Bir damla göz yaşı

Müəllif: Gülzar İbrahimova

(Dahilərdən tərcümə edilmiş)

Xəstəxanada iki uşaq yatırdı. Birinin ayağı əzilmiş, o birininki sınmışdı. Ayağı əzilən Tahir divar tərəfdə yatırdı. Ayağı sınan Fərda isə pəncərənin yanında. Tahir çox ah-vay edir, “darıxıram, xəstəxanadan çıxmaq istəyirəm”, ‒ deyirdi. Fərda isə ağrıya dözür, səsini çıxartmırdı. Bütün günü pəncərədən boylanır, orda gördüklərini palata yoldaşına danışırdı:

- Ora bax, necə qəşəng futbol oynayırlar, top sarışın oğlandadır. Əla oynayır, bax, vurdu, qooolll!

- Səsləri niyə gəlmir?

- Pəncərəni elə düzəldiblər səs keçirmir. Müasir xəstəxanadır, xəstələr narahat olar deyə, belə eləyiblər.

- Aç pəncərəni, səslərini eşidim.

- İstədim açam, açılmadı. Bax, bir komandada balacalardı, o birində böyüklər. Balacalar böyüklərdən yaxşı oynayır. İçərilərində bir qıvrımsaç oğlan var, boydan hamıdan balacadır, amma hamıdan cəlddir. Demək olar bütün qolları o vurur.

- Biz də sağalandan sonra futbol oynayarıq!

- Mütləq! Ona bax balaca uşaq da qaçır meydançaya. Vay, vay! İndicə top ona dəyəcək. Uşaqlar onu görmürlər. Bu saat dəyəcək. Tərsliyə bax, anasının da başı söhbətə qarışıb. Aman yıxıldı uşaq! Nə pis oldu... Aaaa... şeytana bax. Durub gülür, mən də onun əvəzinə həyəcan keçirirəm. Anası gördü, nə yaxşı oldu, yoxsa top ona dəyərdi. Elə balaca uşaqdır, deyəsən təzə ayaq açıb, güclə yeriyir.

- Darıxıram! Sən darıxmırsan?

- Darıxıram, neyləyim, dözürəm. Bu qədər danışıram ki, sən darıxmayasan, yenə darıxırsan?!

Fərdanın yanına dostları tez-tez gəlirdilər deyə, Tahirin buna paxıllığı tutur, gələnləri acılayırdı: "Bərk danışmayın! İşığı söndürün! Az gülün! Gedin, yatıram!".

 Fərda heç vaxt palata yoldaşının xətrinə dəymirdi.

Bir gecə Fərda tualetə çıxanda işığı yandırdı. Tahir hirsləndi:

- Görmürsən, yatmışam?!

Fərda tez işığı söndürdü. Bir az getmişdi, qoltuq ağacı çarpayıya ilişdi, o yerə yıxıldı. Sınan ayağı yaman acıdı. Sızıldayıb Tahiri çağırdı:

- Tahir, dura bilmirəm, həkim çağır!

Səs gəlmədiyini görüb bir az da bərkdən dedi:

- Nə olar, “yardım” düyməsi sənə yaxındır, onu bas!

Tahir onu eşidir, amma özünü yatmışlığa vururdu. Bir azdan Tahir görəndə ki, səs kəsildi, tez “yardım” düyməsini basdı. Həkimlər, tibb bacıları gəldi. Fərda huşunu itirmişdi. Fərda yıxılanda ayağı təzədən sınmışdı deyə, onu yenidən əməliyyat edib reanimasiya şöbəsinə apardılar.

Tahirin xahişi ilə onu Fərda yatan çarpayıya keçirtdilər. O, pəncərədən bayıra baxmaq istəyirdi. Amma baxanda heç nə görə bilmədi. Çünki pəncərənin qarşısında hündür, daş hasar var idi.
Burdan heç nə görünmürdü. Nə uşaqlar, nə də futbol meydançası...

Tahir təəccübləndi. Çətinliklə də olsa, Fərdanı axtarıb tapdı.

Əməliyyatdan sonra Fərda təzə ayılmışdı. “Pəncərə” məsələsini eşidəndə ağappaq üzü utandığından qızardı. Çətinliklə danışdı:

- Mən hər şeyi özümdən uydururdum ki, sən darıxmayasan!

- Bu sözləri eşidəndə Tahirin gözündən bir damla yaş çıxıb Fərdanın alnına düşdü. Tahir:

- Bağışla məni! – Deyib axsaya-axsaya otağına getdi. O, vicdanı qarşısında xəcalətindən diz çökdü. Xəstəxanadan çıxandan sonra isə həmişəlik Fərda ilə dost oldu...