Hiyləgər vəzir

Müəllif: Gülzar İbrahimova

(Dahilərdən tərcümə edilmiş)

Bir padşaha qırx dəvə yükü tovuz quşu lələyi pay göndərirlər. Şaha məlum olur ki, yükün biri yoxa çıxıb. Şahın bir hiyləgər və çoxbilmiş vəziri var idi. Şah əmr edir, vəzir itmiş yükləri tapsın.

Vəzir yük gətirən bütün tacirləri qonaq çağırır. Qonaqlıqdan əvvəl hamını diqqətlə nəzərdən keçirir sonra üzünü qonaqlara tutub qışqırır:

- Nə cürətlə şahın lələklərini oğurlamısan? Hələ utanmaz-utanmaz saqqalından tovuz lələyini təmizləməyib saraya da gəlmisən?

Hamı təəccüblə bir-birinə baxdı. Vəzir qonaqlardan birini göstərib dedi:

- Dəvə yükünü sən oğurlamısan!

Həmin adam rəng verib rəng aldı. Dili topuq vurdu, danışa bilmədi.

Oğrunu tutub apardılar. Onun yüklərini yoxlayanda həqiqətən də oğru olduğu təsdiqləndi. Şahın əmri ilə oğru cəzasına çatdı.

Qonaqlıqda hamı bir-birindən soruşdu:

- Vəzir oğrunu necə tapdı?

Suala heç kəs cavab tapa bilmədi.
Sən cavabı tapa bilərsən?

 

Cavab:

Vəzir deyəndə ki, "Utanmaz-utanmaz saqqalından tovuz lələyini təmizləməyib saraya da gəlmisən?", qonaqlardan biri bunu eşidən kimi tez əlini saqqalına apardı.