Balaca oğlan qocaya necə kömək elədi?!

Müəllif: Gülzar İbrahimova

(Dahilərdən tərcümə edilmiş)

İki səfeh yoldaş səfərə çıxır. Yolda bir axsaq yolçuya rast gəlirlər. Yolçu xahiş edir:

- Mən də sizinlə gedim, yolumuz birdir.

Razılaşırlar.  Axşama qədər yol gedirlər. Bir hamama çatanda axsaq yolçu deyir:

- Bura yaxşı hamamdır, gedək yuyunaq, dincələk!

Razılaşırlar. Hamamçı beli bükülmüş bir qoca idi. Yolçular çimməyə girəndə pul kisələrini qocaya verirlər saxlasın. Qoca soruşur:

- Pullar kimindir?

- Saxla kisələrimizi, hərə öz kisəsini tanıyır. Üçümüz də bir yerə yığılanda qaytararsan!

Qoca pul kisələrini gizlədir. Çiməndə axsaq yolçu deyir:

- Burda hər çimənə kisə verirlər. Qoca bizə kisə vermədi. Gedim gətirim!

- Gətir, ‒ deyə yoldaşları razılaşır. Axsaq yolçu qocaya yaxınlaşıb, ondan hamam kisəsi yox, pul kisələrini istəyəndə qoca vermir:

- Verə bilmərəm! Hamınız bir yerə yığılanda, verəcəyəm!

Axsaq yolçu bilmir qocanı necə aldatsın:

- Ay qoca, məni şərab almağa yolladılar, inanmırsan özlərindən soruş!

- İnanmıram, pulun yanından da heç yerə durmaram! Özləri desin, verim!

Axsaq yolçu içəri girib yoldaşlarına dedi:

- Qoca deyir, hərə gəlib öz kisəsini aparsın. Burdan qışqırın, "Bizim kisəmizi verin yoldaşımıza!", verəcək!

Yoldaşları onun dediyi kimi, içəridən qışqırdılar:

- Bizim də kisəmizi verin yoldaşımıza!

Qoca pul kisələrini axsaq yolçuya verən kimi o geyinib hamamdan çıxdı. Elə qaçdı, axsamaq da yadından çıxdı.

Yoldaşları çimib-qurtarıb qocadan pul kisəsi istəyəndə qoca dedi:

- Özünüz dediniz, "bizim də kisəmizi verin yoldaşımıza!", mən də verdim!

Qoca nə qədər and-aman elədi, ona inanmayıb qazının yanına apardılar. Qazı hamıya qulaq asıb dedi:

- Qoca, təqsirkarsan! Pulu tapıb sahiblərinə qaytarmalısan!

Qazinin yanından ağlaya-ağlaya çıxan qoca yolda bir oğlan uşağı ilə rastlaşır. Uşaq soruşur:

- Niyə ağlayırsan, baba?

Qoca demək istəmir, uşaq əl çəkmir. Axırda qoca hər şeyi olduğu kimi uşağa danışır. Uşağın qocaya yazığı gəlib deyir:

- İstəsən sənə kömək edərəm, canın bu insafsızlardan qurtarar.

- Əlbəttə istəyirəm.

- Onda get qazıya belə de!

Uşaq əyilib qocanın qulağına nəsə pıçıldayır. Qoca görür uşaq deyən ağlabatandır, gedib qazıya deyir. Ondan sonra canı iki səfeh yoldaşdan və bir oğrudan qurtarır.

Uşaq qocanın qulağına nə deyir?

 

Uşağın cavabı:

Uşaq qocaya deyir:

- Get qazının yanına, de mən pulu o vaxt verəcəyəm ki, yoldaşların dediyi kimi, onların üçü də bir yerdə olsun!