Gülməlinin nağılı

Müəllif: Gülzar İbrahimova

Biri vardı, biri yoxdu, Qulaməli adlı, on yaşlı, tənbəl bir oğlan vardı. Qulaməli o qədər gülməli idi, hamı onu Qulaməli yox, Gülməli çağırırdı. Əslində o, gülməli deyildi, amma gördüyü işlər gülməli alınırdı.

Bir dəfə vedrədə su aparırdı, vedrənin altı düşdü, su dağıldı. Bir gün öküzün buynuzundan yapışdı, buynuz yerindən çıxdı. Üzüm yığanda pilləkən aşdı, səbət dağıldı başına. Arabada gələndə yuxulamışdı, arabadan düşmüşdü yerə. Bir dəfə qonşuda xınayaxdı var idi, ləyəndə qızlara xına verdiyi yerdə ayağı ilişib yıxılmış, üzü üstə düşmüşdü xınanın içərisinə, olmuşdu xınalı Qulaməli. Çaydan balıq tutanda balıq onu çəkib çaya salmışdı. Keçi onu buynuzlamış, dərədən aşağı yombalandırmışdı. Belə hadisələrdən sonra Qulaməlinin adı qalmışdı Gülməli. 

İndi gəlin, sizə Gülməlinin başına gələn bir əhvalatı danışım.

Bir gün ata işə gedəndə Gülməliyə tapşırdı:

- Bəsdir işsiz gəzdin! Ananla mən bütün günü işləyirik, sən isə kölgədə uzanırsan. Bu gün tarlanı qazarsan!

İşdən Gülməlinin xoşu gəlməsə də, çarəsiz razılaşdı:

- Yaxşı, qazaram, – dedi. 

Ata-ana bazara gedəndən sonra, Gülməli veyillənə-veyillənə getdi tarlaya. Boğçasını açdı, anası qoyduğu yeməklərin hamısını yedi. Təzə yeyib qurtarmışdı, gördü yaman yuxusu gəlir, ordaca başını qoyub, yuxuya getdi. Bir də atasının səsinə ayılıb gördü hava qaralıb, o isə bir qarış yer qazmayıb. Atası da səsini başına salıb, qışqıra-qışqıra gəlir onun üstünə... Ata uzaqdan gördü tarla qazılmayıb. Hirslə gəlirdi ki, Gülməlini yaxşıca çırpışdırsın.

Gülməli bilmədi neyləsin. Tez beli götürüb yeri qazmağa başladı. Torpağa nə qədər bel vurdusa da, torpaq qazılmadı ki, qazılmadı. Gördü atası az qalır ona çata. Çatan kimi mütləq bir ikisini ilişdirib deyəcəkdi: “Axşam düşüb, sən hələ heç bir iş görməmisən?!”. Belə fikirləşib var-gücü ilə beli torpağa sancdı. Amma elə bil bel tilsimə düşmüşdü. Birdən bel nəyəsə ilişdi. Gülməli atasından şillə yeməmək üçün ağlına gələn yalanı uydurdu:

- Ata, xəzinə tapmışam!

Ata yerindəcə qurudu, xəzinə adı eşidən kimi hirsi soyudu:

- Nə xəzinə, ağlın çaşıb, burda xəzinə nə gəzir?!

Gülməli yeri bir az da qazmışdı ki, yerdən sandıq çıxdı. Ata-bala sandığı torpağın altından çıxarıb ağzını açdı. Sandıqda nə görsələr yaxşıdır?!... İçərisi qızıl, daş-qaşla dolu küp! Sevindiklərindən qışqırışdılar: 

- Ay ana, bura gəl, xəzinə tapdıq! – Deyə şad xəbəri anaya da çatdırdılar.

Ata, ana və Gülməli axşama qədər qızılları güclə sayıb qurtardılar. 

Səhərisi gün camaat xəbər tutdu ki, Gülməli yer qazanda qızıl tapıb. Şəhərin quldurları da bu xəbəri eşitdilər. Quldurbaşı dedi:

- Bir yol fikirləşin, qızılları oğurlayaq!

Quldurlardan biri dedi:

- Birimiz yolçu paltarı geyinək, gecəni qalaq Gülməligildə. Gecə qızılları oğurlayıb, qaçaq.

Razılaşdılar, dedikləri kimi elədilər. Onlardan biri əyninə kasıb paltarı geyinib gəldi Gülməligilə. Qapıdan səsləndi:

- Ay ev yiyəsi, ay ev yiyəsi! Qonaq saxlayarsanmı?

Səsə Gülməli qapını açıb dedi:

- Dədəm deyir, Allaha da qurban olaq, göndərdiyi qonağına da.

Ev sahibləri qonağı görüb sevindilər. Ona yemək verdilər. Gecənin yarısına qədər oturub ordan-burdan söhbət elədilər. Gülməli hər şeyi olduğu kimi qonağa nağıl elədi:

- Biz artıq varlanmışıq!

Qonaq təəccüblə soruşdu:

- Necə?

- Mən dünən xəzinə tapmışam!

