Hippokrat andı

Müəllif: Gülzar İbrahimova

Qədim zamanlarda Yunan məmləkətində Heraklid adlı çox bilikli bir təbib var idi. Heraklid təbibliyi atasından öyrənmişdi. Atası bilikli təbib olmuş, bildiyini oğluna da öyrətmişdi. Atasının ölümündən sonra Heraklid ondan da yaxşı təbib oldu. Sənətini sevdi, adamları sağaltdıqca ruhu təzələndi. Təbib həmişə sənətini öz övladlarından birinə öyrətməyi arzulayardı. Onun üç qızı və beş oğlu var idi. Amma ata övladlarının heç birində həkimlik qabiliyyəti tapa bilmirdi. Ümidi sonbeşiyi, beş yaşlı Hippokrata qalmışdı. 

Hippokrat dərman otları yığmaqda atasına kömək edər, barmaqları balaca olduğundan torpağın altından çoxlu soxulcan, cürbəcür qurdlar çıxarar, ata da onlardan dərman düzəldərdi. Bir də ata hiss eləmişdi ki, başı ağrıyanda əgər oğlu Hippokrat əlini onun başına qoysaydı, o saat ağrı kəsərdi. Buna görə ata səbrsizliklə gözləyirdi Hippokrat böyüyüb həkim olsun.

Günlər, aylar keçdi, Hippokrat səkkiz yaşına çatanda ata ağır xəstələndi. O daha əvvəlki kimi işləyə bilmirdi. Övladlarını başına yığıb dedi: 

- Sağalmaz xəstəyəm, daha işləyə bilmirəm. Təbibliyimi birinizə öyrətməmiş ölsəm, el, camaat məni qınayar. Deyərlər, lənətə gəlmiş Heraklid bildiyini heç kəsə öyrətmədi. Hamınızın qabiliyyətini yoxlamışam. Təbibliyim sizdən təkcə Hippokrata keçib. Bu gündən bildiklərimi ona öyrədəcəyəm. Əgər aranızda təbib olmaq istəyən varsa, o da dərslərə qoşula bilər.

Övladlar susdular. Hippokrat atasını qucaqlayıb dedi:

- Ata, sən qarnı ağrıyan bir nəfərin qarnını kəsəndə mən gizlin sənə baxmışam. Əllərin qanlı idi. O vaxtdan təbiblikdən xoşum gəlmir. Mən başqasının qarnını cırıb, orda nəsə axtara bilmərəm.

Atası oğlunun sözlərinə hirsləndi:

- Əvvəla, nahaq izinsiz, işimə baxmısan! Sonra sənə deyim ki, mən dəyirmançı Herrinin qarnını kəsib, içərisini təmizləməsəydim, o, indi camaata gülməli hadisələr danışa bilməzdi. Sən yunan balasısan. Bacarığın varsa, istəsən də, istəməsən də təbib olmalı, elinə xidmət eləməlisən! 

Həmin gündən ata Hippokrata dərs keçməyə başladı. Amma onun fikri atasının yox, bayırda şən, qayğısız oynayan yaşıdlarının yanında idi. Heraklid bir neçə müddət fikir verib gördü ki, Hippokrat ona qulaq asmır. Əlacı kəsildi, başladı bildiklərini yazmağa. Hippokratı dərslərdən azad elədi. Bircə hansısa naxoşun qarnını kəsib, içərisini təmizləyəndə, ya da sınıq yerinə məlhəm qoyanda çağırardı ki, gəlib baxsın.

Bu minvalla çox yox, dörd ay Hippokrat atasından dərs aldı. Sonra isə əcəl Heraklidin başının üstünü kəsdi. Təbib oğluna hələ çox şey öyrədəcəkdi, heyf ki dünyadan köçdü.

Təbibin ölümü bütün yunan elini kədərləndirdi. Heraklidi itirdiklərinə çox acıdılar. Kədərli ölüm təbibin övladlarına lap pis təsir elədi. Çünki onlar atalarının sözünə qulaq asmamış, heç biri təbib olmamışdı. Hamı sakitləşsə də, atanı hamıdan çox sevən Hippokrat sakitləşə bilmirdi. Atanın hamıdan çox ona ümid etməyinə baxmayaraq, Hippokrat onun arzusunu ürəyində qoymuş, təbibliyi öyrənməmişdi. Bu dərd doqquz yaşlı Hippokrata rahatlıq vermirdi. Buna görə o, qardaş-bacılarının qarşısında and içdi ki, atalarının arzusunu mütləq həyata keçirəcək, atası kimi təbib olacaq.

