Sirusla Virusun tanışlığı

Müəllif: Gülzar İbrahimova


- Cavid əmi, tez bizə gəl!
- Nə olub?
- Kompyuterim açılmır!
- Yəqin, virus düşüb.
- Nə bilim..
- Gəlib o virusu elə məhv eləyəcəyəm ki, bir də kompyuterə yaxın düşməsin.
- Nə yaxşı?! Gəl onu birdəfəlik məhv elə!
Dəstəyi asan Sirus ağlamaq səsi eşitdi.
- Kimdir ağlayan, - deyə soruşdu.
- Mənəm! Bəxtsiz, yazıq Virus!
Sirus kompyuterdə bir oğlanın yazıqyazıq ona baxdığını gördü. Oğlanın başı robot, bədəni insan bədəniydi. Elə ağlayırdı ki, gözlərinin yaşı bir dəqiqə də dayanmırdı. Gördüklərindən dəhşətə gəldi:
- Niyə ağlayırsan?
- Necə ağlamayım? Səninlə yaşıdam,
hamı səni sevir, əzizləyir, başını tumarlayıb, “Ağıllı oğlum”, - deyir. Məni isə görən deyir: “Tutun, məhv edin Virusu!”. Hara gedirəm, məni qovur, heç yerdə yer vermirlər. Bu, həqiqət idi. İnsanlar virusları məhv eləmək ücün müxtəlif yollar axtarırdılar. Amma Sirusun ona yazığı gəldi:
- Ağlama..
- Sən ağlamazdın?
- Başa düşürəm. Bununla belə, yəqin, onu da bilirsən ki, sən ancaq ziyan verirsən. Adamlara kompyuterdə işləməyə mane olursan. Bax, mən dostuma məktub yazıram, kompyuteri söndürürsən.
- Səninlə oynayırdım!
Virus bunu dedi və qaşqabağını tökdü. Cavid əmi içəri girəndə isə tez gizləndi. Sirus irəli çıxıb dedi:
- Cavid əmi, kompyuter düzəldi.
- Öz-özünə?
- Günah özümdəymiş, sən demə ,  kompyuteri düzgün açmamışam sənə də əziyyət verdim!
- Diqqətli ol, onda mən getdim.
Lazım olsam zəng elə, çempion!
- Yaxşı!
Cavid gedən kimi Virus göründü.
- Sağ ol! Məni ölümdən qurtardın!
- Virusların danışdığını bilmirdim.
- Viruslar canlı olur!
- Həm də ziyankar!
- Sənə ziyanım dəyməz, məni ölümdən qurtardın!
- İnanım?
- İnan! Səndən bir istəyim var!
- Nə istəyirsən?
- Səninlə dost olmaq!
Sirus təəccübləndi:
- Bu mümkün deyil!
- Nəyə görə?
- Çünki mən adamam, sən isə Virus!
- Dost olmaq istəmirsən?
- Dost olaram, bir şərtlə!
- Nə şərtlə?
- Söz ver ki, daha ziyanlı, pis işlər görməyəcəksən!
Virus sevincək kompyuterdən çıxıb, düz Sirusun qarşısında yerə tullandı:
- Söz verirəm!
- Dost olduq?
- Olduq!
Beləliklə, dördüncü sinifdə oxuyan, şahmat üzrə dünya çempionu Sirus Məmmədli Virusla dost oldu. Bundan sonra Sirusu hansı macəralar, hansı dəhşətlər gözləyir, hələ ki xəbərsizdir. Elə sən də xəbərsizsən. Sirusla Virusun növbəti sərgüzəştlərini jurnalımızın növbəti sayında izlə! Az vaxtdan sonra dostlar niyə dalaşdılar, sən də biləcəksən!