Satirik hekayələr

Müəllif: Gülzar İbrahimova

 

 

Qoy arvadı qabağına, ağla

 


Bir gün dünya rəngini dəyişdi, adiləşdi. Çoxu darıxmağa başladı. Çoxu ağlamağa başladı. Çoxu özünü danlamağa başladı.
Çoxu haqsızlıqdan danışdı, çoxu baş götürüb şəhərdən qaçdı. Nə baş vermişdi, dünya adiləşmişdi, adamlar dəyişmişdi?
Sən demə, nə var, nə var, boyu balaca, başı daz, gözü eynəkli balaca bir alim başından çox-çox balaca, lap balaca, fındıq boyda bir texnika icad eləmişdi. Başına dəysin!
Həmin boyu balaca, başı daz, gözü eynəkli balaca bir alim başından çox-çox böyük işlər görərək elə texnika icad eləmişdi ki…


Həmin fındıq boyda texnikanı da qoymuşdu əl ovcu boyda texnikanın içinə, – yəni əl telefonunun içinə. Bundan sonra nə baş vermişdi?
Təsəvvür et! Yaxın, lap yaxın adamının, ya sevdiyin adamın, ya da arvadının əl telefonuna zəng edirsən, hardadırsa, hə, hə, hardadırsa, nə danışırsa, harda danışırsa telefonun ekranında səsi də gəlir, özü də görünür. Vay o gündən ki, arvadında da o telefondan ola. Başı batsın o dazbaş alimin. İş başına qəhət idi…


Zəng eləyirsən ərinə, telefon açıq oldu, bağlı oldu fərqi yoxdu, ərinin telefonunun ekranı yanır, hardadı, nə işlə məşğuldu, kiminlədi, hansı iclasdadı, hansı konfransdadı, həm görüntü görünür… Ən dəhşətlisi odur ki, görüntü səslə birgədir.


Bu elmi ixtiradan sonra nələr baş verdi… Davalar düşdü, mərəkələr qalxdı, ailələr dağıldı, yalanlar gerçək oldu, yalan danışmaq mümkün olmadı, yalan danışanlar düzün yalan olduğunu sübut etməyə çalışdılar… Əlqərəz, çox şey dəyişdi!


Heç yalansız da həyat olar? Həyatımıza son qoydu bu dazbaş alim. Gül kimi yalandı da danışırdıq. Özü də elə səriştəli olmuşduq ki, yalan danışanda özümüz də yalanın yalan olduğuna az qala inanmırdıq.


İşi-gücü yoxdu bu boyu balaca, başı daz, gözü eynəkli balaca alimin. Birtəhər başımızı saxlayırdıq…
Elə xoşbəxt yaşayırdıq ki… İş adı ilə hara istəyirdik gedirdik. Ürəyimiz tutanı sevirdik, ürəyimiz atanı itirirdik. Birini atırdıq, birini tapırdıq. Heç kim də heç nədən xəbər tutmurdu. Elə gözəl dövran idi ki… Elə gözəl zaman idi ki… Kaş ki, o vaxt olaydı, köhnə telefon qalaydı… İndi gəl qal arvadın ümidinə. Qoy arvadı qabağına, ağla.
İşi-gücü yoxdu bu boyu balaca, başı daz, gözü eynəkli balaca alimin.