Nənələr və babalar

Müəllif: Gülzar İbrahimova

“Əlini məktəbdən özüm götürərəm!” Hər 4-cü gün nənəmin telefonla dediyi bu sözlər məni sevindirərdi. Beşinci günü xoşlayardım. Dərslərim qurtarar, nənəm gəlib məni dərsdən götürərdi. O, məni bağrına basanda ondan bir cür qoxu gələrdi. Elə xoşlayardım ki, bu qoxunu... Onlara getməmişdən əvvəl evlərinin yaxınlığındakı bağda gəzərdik.

Bağ həmişə gözəl olardı. Orda bütün fəsillərdə quşlar oxuyardı. Yağış yağanda quşlar gizlənər, yağış kəsən kimi yenə oxumağa başlayardılar. Dələlər ağacdan-ağaca tullanardı.

Mən məktəbdən şirin kətə alıb yarısını yeyərdim, yarısını dələlərə saxlayardım. Kətəni balaca tikələrə bölüb, budağa qoyardım. Tullana-tullana gəlib kətəni şirin-şirin yeyərdilər.

Yağış başlayanda nənəmlə mən tez evə qaçardıq. Nənəm elə gülməli qaçırdı ki...     

Qarlı havada nənəm möhkəm tapşırardı: “Yıxılarsan, yuxarıdan sürüşmə! Aşağıda dayanma, sürüşənlər sənə dəyər. Əlcəyini çıxartma, əlin donar! Papaq qoy başına, hava şaxtalıdı!”

Papağı yayda da xoşlamazdım, nənəm acıqlanardı: “Gün səni vurar, papağını başına qoy! Daşın üstündə oturma, qarnın ağrıyar! Paltonu çıxartma, tərlisən! Soyuq su içmə, öskürürsən!”. 

Nə isə, nənəmin səsi kəsilməzdi heç vaxt! Elə bil radio idi. Danışar, danışmaqdan yorulmazdı. Nənəmin təkcə çox danışmağından xoşum gəlməzdi. Amma nağıl danışmağını elə xoşlayardım... Anama deyəndə “mənə nağıl danış” güclə bir balacasını danışardı, nənəmə deyən kimi, bir-birindən maraqlı nağıllar eşidərdim.

Bir də nənəm məni başqalarının yanında tərifləyəndə onun danışmağından xoşum gələrdi: “Yaman dərrakəli, zehnli uşaqdır, dərslərini əla oxuyur. Çox tərbiyəlidir. Müəllimləri onu tərifləyir. Olimpiada keçirilib, 3-cü yer tutub! Yaxşı şahmat oynayır.” Onda nənəmi lap çox istəyərdim.

Bağda gəzəndən sonra nənəmgilə gələrdik. Evdən elə ləzzətli qoxular gələrdi... O cür ləzzətli yeməklər heç yerdə olmazdı. Lavaşdan pendir tikəsi düzəldərdi. İçinə pomidor, xiyar, bir də nanə qoyardı. Dadından doymazdım.

Axşamlar nənəm mənə balaca sacda qarğıdalı partladardı. Parkdan həmişə partlamış qarğıdalı alsaq da, nənəmin bişirdiyi lap dadlı olardı.

Səhərlər nənəmin axşamkı nağıllarını yadıma salıb peşmançılıq çəkərdim. “Gərək yuxulamayaydım, nənədən çoxlu nağıl eşidəydim!”.

Hər bazar axşamı telefon zəngi məni nənəmdən ayırardı: “Hazırlaş, atan gəlir səni gətirsin!”

Mən tez-tez nənəmə zəng edərdim. Elə bil bilirdi ki zəng edən mənəm. Dəstəyi götürən kimi “can” deyərdi. Onunla danışmayanda darıxardım.

Bir gün yenə nənəmə zəng elədim. Telefon cavab vermədi. Sabah yenə zəng elədim, cavab vermədi.

- Niyə nənə telefona cavab vermir? – Soruşdum.

- Nənə uzağa gedib! ‒ Dedilər.

- Nə vaxt qayıdacaq?

- Bilmirik!

 Mən onu hər gün gözlədim. Bir gün dedilər, “qayıtmayacaq”, daha gözləmədim...

Amma elə darıxmışam nənəmin saçından gələn həna qoxusu üçün. Tez-tez “can, can” işlətdiyi səsi üçün...

Mən etdiyim səhvləri siz etməyin! Sevgiyə sevgi ilə cavab verin! Sevin nənələri, babaları! Küsdürməyin onları! Onlar kövrəkdirlər. Özləri də köçəri quşlar kimi, bir gün uçub gedirlər, sonra heç vaxt onları tapa bilmirsən.