Lətifələr

axtarış:  uşaqlar üçün, lətifə, anekdot, yumor

 

- Solaxay olmağın səni bezdirmir?
- Yooox! Hərənin bir eyibi var. Bax, sən çayı hansı əlinlə qarışdırırsan?
- Sağ əlimlə!
- Görürsən? Amma çox adam çayı qaşıqla qarışdırır!  

*****

Telefon zəng çalır. Dəstəyi 5 yaşlı Səməd götürür.
- Atanı, ya da ananı telefona çağır!
- Evdə yoxdurlar!
- Onda bacını çağır.
- Bacım çox ağırdı, beşikdən çıxara bilmirəm! 

*****

Bir gün bir uşaq dəniz sahilində gəzir. Birdən bir lampa görür və lampaya təpik vurur. Lampanın içindən bir Cin çıxıb deyir:
Sən məni neçə illik məhrum olduğum azadlığa çıxardın. İndi məndən nə istəyirsən, de!
- Üzr istəyirəm... Üzr istəyirəm!

*****

Sərnişin gəmisi adanın yanından keçir. Sərnişinlər adada uzun saç-saqqallı, üst-başı cırıq, arıq adam görürlər. O, sahildə ora-bura qaçır, əllərini yellədir, atılıb-düşür. Sərnişinlərdən biri kapitandan soruşur:
- Kimdir o? Nə deyir elə?
- Bilmirəm, 20 ildir burdan keçirəm, hər dəfə biz burdan keçəndə belə qəribə hərəkətlər edir.

*****

-  Direktor sözünü geri götürməsə, məktəbi atmalı olacağam!
- Direktor sənə nə deyib ki?
- Deyib, çıx get məktəbdən! 

*****

 Uşaq çayda balıq tutur. Toruna arzuları yerinə yetirən qızıl balıq düşür. Sevincək deyir:
- İstəyirəm, qəhrəman olam!
Bir az keçmir, uşaq özünü yanan tankın içində görür. 

*****

Oğlan soruşur:
- Kimsən sən?
- Yatmış gözəl!
- Bəs niyə belə çirkinsən?
- Yuxudan indi durmuşam!

*****

Bir oğlan parkda oturub deyinir:
- Ay Allah, bu nə zibiliydi düşdüm?
Dostu ona yaxınlaşır:
- Nə olub?
- Otur, deyim!
Oğlan oturur:
- Hə, de görək!
- Heç, skamyanı rəngləyiblər.

*****

Məmməd gedir Londona.
Qayıdanda soruşurlar:
- Danış görək, nə gördün?
-  Londondakılar çox savadlıdırlar!
- Hardan bildin?
- İkiyaşlı uşaq da ingiliscə bilir.

*****

İki səfeh söhbət edir:
- Dünən taksi sürücüsünü aldatdım!
- Necə?
- Pulu verdim, amma minmədim!

*****

Tənbəl bir lampa tapır. Tozunu siləndə içindən Cin çıxır.
Cin soruşur:
- Nə istəyirsən?
-  İstəyirəm burdan Eyfel qülləsinin başına bir körpü salasan, xizəklə sürüşüm düşüm ora!
- Nə danışırsan, bu, mümkün olan şey deyil! O qədər beton tapmaq olar? Üstəlik, elə bir hündürlüyə beton qaldıran kran yoxdur. Onlar düzəldilməlidir. Layihə çəkilməlidir. Hələ nə qədər fəhlə lazımdır?! O qədər fəhləni hardan tapım? Harda yedirim? Harda yatırdım? Yaxşısı budur, başqa bir şey istə!
- Ay Cin! Onda elə et ki, bütün günü televizora baxım, amma sinifdə hamıdan əlaçı olum.
Cin bir xeyli başını qaşıyır. Fikirləşir, fikirləşir, axırda razılıq verir:
- Körpünün eni nə qədər olsun?  

*****

Şəkili arvad ərindən soruşur:
- Haindi, yerin altında yaşayış  var?
Əri:
- Haindi, deyirsən yaşayış yoxdusa, turpnan kökü kim rəngliyitdi? 

*****

Azyaşlı Aygün xalasına məktub göndərmək üçün poçta gedir. Poçt işçisi deyir:
- Məktub xaricə gedir, ağırdır. İki manatlıq marka yapışdırmalısınız.
Aygün:
- Bu necə ola bilər, poçtalyon  əmi? Həm deyirsən məktub ağırdır, həm də 2 manatlıq marka yapışdırıb, bir az da ağırlaşdırırsan.

*****

Yoxuşda əyləci qırılan taksi sürətlə aşağı enir. Xəsis müştəri qışqırmağa başlayır:
- Saxla maşını!
Sürücü həyəcanla qışqırır:
- Saxlaya bilmirəm!
Xəsis adam əsəbiləşir:
- Onda sayğacı saxla.

*****

İt ağzında bir torba ilə qəssab dükanına gəlir. Ağzındakı torbanı yerə qoyub, qəssabın qarşısında oturub gözləyir. Qəssab soruşur:
- Nə istəyirsən?
İt hürür:
- Hav!
Qəssab:
- Necə ət istəyirsən, qiymə, tikə?
İt:
- Hav, hav.
Qəssab:
-Yaxşı, nə qədər olsun? Bir kilo, iki kilo?
İt:
- Hav, hav.
Qəssab sifarişi hazırlayır. Əti torbaya qoyanda görür ki, torbada pul var. İt dükanı tərk edəndə, qəssab onu izləyir. İt bir neçə küçədən sonra bir mənzilə daxil olur. Üçüncü mərtəbəyə çıxır, bir qapının qabağında dayanıb, pəncəsi ilə döyür.
Qapını hirsli bir adam açır və itə qışqırmağa başlayır. İti izləyən qəssab yaxınlaşıb deyir:
- Bir dəqiqə dayan. Nə edirsən? Bu it mənim gördüyüm ən ağıllı itdir. Ona niyə qışqırırsan?
- Harası ağıllıdır?  Bu həftə üçüncü dəfədir, açarı götürməyi yaddan çıxarır.

*****

Molla Nəsrəddinin evinə oğru girir. Molla pərdənin dalında olur. Oğru evdəki hər şeyi götürür . Molla  da onun dalınca gedir.
Oğru onu görəndə  soruşur:
- Sən hara gedirsən?
Molla:
Sizə köçmürük bəyəm?

*****

İki bit olur. Biri o birindən soruşur:
- Hardan gəlirsən?
- Məmmədin başından.
- Məmmədin başında tük yoxdu axı...
- Sürüşməyə getmişdim.

*****

- Yaman qorxuram?
- Nədən?
- Atam təzə  maşın alanda köhnəsini satmışdı.
- Nə olsun?
Eşitdiyimə görə, anam təzə qardaş almağa hazırlaşır!

*****

- Səhərdən “poçtalyon-poçtalyon” oynayırdıq.
- Nə yaxşı!
- İnanırsan, bacı, bütün qonşulara məktub çatdı.
- Hardan tapdınız o qədər məktubu?
Sənin otağında stolun siyirtməsindən!

*****

Küçədə uşaq çığıra-çığıra qəzet satır:

-  Dəhşətli xəbər! Dəhşətli xəbər! Bir saatda 50 nəfər aldanıb!
   Bir kişi pul verib qəzeti alır. Baxır ki, qəzet köhnədir. Uzaqdan isə uşağın qışqırıq səsi gəlir:
  - Dəhşətli xəbər! Bir gündə 51 nəfər aldadılıb! 

*****