Bundan sonra Hippokrat daha heç vaxt yaşıdları ilə oynamadı. O, atasının yazdığı yazıları oxumağa başladı. On beş yaşına çatanda o artıq atasının bildiklərinin demək olar ki, yarısından çoxunu bilirdi. Amma cavan olduğundan, yanına hələ naxoş gəlmirdi.

Bir gün məmləkətə xəbər yayıldı ki, yunan hökmdarı ölümcül yatağa düşüb. Hökmdar Günəşin üzü tutulanda ürəyini tutub yıxılmışdı. Yanına dünyanın neçə ölkəsindən təbiblər gəlsə də, dərdinə əlac eləyən olmamışdı.

Hippokrat bunu eşidib qəsrə gəldi. Təbib olduğunu bildirib, hökmdarın yanına getmək istədi. Əvvəl cavana inanmadılar, Heraklidin oğlu olduğunu bilən kimi inanıb hökmdarın yanına apardılar.

Cavan təbib hökmdara yaxınlaşıb əlindəki maqniti onun ürəyinin üstünə qoydu. Neçə gündən bəri huşsuz uzanmış hökmdar heç nə olmayıbmış kimi, qalxıb oturdu. Hamı bu möcüzəyə mat qaldı.

Hökmdar soruşdu:

- Ey cavan! Nə idi mənim naxoşluğumun səbəbi? Məni necə sağaltdın?

Hippokrat dedi:

- Böyük hökmdar! Günəşin üzü tutulanda ürəyiniz zəiflikdən bu dəyişikliyə davam gətirməmiş, yavaş-yavaş döyüntüsünü azaldıb, ölüm halına yaxınlaşmışdı. Maqniti ürəyin üstünə qoymaqla onu təzədən əvvəlki halına gətirdim. Bunu atam Herakliddən öyrənmişəm. Burda sirr yoxdur.  

Hökmdar Hippokrata onu sağaltdığına görə böyük bəxşiş verdi. Həmin gündən yunanlar Hippokratı sehrli bir təbib kimi tanıdılar.

Aradan neçə il keçdi. Hippokrat təbibliyi ilə bütün ölkədə tanındı. Yunan ölkəsinin camaatından kimsə sağalmaz dərdə düçar olanda uzaq-uzaq mahallardan Hippokratın yanına gələr, şəfa tapıb qayıdardılar. O, cürbəcür otlardan, çiçəklərdən, vəhşi heyvanların südündən, dəniz otundan, soxulcandan, qurddan, bataqlıq zəlisindən dava-dərman, məlhəm düzəldər, naxoşları sağaldardı. Hippokratın yanına ən ağır xəstə gətirsəydilər belə, xəstə onun dava-dərmanından sağalar,  özü-öz ayağı ilə evinə qayıdardı. Hətta bəzən Hippokrat əlini naxoşun ağrıyan yerinə qoyan kimi ağrısı keçərdi. Bəzi yunanlar ona «Sehrli təbib», bəziləri isə «Təbabətin atası» deyərdilər.

Hippokrat bildiklərini övladlarına, şagirdlərinə öyrətsə də, heç kəs onun özü kimi təbib ola bilmədi.

Ömür dolandı, gün keçdi, Hippokratın qocalıqdan beli büküldü. O, daha əvvəlki kimi işləyə bilmir, tez yorulurdu. Belə günlərin birində o yatıb yuxuda atası Heraklidi gördü.

Atası Hippokratın yuxusuna çox az-az girərdi. Bir dəfə hələ on beş yaşı olanda o atasını yuxuda görmüş, atası hökmdarı sağaltdığına və təbibliyi öyrəndiyinə görə balasına «afərin» demişdi. İndi də ata yuxusuna girib ona dedi:

- Sən də artıq yorulmusan. Yanıma gəlmək vaxtın yetişib. Amma tələsmə, elimizə böyük bəla gəlir. Sən yunan elinə lazımsan. Günü sabahdan zəhərli oxlar səni dövrəyə alacaq.
Sən onları heç vaxt atma. Yığ bir kəfənə, apar Egey dənizinə. Afon burnunda onları tök dənizin dərin yerinə. 

Ata bunu deyəndən sonra ağ qanadlarını çırpıb göyə qalxdı. Hippokrat yuxusunu yoza bilmədi.

Yalnız yanına çiynindən yaralanmış bir əsgər gələndə atasının yuxusunu başa düşdü.

Hippokrat ağır bir xəbər eşitdi. İran ordusu onun ölkəsinə hücuma keçmişdi. İşğalçılar yunanları rəhmsizcəsinə qırırdılar.

