Mənim heç vaxt şarım olmayıb!

Müəllif: Gülzar İbrahimova

(Dahilərdən tərcümə edilmiş)

Bir qoca, kobud kişi uşaqlara şar satardı. Çox vaxt uşaqların qəlbini sındırar, ağladardı. Bir gün balaca – 6 yaşlı bir oğlan bu kişinin xasiyyətini dəyişdirdi. Necə? Qulaq as, deyim.

Bir dəfə kişi bir kasıb məhəllədə şar satırdı. Bir uşaq utana-utana ona dedi:

- Şarsatan əmi, mənim heç vaxt şarım olmayıb.

Şarsatan uşağı başdan ayağa süzüb soruşdu:

- Pulun var?

- Bayramda var idi, gələn bayram yenə olacaq. İndi yoxumdu.

- Bayramda gələrsən. Tələsmirəm, gözləyərəm.

Oğlan səssiz geri döndü. Onun gözləri dolmuşdu. Getdi, amma tez-tez dönüb şarlara baxırdı. Bir də baxanda gördü şarlar, kişinin əlindən çıxaraq yol kənarındakı böyük akasiya ağacının budaqlarına ilişdi. Şarsatan uşağı çağırıb dedi:

- Şarları ağacdan düşürsən, birini sənə verərəm.

Oğlan sevindi. Tez qaçıb ağaca dırmaşmağa başladı.

Ağac tikanlı olduğundan neçə şar partlamışdı. Qalanlarını tutub sahibinə verdi. Tək bir şardan başqa. Nə qədər elədi, hündürdə olduğundan əli ona çatmadı. Tikan dizlərini qanatdı deyə, ağacdan düşdü. Şarsatan gedəndə oğlan soruşdu:

- Əmi, bəs demişdin mənə şar verəcəksən?

- Sənin payın ağacda qaldı, ‒ deyib uzaqlaşdı.

Belə deyəndə uşaq həsrətlə ağaca baxıb dərindən bir “ah” çəkdi. Sonra ürəyində dedi: “Eybi yox, ağacda da olsa şarım var!”.

Bir az getmişdi, oğlan gördü bayaqkı şarlar topası ilə göydə uçur. Xeyli qaçandan sonra onları tuta bildi və xeyli axtarandan sonra sahibini tapıb şarları ona qaytardı.

Şarsatan həmişə o qədər kobud və qəddar olmuşdu ki, gözlərinin yaşardığı yadına gəlmirdi. İndi isə onun gözündən bir damla yaş düşdü. Bu mehriban, gözütox, ağıllı, kasıb balaya elədiyi pisliyə görə çox peşman oldu. Bu göz yaşı ilə birlikdə onun kobudluğu və qəddarlığı da getdi.