxt səs gəlir.

Tutuquşunun səsi: İbrahim, İbrahim!

İbrahim oxumağını dayandırıb, təəccüblə ətrafa boylanır.

İbrahim: Kimdir məni çağıran?

Tutuquşu: Mənəm!

İbrahim səs gələn tərəfə - yəni qəfəsə baxır. Qəfəsdəki tutuquşu ilə danışmağa başlayır.

İbrahim: Sən məgər danışırsan?

Tutuquşu: Danışıram, İbrahim, danışıram, kaş lal olaydım. Eşidirəm də kaş kar olaydım, sənin belə yanıqlı-yanıqlı oxumağını eşitməyəydim. Cin məni də oğurlayıb, özünün əsiri eləyib.

İbrahim: Zavallı quş, de, nə köməyim dəyə bilər sənə?

Tutuquşu: Eh oğlan sənin özünə kömək lazımdır. Sən böyük bir tilsimkara rast gəlmisən! Elə bilirsən onun əlindən sağ çıxan olub? Bu elə pis bir cindir ki, yalnız pislik eləyəndə ürəyi sakitləşir. Ondan rəhm gözləmə!

İbrahim: Bilmirsən onu necə məhv eləmək olar?

Tutuquşu: Bilirəm. Amma onu yalnız yerdəki adam eləməlidir. Sən isə burda əsirsən, heç istəsən də yerə enə bilməzsən!

İbrahim : Zavallı tutuquşu! Sən də mənim kimi əsir düşmüsən!

Tutuquşu: Mən tutuquşu deyiləm, mən də sənin yaşda bir qızam. Gözəl rəqs eləyirdim. Bir gün hardansa cin eşidər ki, mən yaxşı rəqs edirəm. Məni oğurlayıb gətirər bura. Bir ildir ki, mən cinin əsiriyəm.

İbrahim: Bəs niyə tutuquşu olmusan?

Tutuquşu: Mən cin üçün rəqs eləmək istəmədim, ona görə məni tutuquşuya döndərib.

İbrahim: Zavallı qız! Nələr gəlib başına sənin? Yəqin doğmaların üçün çox darıxmısan? Dostların yadına düşüb?

Tutuquşu ağlaya-ağlaya deyir.

Tutuquşu: Əlbəttə!

İbrahim bir az da quşa yaxınlaşıb yavaş səslə soruşdu.

İbrahim: İstəyirsən açım qəfəsi, səni azad edim?

Tutuquşu: Əlbəttə İstəyirəm! Amma qorxuram, məni azad eləsən onda cin səni öldürə bilər.

İbrahim: Onsuz da azad eləməsəm də, eləsəm də bir gün məni öldürəcək, ona görə yaxşısı budur olar ki, səni heç olmasa azad edim.

Tutuquşu: Yox, İbrahim, mən səni burda cinlə bir yerdə qoyub getmək istəmirəm!

İbrahim qəfəsin qapısını açır, quşu götürüb göyə (səhnənin içərisinə qaranlığa) atır və deyir.

İbrahim: Uç get, heç olmasa sən salamat qal! Burda qalsan ikimiz də öləcəyik! Bircə dostlarıma çatdır ki, mən onları çox sevirəm. Cin üçün çoxlu mahnı oxuyacağam ki, o heç vaxt dostlarımı daşa döndərib tilsimə sala bilməsin!

Tutuquşu uçub gedir. Uzaqdan səs gəlir.

Tutuquşu: Deyərəm, İbrahim deyərəm. Sən çox yaxşı oğlansan! Sağ ol, İbrahim, sağ ol!

İbrahim: Sağ ol!

Bu vaxt cin yuxudan oyanır. İbrahimə qışqırır.

Cin: Sənə demədim oxu, niyə dayanmısan?

İbrahim: Mən daha sənin üçün oxumayacağam!

Cin: Ah belə....

Birdən cinin gözünə boş qəfəs dəyir. Qəzəblə qışqırır.

