Şir şahın nağılı

Müəllif: Gülzar İbrahimova

Vaxt var idi bütün heyvanlar kimi İt, Pişik və Siçan da meşədə yaşayırdı. Özü də çox mehriban idilər. O vaxt Şir doğrudan da padşah, Dovşan isə onun vəziri idi. Hə, hə, tanıdığımız o qorxaq dovşan. Amma o vaxt heç də qorxaq deyildi. Hamı ondan qorxurdu. Hətta hiyləgər Tülkü də.

Heyvanlar bir-birinə dəyməz, yedikləri isə yalnız quş əti və meşədəki meyvələr, giləmeyvələr olardı.

Bir gün şahla vəzir ova çıxdılar. Şah pusqu qurub böyük bir Qızılquş ovladı. Sarayda quşu qəşəngcə təmizlədilər, duzunu, istiotunu vurub, turşu ilə basdırdılar, tonqalda bişirib şaha gətirdilər. Şah Qızılquşun dadına azca baxmışdı ki, gözləri böyüdü, Dovşana dedi:

- Vəzir, bu çox dadlı ovdur! Hələ mən ömrümdə belə dadlı ov əti yeməmişəm! Amma qoy qalsın, axşam uzaq şimal meşəsinin kralı ağ Ayı qonağım olacaq, onunla yeyərəm.

- Baş üstə, şahım! – Deyib, Dovşan baş aşbazın yanına gedib, şahın tapşırığını ona çatdırdı:

- Həmişə şahın yeməyindən qalan artığı yeyirsiniz, bax ha, tapşırıram, Qızılquşa dəyməyin, şah özü yemədi, qonağına saxladı. Axşam qonağı olacaq, onunla yeyəcək.

- Ham-ham, baş üstə, şah əmr edəndən sonra nə hünərimizdir, onun dediyini etməyək?! – Deyə, baş aşbaz hürə-hürə şahın istəyini yerinə yetirmək üçün gedib Qızılquşu süfrədən gətirdi. 

Dovşan gedəndən sonra İt, köməkçisi Pişiyə dedi:

- Bax, budur sənə deyirəm, bu quşa dəymirsən, onu elə saxlayırsan ki, olduğu kimi axşam süfrəyə qoya bilək! Unutma ki, şah hamımızı şirlərə yem edə bilər!

- Myauuuuu, bu nə sözdür, şahımız deyən, bizim üçün qanundur! Həddim nədir, şahın payına göz dikim? Bu saat onu aparıb möhkəm yerdə gizlədərəm!

Pişik bunu deyib, Qızılquşu cəld götürüb anbara apardı. Anbardar Siçan idi. O bütün günü nəsə yeyirdi. Pişiyi görən kimi tez qarşısına gəlib onunla görüşdü:

- Xoş gəlmisən, Pişik ağa, əlindəki nədir?

- Qızılquşdur! Özü də bişib. Onu möhkəm saxla, axşam şahın qonağı olacaq, süfrəyə qoyulacaq!

- Baş üstə!

Pişik Qızılquşu yerə qoyub getdi. Bütün anbarı qızardılmış quş ətri bürüdü. Siçan istədi quşu bir tərəfə çəkib üstünü örtsün, gücü çatmadı. Balalarını köməyə çağırdı. Bütün deşiklərdən iyirmiyə qədər siçan tökülüşüb gəldi. Çətinliklə quşu dolaba yerləşdirib qapısını qıfılladılar. Siçan tək qalanda o yana bu-yana göz gəzdirib heç kimin görmədiyini bilən kimi açarı kətilin altında gizlətdi.

Axşam qonaq gəlib çıxdı. Şir şah lovğalandı:

- Sənə Qızılquş kababı yedirdəcəyəm!

- Qızılquş kababı yeməmişəm, yeyib dadını bilərəm!

- Dovşan, tez baş aşbaza de, süfrə açsın!

- Baş üstə, şahım, – deyib, Dovşan mətbəxə qaçdı.

- Tez şahın Qızılquşunu süfrəyə gətirin! – Baş aşbaza dedi.

- Baş üstə! – Deyib, aşbaz, Pişiyi çağırdı.

Dovşan qonaqların yanına qayıtdı. Süfrə salınsa da, Qızılquş süfrəyə gətirilmədi. Şah bir az səbr edəndən sonra hirslə dovşana bağırdı:  

- Demədim Qızılquşu gətirin?!  

Dovşan qorxa-qorxa dedi: 

- Şah sağ olsun, hirslənməyin, mən bu saat həll edərəm!

Dovşan mətbəxə getdi. Baş aşbazı orda tapa bilmədi. Qızılquşu mətbəxdə tapa bilməyib anbara getdi. Anbar da boş idi. Orda da heç kəs yox idi. Bu işə məttəl qaldı. Qızılquş olan qızıl qabı görən kimi sevincək onu götürüb süfrəyə gətirdi. 

Şah lovğa-lovğa qabın qapağını qaldıranda nə gördüsə, elə nərə çəkdi ki, qonaq Ağ ayı qorxudan stolun altına girdi. Dovşan boylandı ki, qabın içərisində quşun yalnız sümükləri qalıb. Sümüklər isə ətdən elə təmizlənib, elə təmizlənib ki... 

Dovşan şahın qəzəbindən elə qorxdu ki, tir-tir titrəməyə başladı. Daha o vaxtdan Şir onu tapa bilmədi. 

Sən demə, ana Siçan balalarını köməyə çağıranda balalar qızarmış ətin iyindən başlarını itiriblər. Ana anbardan çıxan kimi anbara girib Qızılquşu axır tikəsinə qədər yeyiblər.

Şah bu oğurluğu heç kəsə bağışlamayıb belə əmr verdi:  

- Dovşan zindana salınsın! İt, Pişik və Siçan meşədən qovulsun! Onların ayaqları belə, meşəyə dəyməsin! Meşəyə gəlsələr digər heyvanlar tərəfindən yeyilmələrinə icazə verilir! 

Həmin vaxtdan İt, Pişik və Siçan daha meşədə yaşamadılar! Harda yaşadılarsa bir-birlərinə düşmən oldular. İt Pişiyə, Pişik Siçana. Dovşan meşədə qalsa da, həmişə qorxdu, qaçıb gizləndi ki, onu zirzəmiyə salmasınlar.