Ağıllı Qızın Nağılı

Müəllif: Gülzar İbrahimova

 

Emin hər dəfə “Sehrli Dünya” jurnalı alanda çox sevinirdi. Bu dəfə Yeni il jurnalı gəlməli idi, amma bayrama bir neçə saat qalsa da, jurnal hələ gəlib çıxmamışdı.

- Görəsən jurnal niyə gecikir? ‒ Deyə, Emin düşünürdü ki, qapının zəngi çalındı. Gələn dostu Gülcan idi. O həm Eminin sinif yoldaşı, həm də qonşusu idi. Onlar hər il Yeni il bayramını bir yerdə keçirirdilər. Bu, çox maraqlı olurdu. Gecə saat 1-ə qədər çalıb-oyanayar, fişəng atar, şənlənər, həmçinin şəhərdə atılan atəşfəşanlığa baxardılar. Gülcan soruşdu?
- Niyə bikefsən? Elə bil heç Yeni il deyil...
- Yox e..., Bayrama az qalıb Yeni il jurnalından xəbər yoxdur.

- Darıxma, mənim də jurnalım gecikmişdi, indi gəldi. Nə əcəb yolka bəzəməmisiz?

- Həvəsim yoxdur!

- Bəs sənin nəyə həvəsin var?

- Mən istəyirəm qəhrəman olum!

- Necə yəni? ‒ Gülcan təəccübləndi.

- İstəyirəm kimi isə xilas edim.

- Onda gedim tullanım dənizə, sən də məni xilas elə!

- Sən zarafat edirsən, bu mənim arzumdur.

 

- Arzu edirəm, bir gün arzuna çatasan! İndi isə dur, yolka bəzəyək!

- Yaxşı, nə deyirəm, bəzəyək!

Uşaqlar təzəcə yolka bəzəməyə başlamışdılar, poçtalyon “Sehrli Dünya” jurnalını gətirdi. Emin jurnalı salafan paketindən çıxarıb, üstünə qoyulmuş hədiyyəni çıxarıb baxdı:

- Uy daa... “Spaydermen!”
- Yoxsa “Hörümçək adam”dır?

- Yox, “Spaydermen”dir!

- Çox qəşəngdir, mənim jurnalımdan isə kukla çıxmışdı.
Emin oyuncağını bir xeyli oynadandan sonra, Gülcana verdi. Gülcan isə Spaydermeni yolkanın hündür yerindən asdı. Uşaqlar az bir vaxtda yolkanı gözəl bəzədilər. İşıqlarını yandırdılar. Otaq birdən-birə gözəlləşdi. Yolka elə gözəl görünürdü, uşaqlar heyran olmuşdular, gözlərini ondan ayıra bilmirdilər.
Gülcan Spaydermeni göstərib dedi:

- Çox qaşqabaqlıdır, zəhmlidir, lap bizim direktora oxşayır, bəlkə heç onu oyuncaq yerinə asmayaq?

- Sən onun duruşuna, gözlərinə diqqətlə bax, əsl Spaydermendir. Mənim çox xoşuma gəlir, qoy qalsın!

Birdən Gülcan qışqırdı:

- Emin, bax, o, gözlərini qırpdı.

- Ola bilməz!

Bu zaman televizorda əyləncəli verilişlər gedirdi. Amma birdən veriliş yarımçıq kəsildi, fövqəladə xəbər getdi. Uşaqlar təəccüblə xəbərə qulaq asmağa başladılar. Elan edildi: “Hava bürosundan verilən məlumata görə, Bakıda və şimal bölgələrində soyuq hava şəraiti gözlənilir, ara-sıra çovğun olacağı bildirilir. Səhərə qədər fasiləsiz qar yağacaq. Belə ağır qış bir çox ölkələrdə də davam etməkdədir. Yenicə aldığımız məlumata əsasən Türkiyədə ‒ Uludağda turistlər qar uçqununa düşüb. Xilasedicilər hamını xilas etsələr də, balaca türk uşağının həyatını xilas edə bilməyiblər. Axtarış davam edir. Amma hələ də 3 yaşlı Sinandan xəbər yoxdur. Uşağın ata-anasını, sakitləşdirmək olmur. Onlar əlləri ilə qarı eşir, balalarını axtarırlar.”
 

Uşaqlar bu xəbəri eşidəndə çox pis oldular. Gülcan ağlamağını saxlaya bilmədi:

- Yəqin bu gün orda Yeni ili qarşılayacaqdılar! Ona hədiyyə verəcəkdilər. Yazıq uşaq, görəsən indi hardadır?…

Eminin də gözləri doldu. Ağlamasın deyə, pəncərəni açıb qarşısında dayandı. Bu vaxt uşaqlar yolkadan bir səs ‒ cırıltı eşitdilər. Yolkadan asılmış Spaydermen elə cırıldayırdı, sanki bu saat partlayacaqdı. Gülcan təəccüblə soruşdu:

- Spaydermeni sən qurdun?

