“Oğul”, ‒ dedi mənə Vətən!

Müəllif: Gülzar İbrahimova

Yaralandı, bir gün Vətən

Qarşısında diz çökdüm mən,

Vətənimə dəyən güllə

Sancıldı düz ürəyimə,

Həm də məni yaraladı,

Ürəyimi paraladı.

Ürəyim yaman ağrıdı

Vətən dərdi çox ağırdı,

Bir səs gəldi ürəyimdən,

Qurban olum sənə, Vətən!

Dedim, Vətən, lazım olsa,

Sənə qanımı verərəm,

Lazım gəlsə canımı da

Səndən əsirgəmərəm!

Belə deyib sızladım,

Vətənimi əzizlədim

Oxşadım.

Ürəyindən gülləsini

Dişlərimlə çıxartdım, 

Vətənimin yarasını

Əllərimlə bağladım.

Gecə-gündüz keşiyində

Dayandım, oyaq qaldım,

Sızıltısına “can” dedim

Yarasına qurban dedim,

Yuxusuz günlər keçirdim

Hədər getmədi zəhmətim!

Bir gün Vətən ayıldı

Yaraları sağaldı.

Başı üstə görüb məni

Başımı tumarladı

“Oğul” ‒ dedi, mənə Vətən

Ağladım sevincimdən!

 

şeir - uşaq şeiri - kiçik yaşlı uşaqlar üçün şeir