Cin: Özbaşına küçük! Sən nə cürətlə mənim tutuquşumu uçurtmusan? Yəqin ölmək vaxtın çatıb! İndi səni bir dəfəyə udaram, ağlın başına gələr.

İbrahim məğrur-məğrur dayanıb. O heç nədən qorxmadığını cinə göstərmək istəyir. Cin ona hirslə baxıb deyir.

Cin: Deməli sən məndən qorxmursan!

İbrahim: Yox, qorxmuram!

Cin İbrahimə yaxınlaşıb yavaş səslə ondan soruşur.

Cin: Bəlkə sən burda darıxırsan?

İbrahim onun səmimiliyinə inanır. O da ürəyindəkiləri cinə söyləyir.

İbrahim: Darıxıram, nənəm üçün də, dostlarım üçün də yaman darıxıram!

Cin səsini qaldırır.

Cin: Nənəni yox, o qocalıb, əldən düşüb, göydə onun üçün çox çətin olar. Amma dostlarını söz verirəm ki, mütləq bura gətirəcəyəm.

Bunu eşidən kimi İbrahim qışqırdı.

İbrahim: Yox, dəymə mənim dostlarıma , dəymə onlara! Bütün günü sənin üçün oxuyaram, tək sən bircə onlara toxunma!

Cin bərkdən gülür.

Cin: Ha-ha -ha! Ha -ha -ha! İndi isə gəl gedək mənim yerdəki evimə orda bir yerdə ilan yağı içək, güclənək!

İbrahim qışqırır: Yox!

Pərdə bağlanır.

 

Altıncı səhnə.

Kənd səhnəsi. Şahin və Şahanə bikef-bikef kötüyün üstündə oturublar. Bu vaxt onlar qarşılarında bir tutuquşu görürlər.

Şahin: Bax, Şahanə, tutuquşuya bax!

Şahanə: Necə gözəl quşdur!

İşıq quşun üstünə düşür. Və birdən həmin yerdə bir qız peyda olur.

Şahanə qışqırır.

Şahanə: Aman!

Şahin: Sən kimsən qız, bir az bundan qabaq bir quş idin, indi canlı bir adamsan. Gəl bu sirrdən bizi də agah elə!

Tutuquşu, yəni Tutu adlı qız: Mənim adım Tutudur. Sehrli cin məni oğurlayıb tilsimə salmışdı və Tutuquşuya döndərmişdi. O sizin dostunuz İbrahimi də tilsimə salıb göyə, öz malikanəsinə aparıb.

İbrahim adını eşidəndə dostlar hər ikisi bir ağızdan dedilər:

Şahin və Şahanə: İbrahim?

Tutu: Bəli, İbrahim. O cinin əsiridir. Bütün günü cin üçün mahnılar oxuyur.

Şahin: Nahaq yerə oxuyur, cin məni əsir aparsaydı da onun üçün oxumazdım.

Şahanə: Mən də!

Tutu: Onu qınamayın, cinlə bacarmaq çox çətindir. Mən də cin üçün rəqs eləməkdən boyun qaçırdım. Onda o qəzəblənib məni tutuquşuya döndərdi. Amma cin İbrahimi hədələyir ki, əgər onun üçün mahnı oxumasa dostlarını yəni sizi daşa döndərəcək! Ona görə də İbrahim yalnız sizin xətrinizə cinə itaət edir.

Şahanə: O necə də etibarlı dostdur.

Şahin: Biz onu xilas eləməliyik! Görəsən necə eləyə bilərik bunu?

Tutu: Mən bunun yolunu bilirəm! Siz dediklərimə əməl etsəniz biz cinə qalib gələ bilərik!

Şahin: De, bacı, biz hər bir əziyyətə dözərik, təki dostumuzu xilas edək!

Şahanə: Əlbəttə de, Tutu!

Tutu: Cini necə məhv etməyin yolunu mən bilirəm.

Şahin maraqla soruşur.

Şahin: Nə yoldur elə?

