Ağa və nökərlər

Müəllif: Gülzar İbrahimova

(Dahilərdən tərcümə edilmiş)

Bir tacir nökərini də götürüb səfərə çıxır. Tacir arıq və çəlimsiz, nökər isə hündür və yaraşıqlı idi. Səfərdə ağanın alveri yaxşı baş tutur, çoxlu pul qazanır. Bazarın böyüyü bir gün gəlir dükana. Ağa həmin vaxt dükanda olmur. Bazarın böyüyü nökəri ağa bilib ona deyir:

- Ağa, axşam mənə qonaq olarsınız!

- Yaxşı, ‒ deyir nökər, - gələrik!

Qonaqlıqda ev sahibi nökəri yuxarı başda, xalça, döşək üstündə oturdur. Ağaya isə aşağı başda, qapıya yaxın yerdə yemək qoyur. Ağa bundan bir şey başa düşmür. Yeməyə əl də vurmur.

Qonaqlıqdan sonra nökər ağasına bir təpik vurub deyir:

- Mən sənə yemək bəyəndirə bilmirəm. Niyə yenə yeməyə əl vurmamısan? Sənin nazın məni bezdirib. Bu gündən səni qovuram! Rədd ol, hara istəyirsən, get!

Ağa məəttəl qalır. İstəyir nökəri vursun. Nökər ondan cəld tərpənib ağasının qollarını burub, yerə yıxır:

- Elədiklərim burnundan gəlsin! Hələ mənə əl qaldırmaq istəyirsən?

Bazarın böyüyü, qonaqlar başa düşə bilmirlər ki, ağa kimdir, nökər kim.

O deyir "Ağa mənəm!", bu deyir, "Ağa mənəm!". İş gedib qaziyə çıxır. 

Qazi əmr edir:

- Onları aparın qülləyə, çıxsınlar qüllənin ən hündür mərtəbəsinə!

Qazi deyən kimi edirlər. Qazi yenə əmr edir:

- İkiniz də əllərinizi qüllənin pəncərəsindən bayıra çıxarın!

İkisi də qazi deyəni edir. Qazi qəfildən qışqırır:

- Yalan danışdığına görə baltanı elə vurun, nökərin əlləri kəsilsin!

Cəllad nökərin əlini kəsməsə də, nökər tapılır. Necə?

 

Cavab:

"Baltanı elə vurun, nökərin əlləri kəsilsin!". Bu sözləri eşidən nökər tez əllərini çəkir. Yalanının üstü açılır.