Kitab karvanı Qazaxda

Müəllif: Gülzar İbrahimova

“Uşaq kitabları – İpək yolu ilə” regionlararası kitab karvanı dünən Qazax rayonunda olub.
Mədəniyyət və Turizm Nazirliyinin verdiyi xəbərə görə, Qazax rayon Mədəniyyət evinin qarşısında müxtəlif nəşriyyatların kitab və jurnallarından ibarət 920 nüsxə kitab kolleksiyası rayon oxucularına səyyar sərgi vasitəsi ilə nümayiş etdirilib.
Tədbirdə Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova, rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Valeh Vəliyev, F. Köçərli adına Respublika Uşaq kitabxanasının direktor müavini Zahirə Dadaşova, şair İlyas Tapdıq, “Tumurcuq” qəzetinin baş redaktoru Səməd Məlikzadə, uşaq yazıçısı Gülzar İbrahimova, kitabxanaçılar, rayon Uşaq Yaradıcılıq Mərkəzinin kollektivi, uşaq bağçaları, şəhər  1, 2, 3, 4, 5 saylı orta məktəbin müəllim və şagird kollektivi, mədəniyyət işçiləri, rayon ictimaiyəti, yerli KİV-lərin nümayəndələri iştirak ediblər.
MKS-nin direktoru Solmaz Babanlı kitabsevərləri salamlayaraq kitabın insanın, yeniyetmələrin həyatında necə mühüm rol oynadığını qeyd edib.
F. Köçərli adına Respublika Uşaq Kitabxanasının direktor müavini Z. Dadaşova deyib ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən “Uşaq kitabları – İpək yolu ilə” regionlararası tədbirin məqsədi əhalinin, uşaqların kitaba, mütaliəyə həvəsinin artırılması, informasiya boşluğunun aradan qaldırılması, kitabxana-informasiya xidmətinin əhatə dairəsinin genişləndirilməsidir.
Sonra tədbirdə şair İlyas Tapdıq çıxış edərək saz-söz ocağı, qədim Qazax elini, obasını salamlayıb, Qazağın Azərbaycanın mədəni, ictimai həyatında  öz xüsusi yeri olduğununu vurğulayıb, körpə uşaqlara elmin, texnikanın inkişafında yüksək nailiyyətlər qazanmaq üçün çoxlu kitablar oxumağı tövsiyə edib.
Uşaq yazıçısı Gülzar İbrahimova tədbir iştirakçılarına yeni əsərləri haqqında məlumat verib və “Sehirli dünya” jurnalını kitabxanaya hədiyyə edib.
Tədbirdə uşaq yazıçıları yeni kitablarını balaca oxuculara bağışlayıblar.
Sopnra Qazaxın saz-söz ustadlarır, şəhər Uşaq Yaradıcılıq Mərkəzinin üzvləri müxtəlif rəqslərlə çıxış ediblər, balaca fidanların, körpələrin ifasında mahnılar oxunub, nağıl qəhrəmanlarının paradı, müxtəlif müsabiqələr keçirilib, məktəblilər  vətənə, kitaba, mütaliəyə dair şeirlər söyləyiblər.
Tədbirin sonunda maraqlı viktorinalar keçirildi və səyyar sərgidə nümayiş etdirilən kitab və jurnallarından ibarət 920 nüsxə  kolleksiya Qazax rayon MKS-nə hədiyyə edilib.