Lətifələr

axtarış:  uşaqlar üçün, lətifə, anekdot, yumor

 

Alpinistlər dağa dırmaşır. Arxadan biri əlində alma yoldaşından soruşur:

- Alma istəyirsən?

- Yox!

Bir azdan o biri gəlib soruşur:

- Niyə alma yemirsən?

- Hardan dərirsiz bu qədər almanı, hamınız alma yeyirsiz?

- Sənin bel çantanın ağzı açıqdır, ordan götürürük!

*****

Qonşu 5 yaşlı Samiri danışdırır:
- Nə qəşəng bacın var, onu sat mənə.
- Yox!
  Bir neçə gündən sonra ana balaca bacını Samirin yanına qoyub mağazaya gedir. Bacı ara vermədən ağlayır. Samir qonşunun qapısını döyüb deyir:
- Biz onu satırıq, istəsən ala bilərsən!                  
- Yox, pulum yoxdur, istəmirəm!
- Eybi yox, sən götür, pulunu maaş alanda verərsən!

*****

- Mən atam kimi ayda on min dollar qazanmaq istəyirəm!
- Məgər sənin atan ayda on min dollar qazanır? 
- Yox, o da elə istəyir!

*****

Teymur dostu Seymura sataşıb, onun stuluna rəng tökür.  
Seymur sinifə girən kimi soruşur:
- Bax gör, bu şalvar mənə yaraşır?
- Hələ bir otur, sonra sual ver!
Seymur oturur. Oturan kimi stula yapışır, stulun rəngli olduğunu görüb tez qalxır. Teymur o qədər gülür ki...
Seymurun pərt olduğunu görüb, gülməyini dayandırıb soruşur:
- Bayaq nə demək istəyirdin?
- Demək istəyirdim, dünən idman dərsindən sonra sənin cins şalvarın zalda qalmışdı. Bu gün onu geyinmişəm! 

*****

Kasıb uşaq poçtla Şaxtababaya məktub göndərir. Məktubda yazır:  “Ayaqqabı, köynək, şalvar, palto istəyirəm!”. Poçtda işləyənlər yazını oxuyub qərara gəlirlər ki, uşağa yardım eləsinlər. Hər şey alırlar, ayaqqabının ölçüsünü bilmədiklərindən onu ala bilmirlər. Hədiyyələr uşağa çatır, çox sevinir. Yenidən məktub yazır:
“Şaxtababa, hədiyyələrə görə çox sağ ol! Amma deyəsən, poçt işçiləri ayaqqabımı oğurlayıblar”.

*****

- Qızdırması çoxdur, ona arxadan şam qoymaq lazımdır!
Həkimi yola salırlar. Əlini axtarırlar, divanın altında gizlənmiş tapırlar. O, ağlaya-ağlaya qışqırır:
- Yox, şam qoymayın, yandırmayın məni!

*****

Murad axşam corablarını soyunub, hara gəldi atıb. Səhər nə qədər axtarır, tapmır. Öz-özünə danışmağa başlayır:
- Qəbul, qəbul, əlaqəyə girirəm! İkinci, cavab ver, mən birinciyəm, mən birinciyəm, hardasan, qəbul, qəbul!

*****

Bir uşaq polis idarəsinin qarşısından keçir. Təəccüblə divardakı şəkillərə baxıb, qapıda dayanmış polisdən soruşur:
- Bunlar kimdir?
- Onları axtarırıq ki, tutaq.
  - Bəs şəkillərini çəkəndə niyə tutmamısınız?

*****

Qonşu uşaq boş-boş danışığı ilə Əhmədi bezdirir:
- Velosipedini yuyursan?
- Yox, sulayıram, böyüyüb motosiklet olsun!

*****

İki səfeh bomba tapır. Biri o birinə deyir:
- Gəl sökək, görək, içində nə var?
- Sökək!
Yoldan keçən qışqırır:
- Ey, səfehlər, neyləyirsiz, bombadır, partlayacaq!
Səfehlər birağızdan:
- Bizdə biri də var!..

*****

İki uşaq söhbət edir:
- Valideynlər qəribədirlər.
- Niyə?
- Əvvəl uşaqlara yerimək, danışmaq öyrədirlər, sonra isə deyirlər:  “Sus, danışma, otur yerində”.

*****

- Əmi, sənin dişlərin var?
- Yox, bala!
- Onda bu dönəri saxla, tualetə gedim, gəlim!

*****

Su motosikleti kirayə verən stansiyada rəis səsucaldanla qışqırır:
- “99”, sahilə qayıt, vaxtın bitib!
Beş dəqiqədən sonra yenə qışqırır:
- “99”, təcili sahilə çıxmasan, səni cərimə edəcəyik!
Bu, bir neçə dəfə təkrar olunandan sonra, rəis köməkçini çağırır:
- “99”a cərimə yazın, ödəməsə, polisə xəbər verin!
- Rəis, bizim cəmi 75 motosikletimiz var, “99” hardan gəlib?
Rəis səsucaldanı götürüb təzədən qışqırmağa başlayır:
- “66”, təcili sahilə çıx!

*****

- İmtahanı verdin?
- Məncə, verdim...
- Nə soruşdular?
- Bilmirəm, hər şeyi ingiliscə soruşurdular. 

*****

Başında cəmi üç tükü olan Küpəgirən hörük hörmək istəyir, tükünün biri düşür. “Keçi” yığmaq istəyir, tükünün o birisi də düşür. Vecinə də almır:
- Yaxşısı budur, saçlarımı açıq qoyum! 

*****

Vikipediya dedi:
- Mən vacib birisiyəm! Dünyanın tarixi məndədir!
Quql (google) dedi:
- Dünyada nə istəsən məndə taparsan, mən hər kəsdən vacibəm!
Elektrik dedi:
- Siz nə cürətlə mənim yanımda danışırsız?! 

*****

Tələbə yataqxanasında bikef oturan tələbədən otaq yoldaşı soruşur: 
- Nə olub?
- Valideynlərimə yazmışdım, mənə pul göndərsinlər kompüter alım.
- Göndərməyiblər?
- Yox, kompüter göndəriblər. 

*****

Bir sehrli söz var: “Yatmaq vaxtıdı!”. Onu eşidən kimi uşaqları ya qarın ağrısı tutur, ya susayırlar, ya da acırlar.

*****

Futbol stadionunda azarkeşlərdən biri balaca oğlandan soruşur:
- Ay oğlan, sən belə bahalı bileti hardan tapmısan?
- Atam alıb.
- Bəs atan özü hardadır?
- Evdə, bileti axtarır...

*****

Rəssamlıq sərgisində biri o birindən soruşur:  
- Sizcə, bu mənzərədə rəssam günün doğduğunu, yoxsa batdığını göstərməyə çalışır?
- Əlbəttə, günün batdığını!
- Nədən bildiniz?
- Rəssam mənim yaxın qonşumdur. O,  heç vaxt səhərlər durmur!

*****