İki qurbağa

Müəllif: Gülzar İbrahimova

Dənizkənarı parka

Gəldi iki qurbağa.

Boyları bapbalaca,

Biri-birindən qoca.

 

Baxdılar təbiətə,

Başladılar söhbətə.

Keçmişdən danışdılar,

Qur-qur quruldaşdılar. 

 

Qurb Ağa: 

- Yadında, Qur-qur Ağa,

Gedərdik güllü bağa,

Qara moruq yığmağa,

Gizlənpaç oynamağa?

 

Qur-qur Ağa:

- Bağa səs-küy salardıq,

Qur-qur quruldaşardıq.

Çəyirtkə ovlayanda,

«Qur-qur-qur» oxuyardıq!

Qurb Ağa: 

- Atılardıq, düşərdik,

Yarpaqdan sürüşərdik,       

Qoruqçu gələn kimi

Tez qaçıb gizlənərdik.

 

Qur-qur Ağa: 

- Dırmaşardıq qayaya,

Tullanardıq düz çaya.

Nənəmiz hirslənərdi,

«Evə gəlin», deyərdi.

Qurb Ağa:

- Müəllimimiz Tısb Ağa

Bizdən gileylənərdi,

«Qovun onları getsin!»,

Direktora deyərdi.

Qur-qur Ağa:

- Yadımdadı, bir dəfə

Gölə düşdü zürafə.

Onda nə qədər güldük,

Səbəbsiz, düşük-düşük…

Qurb Ağa:              

- Ürəkdən şənlənərdik,

Kədər nədi bilməzdik.

Biri bir söz deməmiş

Uğunardıq gedərdik.

 

 

Qur-qur Ağa:

- Bəs yadında yarışda,

Siçanı necə ötdük?

Siçan cığallıq etdi,

Onu yaxşıca döydük.

 

Qurb Ağa:

- Yadında, Qur-qur Ağa,

Çayda sulaşmağımız?..

Ağacdan bir tut düşəndə

Onu göydə tutmağımız?

Qur-qur Ağa:

- Yaman möhkəm dost idik,

Heç vaxt ayrı gəzməzdik.

Bir-birimizdən ayrı,

Bir tikə də yeməzdik!