Murad və Qaradın dostluğu

Müəllif: Gülzar İbrahimova

Murad adlı bir oğlan soyuqdan çox qorxardı. Qar yağan kimi yorğana bürünüb yatar, hətta qartopu da oynamazdı. Onu nənəsi belə öyrətmişdi. Muradın anası işdə olurdu deyə, o, çox vaxt nənəsi ilə qalırdı. Nənə isə qışda həmişə belə deyirdi: 

- Sənə soyuq dəyər, Murad, belə havada bayıra çıxmazlar, xəstələnərsən.

- Bəs uşaqlara niyə soyuq dəymir, bütün günü qarda oynayırlar?

- Onlar başa düşmürlər, sonra xəstələnəndə peşman olacaqlar.

- Nənə, dərsə heç kim bu qədər jaket geyinmir, niyə mənə üçünü geyindirirsən?

- İstidən hələ heç kim xəstələnməyib, amma soyuqdan donmaq olar!

Belə-belə nənə Muradı soyuqdan, qardan küsdürdü. Qar yağır, hamı qartopu oynayır, xizəkdən sürüşür, o isə soyuqda yatırdı.

Bir gün Murad yuxuda gördü ki, hər tərəf qarla örtülüb. O da başqa uşaqlar kimi qartopu oynayır. Sonra qaradamı düzəltdi.

Bu vaxt anası Muradı yuxudan oyatdı:

- Dur, qar yağıb, get sən də uşaqlarla qartopu oyna! 

Murad eşitsə də, özünü yuxululuğa vurub, yorğanı bir az da başına çəkdi. Amma gördüyü yuxu yadına düşəndə dik qalxıb oturdu:

- Ana, inanırsan ki, yuxuda Qaradamı düzəltmişəm? Özü də danışırdı.

- Nə deyirdi?

- Deyirdi, "gəl qartopu oynayaq!".

- Sən nə dedin?

- Dedim mənə soyuqdur, o qədər güldü ki...

- Bu, sehrli yuxudur, gərək mütləq həyətə düşüb Qaradamı düzəldəsən.  

Murad anasının sözünə qulaq asdı. Geyinib həyətə düşdü, qartopu oynadı. Sonra böyük bir Qaradamı düzəltdi. O, elə şirin, mehriban çöhrəli alındı ki… 

Gecə yatanda Murad düzəltdiyi Qaradamını yuxuda gördü. O, soyuqdan tir-tir əsir, deyinirdi:

- Mənə soyuqdur, papaqsız qalmışam, soyuqdan donuram! O qədər papağın var, hamısını yığmısan evə. Birini də qoymamısan başıma. Başıaçıq qalmışam. Heç başıaçıq Qaradamı görmüsən? Özün də elə hey yatırsan, yatırsan, mən də burda soyuqdan ölürəm!

- Vay-vay, ‒ deyə, Murad səhvini başa düşdü. Tez yuxudan durdu. Ən qalın papağını aparıb Qaradamının başına qoydu və yavaşca dedi: 

- Bağışla, səhv eləmişəm! 

Bu vaxt Qaradamı dil açıb insan kimi danışdı:

- Eybi yox, amma yaxşı ki gəldin, az qala buza dönəcəkdim! Canım isindi, indi oynaya bilərik!

- Sən adam kimi danışırsan?

- Məgər mən adam deyiləm? Ağzında deyirsən, "Qaradamı"! Bütün adamlar kimi mən də danışa bilirəm!

- Nə yaxşı! – Murad sevindi, - onda gəl dost olaq, ‒ dedi.

- Dost olduq! 

Həmin gündən daha Murad qardan, soyuqdan qorxmadı. Çünki Qaradam onun yaxın dostu idi. Murad dostuna ad da qoymuşdu: “Qarad”. Qaradamının adından çox xoşu gəlirdi. 

Bir gün Murad xizəyini də götürüb həyətə düşdü. Bir az Qaradla qartopu oynayandan sonra qalxdılar hündür bir təpənin başına ki, Murad ordan xizəklə aşağı sürüşsün. “Uraaa!”, deyib sürüşdü də…

Aşağıda üç oğlan dayanmışdı. Onlar tez xizəyi götürdülər. Murad hirsləndi:

- Verin mənim xizəyimi!

- Sürüşək, verərik!

- Xahiş eləsəydiniz verərdim, vermirəm!

Uşaqların üçü də yavaş-yavaş gedirdilər Muradın üstünə ki, onu vursunlar… 

Birdən Qarad təpənin üstündən gördü ki, uşaqlar Muradı vurmaq istəyirlər. Qarad hirsləndi. Yumrulanıb düz təpədən aşağı yumbalandı. Uşaqlar Qaradamının altında qalıb elə əzildilər, elə əzildilər, güclə ayağa qalxıb evlərinə gedə bildilər.

Qarad ilə Murad o qədər güldülər ki… 

Bu il qış Murad üçün çox maraqlı keçdi. Amma o, bir gün gördü Qarad çox bikefdir, soruşdu:

- Nə olub sənə, niyə bikefsən? 

- Yazın gəlməyinə az qalıb, havalar isinir. Əriyib suya dönəcəyəm. Ən dəhşətlisi isə odur ki, səndən ayrılacağam.

Bu, Murad üçün çox pis xəbər oldu. Həmin gündən o, bikef gəzməyə başladı.

Muradın bir dayısı var idi, gəmidə kapitan işləyirdi. Muradı çox istəyirdi. O, Muraddan bikef olmasının səbəbini soruşanda Murad hər şeyi ona danışdı. Dayı:

- Hər şeyə çarə var! – Deyib Qaradı öz gəmisinə mindirib Antarktidaya apardı.

Ayrılanda Murad göz yaşını güclə saxlasa da, Qarad saxlaya bilmədi. Onun gözündən iki yumru buz parçası düşdü.