Yazıçı Gülzar İbrahimova ilə məktəblilərin görüşü keçirilib

Müəllif: Gülzar İbrahimova

Bu gün Respublika Kitab klubu Bülbül adına orta-ixtisas musiqi məktəbi uşaqlarının yazıçı Gülzar İbrahimova ilə görüşünü keçirib. Görüşdə tanınmış uşaq yazıçısı Oqtay Rza çıxış edərək yazılarını "Gülzar nənə" təxəllüsü altında yazan Gülzar ibrahimova yaradıcılığının uşaq ədəbiyyatı üçün əhəmiyyətindən danışıb. Tanınmış şair, tərcüməçi İlyas Tapdıq isə bildirib ki, uşaqlar “Gülzar nənə” nağıllarını oxumaqla, həm tarixi hadisələrlə tanış ola bilər, həm də tarixi şəxsiyyətləri öyrənmək imkanı qazanarlar.

Yazıçı Zərəngiz Dəmirçi uşaq ədəbiyyatının son inkişafından danışaraq “Gülzar nənə” yaradıcılığının təkrarsızlığından söz açıb. Dəmirçi yazıçı xanımın Abdulla Şaiqin layiqli davamçısı olduğunu vurğulayıb. Tədbirdə çıxış edən Yazıçılar Birliyi Uşaq Ədəbiyyatı seksiyasının müdiri, yazıçı Qəşəm Nəcəfzadə, Əliağa Vahid adına kitabxananın rəhbəri Sədaqət Seyidzadə yazıçının uşaq ədəbiyyatının inkişafı sahəsindəki rolundan danışıblar.

Yazıçı Gülzar İbrahimova tədbirə yığışanlara gördüyü işlər haqqında danışaraq, onları yenicə çapdan çıxan 4 kitabı - “Tapmacalar, “Hansı peşəni seçim”, “İlin neçə fəsli var”, “Mən daha böyüyəm” kitabları ilə və şef redaktor olduğu “Bala Dili” jurnalının son nömrəsi ilə tanış edib. Adları çəkilən kitab və jurnallardan kitab klubuna, qonaqlara və bütün uşaqlara hədiyyə edilib.