Şahanə bir az da yaxın gəldi.

Şahanə: Nə yol?

Tutu: Cin yemək yemir, onun əvəzinə ayda bircə dəfə yerdəki evinə düşüb, sandıqda gizlətdiyi şüşədən bir qurtum ilan yağı içir. Bu da onu güclü, sehrli, tilsimkar edir. O İbrahimə də o yağdan içirəcək ki, tilsimə salsın. Amma biz vaxtında yetişib İbrahimi Tilsimkarın əlindən xilas elməliyik!

Şahin: Əlbəttə, biz dostumuzu darda qoya bilmərik!

Şahanə: Ona mütləq kömək elməliyik!

Tutu: Bunun üçün bizə ilan zəhəri lazım olacaq.

Şahanə təəccüblənir.

Şahanə: Nəyə lazımdır ki, ilan zəhəri?

Tutu: Biz cindən qabaq onun evinə gedəcəyik. Onun içdiyi ilan yağının içərisinə ilan zəhəri tökəcəyik.

Şahanə qorxu içərisində soruşur.

Şahanə: Onda cin öləcək?

Şahin: Qoy ölsün!

Şahanə: Qoy ölsün! Amma bizim əlimizlə yox!

Tutu: Yox, uşaqlar qorxmayın, ilan yağı ilə zəhərinin qarışığını içəndə cinin yalnız tilsimi sınacaq və onun əlindən heç bir sehr gəlməyəcək. Yəni nə göyə uça biləcək nə də ki İbrahimə gücü çatacaq. Qalacaq elə qışqıra-qışqıra. Yalandan hədə-qorxu gələ-gələ.

Şahanə: Hə, bu olar!

Şahin: Bəs biz ilan zəhərini hardan tapacağıq?

Tutu: Başqa çarəmiz yoxdur, gərək özümüz diri ilan tutub onun zəhərini çıxaraq!

Şahanə: Bu da çx qorxuludur!

Şahin: Başqa yolumuz yoxdur. Gərək belə edək!

Tutu: Onda vaxt itrməyək, Getdik ilan ovuna!

Şahin: Getdik!

Şahin və Tutu yola düzəlmək istəyəndə Şahanə onları dayandırır.

Şahanə: Dayanın! Bir şey yadıma düşdü. Axı nənəmizin həmişə dizləri ağrıyanda o ilan zəhərindən düzəlmiş dərman çəkir dizlərinə.

Şahinin də yadına düşdü.

Şahin: Düzdü, düzdü, həmin dərmana da heç vaxt əl vurmağa qoymur ki, dəyməyin, ilan zəhəridir, ölərsiz!

Tutu: Elə isə vaxtımız boş-boş ilan ovunda keçməz. Zəhəri götürüb tez cinin evinə yollanarıq. Siz burda dayanın, mən gedim, bu saat həmin zəhəri oğurlayıb gətirim!

Şahin: Get, bacı, get gətir!

Şahanə qaça-qaça gedir. Bir azdan əlində bir şüşə qayıdıb gəlir.

Uşaqlar İbrahimi xilas eləmək üçün yola düzəlirlər.

 

Pərdə bağlanır.

 

Yeddinci səhnə

Koma. Bir tərəfdə sandıq. Küncdə toratan, hörümçək. Divarda buynuzlar, pələng və ya qoyun dərisi. Və sairə və sairə, bayquş səsi gəlir, bir küncdən tüstü çıxır. Qorxulu musiqi. Uşaqlar qorxa-qorxa evə girirlər. Bu vaxt uşaqlardan birinin ayağının altında (oyuncaq) pişik qalır. Pişik qışqırır. Tutu təşviş içərisində sandığı açır və istəyir ordan nəsə götürsün, tez qışqırıb onu örtür. Şahin soruşur.

Şahin: Nə vardı orda qorxdun?

Tutu: Sandığın içərisi siçanla doludur!

Şahanə qışqırıb, əlləri ilə üzünü tutur.

Şahin üzünü Tutuya tutub soruşur.

