Bu bizik! Bu ölkə, bu şəhər bizim vətənimizdir!

Müəllif: Gülzar İbrahimova

IY Islam Oyunları neçə müddət öncə planlaşdırıldığından da yüksək səviyyədə davam edir. Oyunların həyəcanları, sevincləri, həm iştirakçılarda, həm də azrkeşlərdədir. Oyunun keçirilməsində cavabdeh təşkilatçılar məsuliyyətlə işlərinin öhdəsindən gəlirlər. Şəhərimiz gül-çiçək, gözəllik, mehribanlıq qoxur. Hər kəs sevinc içərisindədir. Hər yana elə bil xoş bir əhval-ruh, xoş aura səpilib. Camaatımız sevinir. Onların üzündən oxunur: "Bəli, bu bizik, bu şəhər isə bizim VƏTƏNİMİZDİR! BURA AZƏRBAYCANDIR! Qapıları dünyaya həmişə açıq olan, qonaqlı-qaralı ODLAR DİYARI! Biz bu ölkənin vətəndaşlarıyıq! Qanımızla, canımızla, vətənimizi sevənlərik!".  
 
Oyunun təşkilatçıları bir başqa cür sevinir: "Bütün işlər tam qaydasında gedir. Yarışlar yüksək səviyyədə davam edir, İdmançılarımız hər gün bizi sevindirirlər. Birincilərimizin, medallarımızın sayı durmadan artır, bayrağımız hər gün ucalır, hamımızı sevindirir.   
 
İslam Oyunlarında iştiraka gələn qonaqlar öncə Atletlər kəndində qarşılandı. Qonaqların sevincindən hiss olunurdu ki, onlar belə bir islam birliyi tədbirini çoxdan gözləyirmişlər. Bir saata planlaşdırılmış Atletləri qarşılama tədbiri 3 saata qədər uzandı. Çünki meydana eyni amallı, eyni təriqətli, eyni məsləkli, mehriban, həmrəy insanlar toplaşmışdılar. 
 
Oyunlar keçirilən ərəfədə isə qonaqlar İslam oyunlarının yüksək təşkilatçılıq səviyyəsindən,  şəhərimizin gözəlliyindən, təmizliyindən, insanların mehribanlığından ürək dolusu danışırlar. İran voleybol komandasının kapitanı Aghchehli Rasoul qalibiyyət sevincini jurnalistlərlə bölüşdürərkən bildirdi: "Azərbaycana - onun gözəlliyinə həmişə heyran olmuşam. Qələbə sevinci bu sevgini daha da artırdı. Oyunlarda belə yüksək səviyyədə təşkilatçılıq məni daha da valeh elədi". 
 
Qaliblərlə aparılan müsahibələr fərqli olsa da, təşkilati işlərə verilən qiymət çoxlarında eynidir: Karate üzrə dünya çempionu,  türkiyəli idmançı Məltəm Hocaoğlu və güləş üzrə dünya çempionu, özbəkistanlı Noraliyev Aliyorla aparılan müsahibədən: "Mən yarışlarla əlaqəli dünyanın ən inkişaf etmiş ölkələrində olmuşam. Amma oyunlarda ən yüksək səviyyədə təşkilatçılığı İslam oyunlarında görmüşəm!".
 
Qonaqlar kimi elə bizim özümüz də öz təşkilatçılıq işlərimizə heyran olmuşuq. Hər oyunda daha çox səriştə toplayan Azərbaycan təşkilatçılıq bacarığı ilə daha da püxtələşir. Həm də təşkilatçıların arxasında böyük bir könüllülər ordusu var ki, bu ordunun silahı da, əməyinin  haqqı da  "VƏTƏN SEVGİ"sidir. 
 
Məhz həmin Vətən sevgisidir ki, bu gün Azərbaycanı dünyaya tanıdır və  sevdirir. 
 
İnanırıq ki, Ölkəmiz bundan sonra da insanların sağlamlığına yönəlmiş, eyni zamanda müstəqilliyimizin qorunub saxlanması uğrunda daha möhtəşəm lahiyələrə imza ataraq, ev sahibliyi edəcək. 
 
 
 
Gülzar İbrahimova
19.05.2017