Fərq qoymadan sevinirik

Müəllif: Gülzar İbrahimova

- Təbrik edirik, Məltəm xanım! Karate yarışında qalib gəldiz və qızıl medala layiq görüldüz! Uğurunuza sevinirik  və bu sevincli anlarınızı bizimlə bölüşdüyünüz üçün sizə təşəkkür edirik! 
 
Sülh adı çəkilən bir yarışmanın qalibi olmaq yəqin ki, fərqli və daha xoşdur. Elə bir idman növü - karateni seçmisiz ki, güclü olduğunuz məlumdur. Fikrinizcə, dünyada sülhü qol, qüvvət, zorakılıq, silah gücünəmi qorumaq daha səmərəli olar? Yoxsa, ağıl, düşüncə, danışıqlar və sülh yolu ilə bu iş daha gözəl nəticələr verər? 
 
- Mən danıışıqlar, razılaşmalar yolu ilə sülh yaratmağın tərəfdarıyam. Düşünürəm, başqa yollar - hədə, qorxu, cəza insanlara daimi xoşbəxtlik gətirə bilməz! 
 
- Dediyiniz fikirlə mən də razıyam. Mən də əmin-amanlıq tərəfdarıyam. Özüm də elə bir sahənin jurnalistika sahəsindəyəm ki, daima uşaqlarlayam. Siz, güc tələb edən idman növləri ilə məşğul olub, qalibiyyətə çatmaq, uğur qazanmaq üçün uşaqlara əsas nəyi tövsiyə edərdiz? 
 
-  Daima dünyagörüşlü, güclü, ağıllı insanların əhatəsində, yanında olmağı. Uğurun başlanğıcı elə onların göstərdiyi düzgün yollardan başlayır. 
 
- Fikrimcə, nəinki idman yarışmalarında, hətta bütün sahələrdə, hansı işi seçirsənsə, göstərdiyiniz yol, uğura aparan bir yoldur. Fərz edək ki, bu gün bir dünya internet səsverməsi keçirildi və şansınız gətirdi, məhz siz - Məltəm -  seçildiniz Dünya prezidenti. Sülhü qorumaq üçün ilk sərəncamınız necə olardı? Nə qərar verərdiz ki, heç vaxt müharibə olmasın?
 
- Prezident kürsüsünə əyləşən kimi bütün silahların bircə gündə məhv olmasına, ləğv olmasına qərar verərdim! 
 
- Dünya prezidenti olsanız, məni köməkçi götürərsiz. Onda mən də  silahların dəmirlərini əritdirib uşaqlar üçün karusellər, yelləncəklər düzəltdirərərəm. Bu həm də iqtisadi cəhətdən səmərəli olardı.  Ah, belə olsaydı...  Gedib "Xəyallar ölkəsi"nə çıxdıq, qayıdaq müasir həyata. İdman həyatında ən kədərli (keçmiş olsun) və ən xoş anlarınız hansılar olub? 
 
- Kədərli anım olmayıb desəm, bir az düz alınmaz. Amma ən kədərli anımı xatırlaya bilmirəm. 
- Arzu edirəm heç vaxt ən kədərli anın olmasın! Bəs ən xoş an?
 
- İlk dəfə 2012-ci ildə dünya çempionu olduğum zaman həyatımda ən çox sevindiyim an olub. Həmin vaxt elə bilirdim yerdə gəzmirəm, qanadlarım var, uçuram, hey uçuram! 
 
- Nə xoş təəssürat! Həmrəylik yarışında bizim idmançı Fəridə ilə görüşdünüz və təbii ki,  ondan güclü olduğunuzdan qalib gəldiz.  Amma səmimi bildirim ki, bütün yarışlarda qardaş ölkəyik deyə, hansı tərəf qalib gəlsə, biz, özümüzdən asılı olmayaraq, heç bir fərq qoymadan sevinirik. 
- Eyni hissləri türklər də yaşayır, təbii ki, elədir. 
 
- Ənənəvi sualımızı necə cavablandırardız?  Bugünkü qızıl medalınızı kimə həsr edərdiz?
 
- Anama, əlbət ki... Həm anama olan sevgimə görə. Həm də axı bu gün Türkiyədə Analar günüdür. Bu bayram günündə medalımı anama həsr edirəm! Anaları bayram münasibəti ilə öpürəm, təbrik edirəm! 
- Biz də sizi təbrik edirik! Sizə və bütün idmançılarımıza bol-bol idman sevinci arzulayırıq. Sevincimiz bol olsun!
 
 
Gülzar İbrahimova - 14 may 2017