Eldarın siçanları

Müəllif: Gülzar İbrahimova

(Hadisə Quba rayonunun 2-ci Nügədi kəndində baş verib. Uşağın da adı Eldar olub. O, böyüyüb hadisəni danışıb, Gülzar nənə isə ondan hekayə düzəldib. Sənin də başına maraqlı hadisə gəlibsə, yaz, Gülzar nənə də ondan nağıl, hekayə qoşsun)

                                                              

Kənd məktəbində oxuyurdum. Bir gün dərsdən evə gələndə böyük qardaşımı həyətdə görüb çox sevindim... O mənə dedi:

     - Bir həftəliyə Bakıya gedirəm, ataya demişəm, hazırlaş, səni də aparıram! - Sevindiyimdən bilmirdim ki, nə edim. Əlimdəki çantanı necə tulladımsa, çanta gedib ot tayasının üstünə düşdü. Qardaşımın boynuna sarılıb, o üzündən-bu üzündən öpdüm. Mən heç təsəvvür də eləmirdim ki, bir gün Bakıya gedəcəyəm, özü də qatarla. Bu mənim çoxdankı arzum idi.

    Tez qaçıb təzə paltarlarımı geyindim. Bir az xırda pul yığmışdım, onu da götürdüm, təzə qayışımı bağladım, yola düşdük - düz Bakıya! 

Bakı elə xoşuma gəlmişdi ki, bu bir həftənin nə vaxt keçdiyini belə hiss eləmədim.

- Qayıdırıq! - Qardaşımın bu sözlərindən çox məyus oldum, amma məyusluğum tez ötüb keçdi. Çünki kənd uşaqları üçün, sobamızın ətri üçün yaman darıxmışdım. Nə isə…

   Kəndə elə bir vaxtda gəlib çatdıq ki, səhər yenicə açılırdı. Özümü xoşbəxt hiss edirdim. Elə bil, bütün arzularım həyata keçmişdi. Dərsin başlanmasına az qalırdı. Evə girib çantamı axtardım, tapa bilmədim. Birdən yadıma düşdü ki, axırıncı dəfə çantamı ot tayasının üstünə atmışdım. Tez qaçıb həmin yerə baxdım. Çanta elə atıldığı yerdə də qalmışdı. Götürüb dərsə qaçdım. 

      Birinci dərsdə dinc dura bilmirdim. Yanımdakılara Bakıdan danışmaq istəyirdim. Müəllimə mənə neçə dəfə irad tutdusa da, yenə sakitləşmədim. Axırda müəllimə hirsləndi:

     - Eldar, fikrimi yayındırırsan, dərsi pozursan, gündəliyini gətir, sənə «2» yazacağam! Onda ağlın başına gələr ki, dərsdə şuluq salmazlar!

    Həyəcandan əlim-ayağım necə əsirdisə, əllərim sözümə baxmır, çantanı aça  bilmirdim.

 -  Müəllim, çantam açılmır!

- Necə yəni çantam açılmır, qıfıllamısan?

Uşaqlar gülüşdülər. Müəllimə elə bildi ki, yalan danışıram.

- Çantanı gətir, mən açaram! 

   Çantanı müəllimənin yanına apardım.

Sonralar başa düşdüm ki, çanta açıq havada qalıb deyə, açar yerinə şeh düşdüyündən paslanıb. Amma o vaxt bilmirdim ki, çanta niyə açılmırdı. Həyəcandan əllərim də bir tərəfdən əsirdi.

Müəllimə çantanı çox çətinliklə də olsa açdı. Amma açdığına peşman oldu. 

Çantanın içindən 7-8 siçan balası çıxıb ətrafa qaçışdı. Uşaqlardan qışqıran kim, partaların üstünə çıxan kim, dəhlizə qaçan kim…

Dərs əməlli-başlı pozuldu. 

      Müəllimənin hirsindən rəngi qaralmışdı. Özü də bir küncə çəkilmişdi. O elə bilirdi ki, mən bunu bilə-bilə eləmişəm. Məqsədim də dərsi pozmaq olub. Yəqin ki, ürəyində mənə ən ağır cəza verilməsi haqda düşünürdü.

Mənim bir az bundan əvvəlki xoşbəxtliyimdən əsər-əlamət qalmamışdı. Başımı itirmişdim. Birdən müəllimənin hirsli səsini yenidən eşitdim. Qışqırığından bircə onu başa düşdüm:

     - Çıx bayıra!

    Qorxudan səsimi çıxartmadım. Yerimdən də tərpənmədim. Elə bil, daşa dönmüşdüm.

  - Demədim sənə sinifdən çıx?! Məni ələ salmağın sənə baha başa gələcək! Sabah valideynsiz məktəbə gəlmə! Səni məktəbdən qovduracağam…

    Bu dəfə müəllimə qışqıranda titrətmə məni necə tutdusa, uşaqlar gülməsin deyə, sinifdən çıxıb hara gəldi qaçdım. 

       Əlbəttə ki, valideynim məktəbə gəldi. Müəlliməyə dil-ağız elədi. Anam bir xeyli and-aman eləyəndən sonra direktoru güclə inandıra bildi ki, mənim məqsədim dərsi pozmaq olmayıb. Direktora izah etdi ki, çantam bir neçə gün ot tayasının üstündə qaldığından, bir siçan ora girmiş və çantada da balalamışdı.

    Yalnız ondan sonra direktor sakitləşdi. Amma müəllimə məni bağışlasa da, hər məni görəndə acıqla baxırdı. 

   «Siçan» əhvalatı bütün məktəbə yayıldı. Elə utanırdım ki... Məktəb uşaqları məni görəndə gülürdülər.