- Nə yaxşı?!  Deyə, qonaq heç xəbəri yox imiş kimi təəccübləndi. - Böyük xəzinədir?

- O qədərdir ki, axşama qədər güclə sayıb qurtardıq!

Avam oğlan qızıl sandığı necə tapdığını, həyəti qazıb qızılları orda necə gizlətdiyini, hamısını əziz qonağına danışdı. Ata-anası da o deyəni təsdiqlədi.

 Bir azdan qonaq əsnəyib dedi:

- Mənim yerimi göstərin, yuxum gəldi, gedim yatım. 

Qonağa məxmər yorğan-döşəkdə xüsusi yer düzəltdilər. Qonaq yerinə girən kimi xoruldamağa başlayıb, özünü yatmışlığa vurdu. Elə ki hamının yatdığına əmin oldu, durub başladı oğurluğa. Heç bir çətinlik çəkmədən həyəti qazdı, Gülməlinin dediyi yerdən qızılları çıxartdı. Sevindiyindən demək olar ki, uça-uça qaçdı quldur dostlarının yanına.

Gülməligili necə aldatdığını, qızılların yerini necə öyrəndiyini, ev sahiblərinin onun başına necə dolandıqlarını bir-bir quldurlara danışdı. Quldurlar ev sahiblərinin avamlığına qəşş edənə qədər güləndən sonra, əldə etdikləri qəniməti bölməyə başladılar. Onlar heç ağıllarına da gətirməzdilər ki, Gülməligil bu qədər qızıl tapıb. Ona görə qızılları görən kimi ağılları başlarından çıxdı. Quldurbaşı özünə yüz qızıl götürüb, o birilərinin hərəsinə isə beş qızıl verdi. Qızılları oğurlayıb gətirən quldur belə haqsız bölgüdən narazı qaldı: 

- Mənə də beş qızıl, onlara da? 

Onun sözləri Quldurbaşını hirsləndirdi. Narazı qaldığına görə qızılları gətirən qulduru yaxşıca  döydürdü, özünü də atdırdı köhnə xarabalığa. Səhər Gülməli xarabalığın yanından keçəndə qulağına səs gəldi. Yaxınlaşıb gördü bu, onlarda qonaq qalan adamdır. Qonağı birtəhər sürüyüb apardı evə. Ata-ana onun yaralarına məlhəm qoydular. Bir neçə gün qulluğunda dayanıb, onu sağaltdılar. 

Nə Gülməlinin, nə də ata-anasının xəbərləri də yox idi ki, qızılları oğurlanıb. 

Quldur belə adamlara pislik etdiyinə görə xəcalət çəkdi. Sağalan kimi ev sahibləri ilə halallaşıb yola düzəldi. Özünə söz verdi ki, mütləq quldurlardan qisas alacaq. 

Gecə yarıdan keçəndən sonra getdi quldurların mağarasına. Gecə ilə hamının qızılını, qiymətli daş-qaşını yığışdırıb gətirdi Gülməligilin həyətinə. Onları səssizcə basdırdı əvvəl oğurladığı qızılların yerinə.  

Səhər quldurlar gördülər, onları kim isə talan edib. Heç ağıllarına da gəlmədi ki, bunu edən, döyüb, xarabalığa atdıqları quldurdur. Hamı bir-birindən şübhələndi. Möhkəm dava düşdü. Bir-birlərini döyüb xurd-xəşil elədilər.

Bu həmin vaxt idi ki, Gülməlinin anası dadlı aş bişirmişdi. Evin əziz qonağı da orda idi. Hamı buğlanan aşdan ləzzətlə yeyirdi.

Səhər qonaq üçün bazarlıq eləmək istəyəndə Gülməli getdi qızıl basdırdığı yeri qazdı ki, bir qızıl çıxarıb xərcləsin. Qazıb nə görsə yaxşıdır?!.. Qızıl küpünün yan-yörəsi də qızıl, gümüş, ləl-cəvahiratla doludur. Uzun sözün qısası, böyük bir xəzinə əmələ gəlib. Gülməli tez ata-anasını çağırdı. Hamının təəccübdən gözləri bərələ qaldı. Heç kəs bilmədi bu qədər qızılı bura kim gətirib töküb. Bu, bir sirr olaraq qaldı. Qonaq isə, ev sahiblərinə heç nə deməyib altdan-altdan gülürdü.

Səhər hər yana səs düşdü ki, Gülməligil yenə xəzinə tapıblar. Quldurlar da bu xəbəri eşitdilər. Amma onların halı yox idi ki, ayağa qalxsınlar. 

Gülməligil bu var-dövlətlə xoşbəxt yaşadılar.

Nağılı düzüb-qoşan ozan arzu edir ki, bu nağılı eşidən və oxuyan hər kəs də bir sandıq tapsın. Sandığın ağzını açanda görsün içərisi doludur sevinclə. Hey xərcləsin, sevinc dolu sandıq boşalmaq bilməsin ki, bilməsin! Ömrü boyu həmin sevinclərin içərisində, sevdiklərinin əhatəsində şad və xürrəm yaşasın və hərdən də Gülzar nənəni yada salsın...