“Sehirli dünya” jurnalının Yeni il buraxılışına həsr olunan tədbir keçirilib

Müəllif: Gülzar İbrahimova

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Sehirli dünya” uşaq jurnalı çoxsaylı oxucusu ilə bayram tədbiri keçirib.
Gün.Az xəbər verir ki, Azərbaycan dövlət müstəqilliyinin 20-ci ildönümü, Prezident İlham Əliyevin 50 illik yubileyi, Dünya Azərbaycanlılarının Həmrəylik Günü, qarşıdan gələn Yeni il və “Sehirli dünya” jurnalının Yeni il buraxılışına həsr olunan mərasimdə jurnalın baş redaktoru, “Kiçik Dünya” uşaqların maarifləndirilməsinə kömək İctimai Birliyinin sədri, yazıçı Gülzar İbrahimova jurnal haqda ətraflı məlumat verib.

“Artıq 4-cü sayı çapa hazır olan “Sehirli dünya” jurnalı az bir vaxtda balaların sevimli jurnalına çevrilib. 48 səhifəlik rəngli jurnal hazırda 3000-ə qədər oxucu yığıb. Jurnal 5-10 yaşlı uşaqların maarifləndirilməsi, zehninin inkişafı üçün 48 səhifəlik, aylıq jurnaldır”.

Onun sözlərinə görə təzə nağıl və hekayələr, fantastik macəralar jurnalı daha maraqlı edir.

“Jurnalın az bir vaxtda tanınıb sevilməyi üçün içərisinə hər ay hədiyyələr qoyulur. 1-ci nömrəyə nağıl kitabı, 2-ci nömrəyə nağıl diski, 3-cü nömrəyə hekayələr kitabı hədiyyə qoyulub”.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin professoru, “Uşaq ədəbiyyatı” dərsliyinin müəllifi Qara Namazov uşaqlara həsr olunan jurnalın nəşrini yüksək qiymətləndirib, öz tövsiyələrini də əsirgəməyib. Q.Namazov çıxışının sonunda bildirib ki, uşaqlar üçün Yeni ildə 200 səhifəlik “Uşaq şeirləri toplusu” çapdan çıxacaq.