Şahin: Siçandan qorxursan?

Şahanə: Mən olsaydım ürəyim getmişdi. Tutu hələ ürəklidi.

Şahin: Çəkilin kənara, özüm sandığı açaram!

Şahin sandığın qapağını qaldırır. Sandıqdan siçan səsləri gəlir. Qızlar qışqırışıb kənara çəkilirlər. Şahin hər iki əlini sandığa salır və onun içərisindəki şüşə qabı götürmək istəyir. Bu vaxt sandıqdakı siçanlar ona hücums edib əllərini didişdirirlər. Şahin sandıqdakı şüşəni götürmək istəyir, siçanlar ona imkan vermirlər. Beləliklə, uzun çarpışmadan sonra Şahin qalib gəlir və sandığın içərisindəki şüşə qabı götürə bilir. Amma Şahin qollarını sandıqdan çıxaranda onun qolları və əlləri qan içərisində. (Şahin sadığın içərisində əllərini qırmızı rəngə batırır. Güya sehrli siçanlar onun qollarını didişdiriblər).

Şahanə ağlamsınır.

Şahanə: Can qardaş, nə oldu sənə?

Şahin: Heç nə olmayıb mənə! Mən dostumun yolunda hər şeyə hazıram!

Tutu: Afərin, sənə Şahin!

Şahanə əlindəki qabı Tutuya verdi. Tutu tez şüşəni onun əlindən alır. Paltarından bir az cırıb Şahinin qollarını sarıyır. Sonra isə sandıqdan çıxardığı şüşənin qapağını açıb dedi.

Tutu: Şahanə ver zəhəri!

Şahanə əlində tutduğu qabı Tutuya verdi: Al!

Tutu onları qatışdırıb təzədən Şahinə verdi və bu dəfə şüşəni sandığa qoyanda siçanlar səslərini də çıxarmadılar.

Elə bu vaxt ildırım çaxdı, gah hava işıqlaşdı, gah da qaranlıq çökdü. Tutu uşaqları sakitləşdirdi.

Tutu: Tez gəlin gizlənək, deyəsən Cin gəlir!

Uşaqlar qaçıb evin dalında gizləndilər. Hər yan işıqlaşanda Cin əlindəki böyük bir torbanı yerə qoydu. Bir də hava qaranlıqlaşıb işıqlaşanda tamaşaçılar görür ki, torbadan İbrahim çıxdı. Onun qolları bağlı idi. Cin iri addımlarla evində dolaşıb deyir.

Cin: Bax ğura isə mənim yerdəki sehrli evimdir. Burda mən cürbəcür tilsimli bitkilər, dərmanlar saxlayıram ki, onları içim hamıdan güclü olum.

İbrahim: Sənin gücün kimə lazıfmdır ki, hamının səndən zəhləsi gedir. Hamı sənə lənət oxuyur.

Cin: Kəs səsin küçük. Bir azdan sən də mənim kimi olacaqsan. İlan yağı içəndən sonra sən də insanlara nifrət edəcəksən, hamıdan güclü olmaq istəyəcəksən. Hamıya paxıllıq edəcxəksən. Amma indi belə danışırsan.

İbrahim: Mən heç ən içən deyiləm!

Cin: Əvvəl hamı sənin kimi deyir, sonra isə özləri ilan yağı içmək üçün özləri bura gəlirlər. Amma tələsmə, qoy əvvəl mən içim, sonra sən içərsən! Ha -ha -ha !

İbrahim: Lənətə gələsən!

Cin: (Yaxınlaşıb İbrahimin yaxasından tutur). Bir də heç vaxt belə demə! Yoxsa səni elə gəbərdərəm ki, gözəl oxumağına da baxmaram.

(O İbrahimi bir küncə itələyir. Sonra isə sandığı açır ki, şüşədən yağ içsin. Sandığın içinə baxanda məəttəl qalır).

