Əli və Vəlidən anaya məktub

Müəllif: Gülzar İbrahimova

(iqtibas)

Ana! Bu gün 16 yaşımız olur. Sən bizə həyat verdin, həyatı başa saldın, bilmədiklərimizi öyrətdin.

Ona görə sənə minnətdarıq ki,  sən bizə uşaq yaşlarımızdan başqasının zəhmətinə qiymət verməyi öyrətmisən: “Əli, Vəli, çıxın gedin bayırda qırın bir-birinizi, döşəməni təzə silmişəm!”, deyə...

Bizə genetika elmini öyrətmisən! “Eynən atanızsınız!”, deyə...

Sən bizə dinimizi sevdirmisən, “Qurban olasınız
qonaqlara!”, deyə...

Sən bizə tez qərar verməyi öyrətmisən: “Səsinizi bu saat kəsməsəniz, sizi çırpacağam!”.

Mümkün olmayan işi belə, mümkün elətdirmisən!
“Ağzınızı bağlayın, yeməyinizi yeyin!”, deyə...

Sən bizə təmkinli, dözümlü olmağı öyrətmisən! “Dayan, evdə danışacağam sizinlə!”, deyə...

Sən bizə hətta ekstrasenslik öyrətmisən! “Mən bilirəm sizə soyuqdur, tez pencək geyinin!”, deyə...

Sən bizə necə böyüməyin yollarını öyrətmisən! “Meyvə yeyin, böyüyün!”, deyə...

Heyvanları tanıtmısan, sevdirmisən! “Eşşək sizdən yaxşıdır”, deyə!

Bizə qarşı o qədər diqqətli olmusan ki, hətta dərimizin zərif və qalınlığına da diqqət yetirmisən! “Gönünüz çox qalındır!”, deyə!

Sağ ol, ana, sən çox incə və diqqətlisən!  

                                          Əli və Vəli!