Yalançı dovşan

Müəllif: Gülzar İbrahimova

Günlərin bir günü, Ayı bilmədən Dovşanın ayağını tapdaladı. Dovşan elə bağırdı, az qaldı Ayının qulaqları tutulsun:

- Aman, öldüm! Vay, ayağım sındı! Ay anaaaa...

Ayı çox pərt oldu. Bilmədi neyləsin ki, Dovşanın könlünü alsın:

- Bilmədim, vallah, bilmədim! Yöndəmsiz bədənim qoymur ayağımın altını görüm! Bağışla, Dovşan, bağışla!

- Bağışlaya bilmərəm! Vay ayağım, ayaqsız qaldım! Bundan sonra ayaqsız neyləyəcəyəm? Necə hoppanıb düşəcəyəm? Ay-ay, öldüm!

- Yaxşı, yaxşı, sakit ol! Mən səni bu vəziyyətdə atıb getmərəm, gəl, gedək mağarama! Nə lazımdırsa edərəm, ayağın tez sağalar.

Ayı dediyi kimi elədi. Dovşanı qucağına alıb, mağarasına gətirdi. Yedirtdi, içirtdi, ayağına dərman bağladı. Yumşaq yerdə yatırtdı. Bir gün belə, beş gün belə, on beş gün belə, Ayı Dovşana elə baxırdı, Dovşanın yuvasına getmək fikri yox idi. Ayı hər dəfə soruşurdu:

- Dovşan, a dovşan, ayağın yenə ağrıyır?

- Ağrıyır nədi, günü gündən pisləşir. Belə getsə ayaqsız qalacağam!

Ayı Dovşana inanır, hər dəfə bazardan ona dadlı yeməklər alırdı. Kök, dondurma, tort, şokolad, nələr, nələr... Amma dovşan heç vaxt razı qalmırdı:

- Nə qədər eyni yeməkləri yemək olar?
Belə yeməklərlə sağalmaq olar? Armud, üstündə də bal yemək istəyirəm!

Ayı gedib onu da alıb gətirdi.

Bir gün Ayı yolda Tülküyə rast gəldi. Tülkü:

- Yaman fikirlisən, bir şey olmayıb ki?

Ayı başına gələnləri Tülküyə danışdı. Tülkü hiyləni başa düşdü. Çünki o özü belə hiylələri çox eləmişdi. Təəssüflə dedi:

- Yazıq dovşan, onu mütləq həkimə aparmaq lazımdır, özü də təcili!

Ayı razılaşdı. Ayı ilə Tülkü Dovşanın yanına gələndə Dovşan şirin-şirin yatmışdı. Tülkünün səsinə yerindən dik qalxıb oturdu. Tülkü Ayıya dedi:

- Mənim də ayağım belə olmuşdu. Yəqin ayağı yerindən oynayıb. Dovşana təcili keyidici iynə vurub ayağını yerinə salmaq lazımdır. Mən həkiməm, bunu asanlıqla edə bilərəm.

Dovşan iynə adı eşidən kimi yerindən dik atıldı. Elə qaçdı Ayı təəccübdən yerində qurudu. Amma Tülkü təəccüblənmədi. Çünki Dovşanın hiyləsini başa düşmüşdü:

- Gördün?

- Gördüm! – Deyə Ayının gözləri təəccübdən bərəldi.

Beləliklə, Ayının canı yalançı Dovşandan qurtardı. O, Tülküyə minnətdarlıq elədi. Yalanının üstü açılmış Dovşanı isə daha bu tərəflərdə görən olmadı.