Dadlı konfet

Müəllif: Gülzar İbrahimova

(Dahilərdən tərcümə edilmiş)

Ata və ana həmişə deyirdilər: “Bizim əziz balalarımız, həyətdə, küçədə tanımadığınız adamlardan heç nə alıb yeməyin. Ürəyiniz istəsə də almayın. Bu qadağandır! Olmaz!”.

Amma bacı-qardaş Yavər və Xavər başa düşə bilmirdilər ki niyə qadağandır? Onlar həmişə, harda olsa, kim nəyə qonaq eləsə,  alıb yeyidilər, “heç nə olmaz!”, deyirdilər.

Bir gün iki yad əmi Yavərlə Xavərə rəngli noğullar verdilər. Noğullar elə şirin, dadlı idi ki, uşaqlar yenə istədi. Əmi dedi:

- Maşında var, gedək verim nə qədər istəyirsiniz, yeyin!

Xavər qardaşından soruşdu:

- Gedək?

Yavər sevincək dedi:

- Əlbəttə gedək!

Maşında o qədər noğul var idi ki, uşaqlar ovuclarını doldurub ağızlarına tökdülər. Birdən Yavər gördü bacısı meymuna döndü, bacı da gördü qardaşı meymuna döndü. Aman! ...

Yazıq bacı-qardaş nə qədər qışqırdılar, camaatı köməyə çağırdılar, heç kəs onları başa düşmədi. Yad əmilər onları maşına mindirib apardılar.

Onlar bir neçə ay meymuna dönmüş uşaqlara rəqs öyrətdilər. Sonra isə onları meydanlarda oynadıb pul yığmağa başladılar. Camaat meymunlara yemək atırdılar.

Bir dəfə meymunlar tamaşa göstərəndə analarını gördülər. Onlar qaçıb analarını qucaqladılar. Ana o saat balalarını tanıdı. Onun gözlərindən bir damla göz yaşı balalarının üstünə düşən kimi tilsim qırıldı və meymunlar
dönüb təzədən uşaq oldular. Yad əmilər qorxularından yoxa çıxdılar.

Yavərlə Xavər ata-analarının sözlərinə baxmadıqlarına görə çox peşman olmuşdular. Amma yaxşı ki, bir damla göz yaşı onları xilas elədi.