Tamahkar oğul

Müəllif: Gülzar İbrahimova

(Dahilərdən tərcümə edilmiş)

Bir kasıb kişi olur. Bir gün daxmasının həyətində bir qızıl ilan görür. Baltanı götürür onu öldürsün, ilan insan kimi dil açıb deyir:

- Ey insan, öldürmə məni, əvəzində sənə hər gün bir qızıl verərəm, kasıblıqdan çıxarsan!

- Yaxşı! ‒ Deyib, kişi ilanı buraxır.

Həmin gündən başlayaraq ilan hər gün kasıb kişiyə bir qızıl verir. Kişi də həmin qızılı xırdalayıb dolanır.

Bir gün odun doğrayanda kişi əlini yaralayır, daha odun doğraya bilmir. Bundan xəbər tutan ilan hər gün kişiyə bir yox, iki qızıl gətirir.

Bir gün kişi xəstələnib yatağa düşür. Oğlunu yanına çağırıb deyir:

- Get bağa, odunların yanına bir ilan gələcək. Sənə iki qızıl verəcək, götürərsən.

Kasıb kişinin oğlu gəlir həmin yerə. Baxır ki, ilan onu gözləyir, qarşısında da iki qızıl. İstəyir ki, ilanı öldürsün, izi ilə gedib xəzinənin yerini öyrənsin. Və beləliklə xəzinəyə sahib olsun. Bu məqsədlə baltanı qaldırıb düz ilanın başına endirir. İlan bir anda qıvrılıb oğlanın ayağına sarılır, balta başına yox, quyruğunun ucuna dəyib qoparır. İlan isə onun ayağından çalıb, bütün zəhərini bədəninə yeridir.

Ata xeyli gözləyir, görür ki, oğlu gəlmədi. Durub xəstə-xəstə oğlunun dalınca gedir. İlanı quyruqsuz, oğlunu isə ölmüş görəndə hər şey ona məlum olur. İlana deyir:

- Sən neylədin, ay nankor ilan?!

İlan kişiyə belə cavab verir: Oğluna düzgün tərbiyə versəydin, onu tənbəl, tamahkar, acgöz böyütməsəydin indi nə mən quyruqsuz qalardım, nə də sən oğulsuz...