Çiçəkli, yazlı Vətən!

Müəllif: Gülzar İbrahimova

Bahar, sən nə gözəlsən!
Hər dəfə gələndə sən,
Mən də coşub-daşıram,
Sənə nəğmə qoşuram!

Qaranquş sənlə gələr,
Yazdan müjdə gətirər,
Qoşular ona quşlar,
Cəh-cəhlə oxuyarlar.

Qönçə açar ağaclar,
Ağappaq olar bağlar,
Çiçək açar gül, çəmən,
Hansından danışım mən?

Qıpqırmızı lalələr,
Yamaca düzülərlər,
Elə bil düzə güllü,
Əlvan xalı sərərlər.

Gül-çiçəyi çağırar,
Hava yaz ətri qoxar,
Bahar ləçəklərindən,
Düzə çələng toxuyar.

Hətta tikanlı kollar,
Dalayan gicitkanlar,
Qarağatlar, moruqlar,
Yazda gözəldi onlar!

Təbiət belə vaxtlar,
Adamı heyran qoyar!
Çox güman uçar bu an,
Qanadı olsa insan!

Başı qarlı zirvələr,
Möhtəşəm mənzərələr,
Hər şey göz önündədir,
Mənim Vətənimdədir!

Bu yerdə mən ürəkdən
Möhkəm səslə deyirəm:
"Çiçəkli yazınla sən,
Vətən, necə gözəlsən!".