Eşşək necə yarandı?

Müəllif: Gülzar İbrahimova

Qədim zamanlarda dağlarda, meşələrdə, çaylarda ancaq böyük heyvanlar, böyük balıqlar, böyük quşlar yaşayırdı. Dağlarda dinozavrlar, dənizdə balinalar, çayda böyük timsahlar, quşlardan isə qartallar olardı.

Amma dünya dəyişdikcə, balaca heyvanlar, quşlar da yarandı.

Rəvayətə görə, qədimdə çox bilikli, sehrli bir alim varmış. Adına “Alim baba” deyərmişlər. Alim baba həmişə çalışarmış insanlar yaxşı yaşasın. Var-dövlət üstündə, yemək üstündə bir-biriləri ilə dalaşmasınlar. Ona görə gecə-gündüz çalışar, insanlara bilik verər, elm öyrədərdi. 

Bir gün Alim baba “Sehr məktəbi” açdı. İnsanlara başa saldı ki, "Əgər gözəl yaşamaq istəyirsinizsə, balalarınızı məktəbə göndərin, elm öyrədim!". Camaat Alim babaya inandı. Alim babanın məktəbinə çoxlu uşaq gəldi. O, uşaqlara elm öyrətməyə başladı. Bir dərs uşaqlara hər hansı bitkini əkib artırmağı öyrətdi. Bir dərs yaşamaq üçün ev tikməyi öyrətdi. Bir dərs meyvəni yığıb qurutmağı öyrətdi.

Bütün bunlardan fayda görən şagirdlər daha səylə dərslərə gəlir, Alim babadan hər şeyi öyrənirdilər. Hətta uzaq məmləkətlərdən onun yanına elm öyrənməyə gələnlər var idi.

Bir dəfə Alim babanın yanına Si adlı bir kişi gəldi. Onun üç oğlu var idi. Si oğlanlarını Alim babanın yanına qoydu ki, elm öyrənsinlər. Onların üçünün də adı Çan idi.

Ona görə də Alim baba onları nömrələdi: Çan-1, Çan-2, Çan-3.

Oğlanlar çox dəcəl idilər. Bir yerdə otura bilmirdilər. Bütün günü ağaclara dırmaşır, orda-burda bir şey tapıb yeyir, kimi isə vurub qaçıb gizlənir, dava salır, dərsi pozurdular.

Çanların ataları oğlanlarını Alim babanın yanına qoyub, uzaq məmləkətinə qayıtmışdı. Buna görə də, Alim baba bu balaca oğlanları dərsdən qova da bilmirdi. Axırda Alim baba o qədər bezdi ki, sehr oxuyub Çanların üçünü də balaca bir heyvana döndərdi, adlarını da Siçan qoydu. Siçanları qəfəsə salıb ağzını bağladı. Sonra rahat dərsini keçməyə başladı.

Alim babanın bir sehrli kitabı var idi. Orda bütün qiymətli daşların düzəldilməsi yolları göstərilmişdi. Alim baba bir gün şagirdlərinə daş düzəltməyi öyrətməyə başladı. Misir adlı bir oğlan daş düzəltməyi çox tez öyrəndi. İstənilən daşı, mərmər, qranit hətta maqnit də düzəldə bildi. Daş düzəltməyi öyrənən kimi vətəninə getdi. Alim baba bir də eşitdi ki, Misir vətənində daşdan hündür sütunlar, piramidalar düzəldir. Piramidaları da elə qurur ki, Günəşin düşmə şüaları ilə üst-üstə düşür. Naxoş adamlar həmin piramidalara qalxanda şəfa tapırlar. 

Alim baba bundan həvəslənib şagirdlərinə qiymətli almaz daşı düzəltməyi öyrətdi. Almaz daş düzəltmək uşaqların çox xoşuna gəldi. Kim birinci almaz daş düzəltdi, almaz daşı ona bağışladı. Amma sonra peşman oldu. Eşitdi ki, uşağı yolda döyüb almazı əlindən alıblar. Alim baba hirsləndi. Daha heç kimə almaz daş düzəltməyi öyrətmədi. Almaz düzəltmə yolunu öyrədən kitabı isə su quyusuna atdı.

Aradan bir müddət keçdi. Alim babanın hirsi soyuyandan sonra şagirdlərinə qızıl daş düzəltməyi öyrətməyə başladı. Seylan adlı bir oğlan qızıl düzəltməyi hamıdan tez öyrəndi. Alim baba ona "əhsən" deyib, təriflədi. Qızılı ona bağışladı. Səhər uşaqlar Alim babaya dedilər:

- Alim baba, biz də qızıl düzəltməyi öyrənmək istəyirik, bizə də öyrət. 

Alim baba üzünü Seylana tutub dedi:

- Bizim ağıllı, bacarıqlı bir şagirdimiz var, gəlin ondan xahiş edək, qızıl düzəltməyin sirrini sizə öyrətsin. 

Seylan bir az daş götürdü, bir az su, bir az dəmir, onları bir-birinə qarışdırdı. Sonra isə qaba töküb odun üstünə qoydu, qarışdıra-qarışdıra nəsə oxumağa başladı. Nə isə bu dəfə qızıl alınmadı. Alim baba onun səhvini düzəltdi:

- Axı sən dünən ocağın üstündəki qarışığa duz, mis, gil əlavə edib qarışdırdın, yadından çıxıb?