Cin: Maraqlıdır, bu siçanlar şüşəni qorumaq əvəzinə yatıblar. (Şüşəni götürüb başına çəkir. Qorxulu mahnı. Hava qar alır, işıqlaşır, göy guruldayır, ildırım çaxır. O şüşədəki məhlulu içən kimi yerə yıxılır. Uşaqlar gizləndikləri yerdən çıxıb İbrahimin qolundan tutub onu qaldırırlar. İbrahim dostlarını görüb sevinir. Onlar qucaqlaşırlar).

İbrahim: Dostlar, siz necə də etibarlısız! Amma cin oyanmamış tez burdan gedin!

Tutu: O daha gücsüzdür. Heç nə eləyə bilməz! Tilsim sınıb.

İbrahim qəribə nəzərlərlə qıza baxıb dostlarından soruşdu:

İbrahim: Bəs bu qız kimdir, səsi tanış gəlir, amma tanıya bimirəm.

Şahanə: O Tutudur. Səninlə bir yerdə cinin əsiri olub. Həm də bizə o yol göstərib ki səni xilas edək!

İbrahim Tutunu qucaqlayır və yaxud əllərindən tutur.

İbrahim: Bu sənsən, Tutuquşu, bəs necə oldu tilsimin sındı?

Tutu: Hər şeyi sənə danışaram. İndi isə bu evdən qaçmaq vaxtıdır. Tilsim sınır, ev uçub başımıza tökülər.

Şahanə: Həm də İbrahimin nənəsinin gözləri yoldadır. Gedək onu da sevindirək!

Uşaqlar xorla:

Şahin: Gedək!

Şahanə: Gedək!

Tutu: Gedək!

 

Pərdə bağlanır.

 

Səkkizinci pərdə.

Nənə başını yaylıqla bağlayıb həyətdə oturub. Dizlərinə döyür, ağlayır.

Nənə- Görəsən mənim İbrahim balam harda qaldı?

Elə bu vaxt Şahin, Şahanə, Tutu və arxalarınca da İbrahim həyətə girirlər.

Nənə uşaqları tanımır deyə əllərini gözlərinin üstünə qoyub diqqətlə onlara baxır. Şahanə irəli gəlib deyir.

Şahanə: Nənə muştuluğumu ver, sənə xoş xəbərim var!

Şahinlə Tutu İbrahimin qarşısında dururlar.

Nənə: A qızım, bunan sonra mənim xoş xəbər nəyimə lazımdır? İbrahim kimi gül,şəkər nəvə itirmişəm.

Şahanə: Elə xəbərim də sənə gül-şəkər nəvəndəndir!

 

Nənə həyəcanlanır.

Nənə: Muştuluğun məndə, a qızım, de xəbərini!

Şahanə geri dönüb İbrahimi göstərir.

Şahanə: Hə nənə, muştuluğu hazırla! Nəvən İbrahim sağ-salamat qayıdıb.

Nənə: Aman Allah, dualarımı eşitdin! Şükür sənə!

Nənə, nəvə qucaqlaşırlar. Uşaqlar nənəni qucaqlayıb təbrik edirlər.

Nənə uşaqları oturdur samovarın yanında ki onları çaya qonaq eləsin. Elə birinci stəkana samovardan qaynar su tökür, onu yaxalayır, atır bir tərəfə. Sən demə həmin tərəfdən cin yavaş-yavaş uşaqlara tərəf gəlir ki, yenə İbrahimi oğurlasın, nənə də bilmədən onun üstünə qaynar su atır. Qaynar sudan qorxan cin qışqıra-qışqıra qaçır.

Cin: Vay yandım, vay yandım!

Uşaqlar gülüşürlər. Çay içə-içə İbrahim mahnı oxumağa başlayır. Tutu da rəqs eləməyə başlayır. Şahin və Şahanə, nənə onlara qoşulub çalıb oynayırlar. Hər dəfə də cin onlara yaxınlaşmaq istəyəndə onu qorxudub qovurlar.

Teatr şən sonluqla qurtarır.

Son.