Təbib xəbəri eşitcək dizləri əsdi, yerə oturdu. Sonra güc toplayıb yaralı cavanı sağaltmaq üçün ayağa qalxdı. Cavan əsgər düşmən tərəfindən oxla vurulmuşdu. Hippokrat belə ox yarası görməmişdi. Yaranın ətrafı qapqara idi. Yara ilan zəhərinin yarasına oxşayırdı.

Təbib başa düşdü ki, ox zəhərli olub. Tez oxu cavanın bədənindən çıxartdı. Yaranın yerinə zəli qoydu. Zəli yaranın zəhərli qanını sordu. Təbib sonra yaraya məlhəm qoydu. Sifətinə ölüm rəngi çökmüş əsgərin rəngi özünə gəldi. 

Yaralıları ancaq Hippokratın yanına gətirirdilər. Çünki, iranlılar oxların ucuna zəhərli məhlul sürtürdülər ki, kimin bədəninə girsə, həmin adam aldığı yaradan ya yerindəcə keçinsin, ya da yaralı bir, ya iki günə ölsün. Sağalanlar isə yalnız Hippokratın yaraya qoyduğu məlhəmdən sağalırdılar. Hippokrat məlhəm düzəldib başqa təbiblərə versə də, köməyi olmurdu. Mütləq gərək həmin məlhəmi yaraya Hippokratın özü qoyaydı.

Qoca təbib ara vermədən, gecə-gündüz işləsə də, çatdıra bilmirdi. Yaralıların və ölənlərin sayı günü-gündən çoxalırdı. Bir neçə günə müharibə sakitləşdi.

Bir gün yunanlar eşitdi ki, sərkərdə Mərdoninin başçılığı ilə İran qoşunları gəmilərlə Egey dənizindən keçərək, onların üstünə gəlir.

Hippokrat bunu eşidəndə az qaldı ürəyi partlasın. Fikirləşdi: “Həyatımın son günlərini yaşayıram, heç olmasa atamın yuxuda mənə dediklərini edim!”.

Təbib yuxuda atasının ona dediyi kimi, əsgərlərin yaralarından çıxardığı oxları atmayıb yığmış, hamısını böyük bir kəfənə yığıb bağlamışdı. 

O, bir faytonçu çağırtdırdı. Kəfənləri faytona yüklətdirib, Egey dənizindəki Afon burnuna yola düşdü. Gəlib o vaxt yetişdi ki, İran qoşunu gəmiləri az qalır sahilə çatsınlar. Gətirdiyi oxları daşıyıb tökdü dənizə. Faytonçu təbibin işindən heç nə anlamadı:

- Bu qədər yolu mənə fayton sürdürmüsən, qanlı oxları gətirib burda dənizə tökəsən? Sənin ki, evin dənizin yanındadır.

- Mən atam Heraklidin yuxuda mənə dediklərini edirəm. O, belə məsləhət görübsə, deməli belə lazımdır! ‒ Deyə, Sehrli təbib onu sakitləşdirdi. 

Təbib oxları dənizə tökəndən sonra belini təzəcə qaldırdı qamətini düzəltsin, gəmidəki düşmən əsgərlərindən biri onu oxla nişan alıb, düz ürəyindən vurdu.  Faytonçu yerindən sıçrayıb Hippokratı tutmaq istəsə də, yetişmədi, yaralı təbib dənizə düşdü. 

Bu vaxt dənizdə dəhşətli bir fırtına başladı. Dəniz təlatümə gəldi. Dənizdə hələ bu vaxta qədər görünməmiş, böyük dalğalar əmələ gəldi. Təlatümdən Afon burnundakı qayalıqlar qopub dənizə töküldü. Bir azdan fırtına sakitləşdi. İran qoşunlarının üç yüz əlli gəmisindən üç yüzü dənizdə batdı. Bu fəlakətdən sonra ordunun sağ qalan əsgərləri geri çəkildi. 

Beləliklə, Sehrli təbib elini növbəti fəlakətdən xilas elədi. Faytonçu gördüyündən dəhşətə gəldi. Hökmdarın yanına gedib, təbibin doğrudan da sehrli olduğunu, onun başına gələnlərin hamısını danışdı.

Həmin vaxtdan yunan məmləkətində kim təbib olmaq istəyirsə, "Hippokrat andı" içir, onun kimi olmağa söz verir. Sonralar bu andiçmə dünyanın bütün məmləkətlərinə yayıldı.

Gülzar nənə xeyirxah təbibə nağıl qoşsa da, özündən heç nə uydurmadı. O dövrdə nə baş veribsə, onu da düzdü, qoşdu. Sonra isə hər kəsə arzu elədi ki, naxoşlamasınlar, azardan bezardan uzaq olsunlar. El-obasınını yaxşıları ilə birgə yadellilərin də yaxşılıqlarını unudub, özlərini yaddan çıxarmasınlar.