- Açarı var ki, onu qurum? Onda açar görməmişəm!

- Mən də!

Emin Spaydermeni yolkadan düşürtdü ki, görsün səs hardan gəlir. Bu vaxt Spaydermen bir göz qırpımında elə böyüdü, oldu uşaqlardan böyük. Ayaqları altından alov qalxdı. Uşaqların qorxduğunu görüb Spaydermen alovunu da, işıqlarını da söndürdü. Robot kimi danışaraq onları sakitləşdirdi:

- Məni “Sehrli Dünya” sehrləyib! Mən adi oyuncaq Spaydermen yox, sehrli Spayder- menəm. Sinana kömək lazımdır, onu tapmalıyam.

- Necə? ‒ Uşaqlar xorla soruşdular.
- Vaxt azdır. Ona kömək eləmək istəyirsinizsə, mənimlə gəlin! 

- Mən istəyirəm! – Emin belə deyən kimi Spaydermen əlini ona səmt uzatdı. Emin ondan yapışdı. Gülcan bir az qorxdu. Spaydermen bir anda güllə kimi şığıyaraq açıq pəncərədən bayıra sıçrasa da, Gülcan çatdırıb ondan tuta bildi. Uşaqlar gözlərini yumub-açmağa macal tapmamış artıq Uludağdaydılar. Hər tərəf dağlarla əhatə olunmuşdu. Dağlar qarın altında idi. Buldozer və çoxlu insanlar olan yerdən məlum olurdu ki, Sinanın axtarışı ordadır. Amma nədənsə Spaydermen onlardan çox uzaq məsafədə dayanıb, uşaqları düşürtdü.

 Eminlə Gülcan çox nazik geyinmişdilər, nazik ev paltarında idilər. Burda isə çovğun elə güclü idi, uşaqlar ikisi də soyuqdan əsməyə başladı. Bununla belə gözlərini bərkdən açır, Sinanı axtarıb-tapmağa çalışırdılar. Onlar heç vaxt əlcəksiz qara əl vurmasalar da, indi qarı yalın əlləri ilə göyə sovurur, qarda azca qaraltı görmək arzusu ilə Sinanı axtarırdılar.

  Spaydermen uşaqları yerə qoyan kimi özü qarın altına girib görünməz oldu. O, bir neçə dəfə qara batıb çıxdı. Sonuncu dəfə isə tək yox, Sinanla çıxdı. Uşaqlar sevindiklərindən elə qışqırdılar ki, bayaqdan tit-tir titrəmələri bir anda yox oldu. Gülcan soyuqdan qızarmış əlləri ilə Sinanın üz-gözünün qarını təmizlədi. Uşaq özünə gələn kimi ağlamağa başladı. O ağlasa da, Eminlə Gülcan sevindiklərindən gülürdülər. Spaydermen bir neçə dəfə işığını yandırıb söndürən kimi uşağın ata-anası uzaqdan: “Oğlum, Sinan!” deyə qışqırıb, onlara tərəf qaçmağa başladılar. Çatmağa azca qalmış, Spaydermen robot səsi ilə dedi:

- Uçuşa hazır olun, qalxırıq!

Emin, Gülcan tez onun qanadlarından yapışdılar. Bir də gözlərini açdılar ki, evdədirlər. Amma sevinmədilər. Çünki unutmuşdular, Sinanın əlini buraxmamışdılar, o da gəlib Azərbaycana çıxmışdı. Spaydermen təzədən Türkiyəyə - Uludağa qayıtdı. Bu onun üçün elə də çətin deyildi. Qayıdıb düz ata-anasının arxasında Sinanı yerə qoydu. Bunu elə sürətlə elədi ki… “Ata, ana!” deyə, Sinan qışqıranda ata da, ana da dönüb gördülər ki, balaları yanlarındadır. Bu möcüzəyə hamı məəttəl qaldı.

            Emin və Gülcan isə bu müddətə hələ sevinirdilər. Onlar elə şən idilər ki, heç nə gözlərinə görünmürdü. Əl-ələ tutub elə bərk fırlanırdılar, nə Spaydermenin səssizcə gəlib yolkadan asılmağını gördülər, nə də Eminin anasının onlara hirslə baxdığından xəbərləri oldu.

- Bu nədir? ‒ Deyə, ana hirslə qışqırdı. Məgər qartopu oynamağa gedəndə ev paltarı ilə gedərlər? Bütün üst-başınız su içərisindədir. Gülcan xəstələnsə, Emin, günahkar sən olacaqsan!
- Yox, Səidə xala, bu, elə deyil! – Deyib Gülcan bütün olanları Eminin anasına danışdı. Emin də yolkadakı Spaydermeni ona göstərdi. Əlbəttə heç kəs onlara inanmadı. Uşaqlar pərt oldular. Amma bu, o qədər də vacib deyil. Vacib olan odur ki, indi Sinan ata-anasının yanındadır və onlar Yeni ili sevinc içərisində qarşılaya biləcəklər...