- Həə, çıxıb...

- Onda “Qızıl düzəltmək qaydası” kitabını götür, oradakı qaydaya bax, gör nəyi düz, nəyi səhv eləmisən?

Seylan kitabların arasından müəllim dediyi kitabı axtarmağa başladı. Axtardı-axtardı tapmayanda müəllim hər şeyi başa düşdü:

- Nə cürətlə mənim kitabımı oğurlamısan?!

- Mən oğurlamamışam kitabı!

- Dur, gedək komanıza!

Onlar Seylangil yaşayan komaya getdilər. Alim baba içəri girən kimi komanın küncündə qazılmış oyuğu görüb qışqırdı:

- Odur mənim kitabım! Çıxarıb mənə verin onu!

Həqiqətən də Alim babanın dediyi kimi kitab oyuqdan çıxdı. Alim baba hirsindən Seylanı balaca, yastı, uzun, sürünən, eybəcər bir heyvana döndərib dedi:

- Acgözlüyün, pisliyin səni bu şəklə saldı. İndi ömrün boyu sürün! Səni insanlara düşmən etdim. Amma istəməsən də zəhərindən faydalanacaq, xeyir tapacaqlar. Sən isə ömrün boyu sürünəcəksən. Adını da ilan qoydum.

Alim baba dərsinə qulaq asmayanları, dərsdə səs salanları xoşlamazdı.

Şagirdlərin arasında Tutu adlı bir qız vardı, heç vaxt dərsdən qalmazdı, dərsə də qulaq asmazdı. Alim baba onu dərsdən çıxarsaydı ağlayardı, sızıldayardı. Alim baba təzədən onu dərsə qaytarardı. Hər dəfə Alim baba onu yoxlamaq üçün Tutudan soruşardı:

- Qulaq asmırsan dərsə? Nə dedim təkrar elə!

Tutu cavab verməyəndə daha da hirslənərdi:

- Dərsə qulaq asmırsan, yanındakıları da söhbətə tutursan, qoymursan eşitsinlər.

- Bir də danışmaram! ‒ Tutu hər dəfə desə də, yenə də müəllimi hirsləndirər, dərsə qulaq asmaz, dərsi pozar, səs salar, yanındakıları dərsə qulaq asmağa qoymazdı.

Bir gün belə, beş gün belə, günlərin bir günü Alim baba elə hirsləndi ki, Tutunu rəngli bir quşa döndərib dedi:

- Səni quşa döndərdim, adını Tutuquşu qoydum. Gördün dərsdə darıxırsan, get bir
qanad uç, gəz, gəl. Amma dərsimi pozma! Nə vaxt istəsən yenə səni qıza döndərərəm.

Tutu sevindi, müəlliminə təşəkkür edib göyə uçdu.

Uçmaq, hər gözəlliyi görmək o qədər xoşuna gəldi ki, daha heç vaxt insan olub yaşamaq istəmədi.

Həmin gündən quşa döndü. Amma hərdən dərsə gəlir, bir az dərsdə oturur, müəlliminin dediklərini təkrar edib, sonra yenə uçub gedirdi.

Tanıdığımız Tutuquşu da belə yaranıb.

Şagirdlərin içərisində bir oğlan vardı, adı Şimşək idi. Bütün dərsi yeyər, guya dərsə qulaq asar, amma soruşanda hıçqırar, heç nə danışa bilməzdi. Şagirdlərin içərisində heç beləsi yox idi. Özü də hamıdan yaxşı geyinər, hamıdan yaxşı yeyərdi.
Uşaqların çoxu çarıq tapmayanda Şimşək çarıq geyinər, lovğalanardı. Uşaqların çoxu arpa, buğda tapmayanda o, şirin şörək yeyərdi.

Bir-iki gün Şimşək dərsə gəl-mədi. Alim baba nigaran qalıb Şimşəkgilin komasına getdi.

Gördü nənə xəstələnib zarıyır, Şimşək isə yatıb. O, elə bərk yatmışdı, heç nə eşitmirdi. Müəllim Şimşəyi oyadıb soruşdu:

- Dərsə niyə gəlməmisən?

- Nənəm mənə yemək qoymasa, dərsə necə gələrəm?

Nənə halsız uzanıb elə hey “su-su”, deyirdi. Müəllim su axtardı. Tapmayanda gedib çaydan nənəyə su gətirdi.

Nənə su içəndən sonra danışa bildi. Onun halı özünə gəldi. Müəllimi görüb ayağa qalxmaq istədi, qalxa bilmədi, təzədən uzandı.

- Bəs nənən xəstələnib niyə ona su gətirmirsən?

- Oğlanlar su gətirməz! Oğlanlar nənəyə baxmazlar, nənələr uşaqlara baxmalıdır!

- Nənən həmişə əziyyət çəkib səni hamıdan yaxşı geyindirib, hamıdan yaxşı yedirdib. Sən isə nənən xəstə olanda ona baxmırsan!

- Qocalar xəstə də olar, ölərlər də... Buna görə mən əziyyət çəkməliyəm? O uzaqlıqda çaydan gedib su gətirməliyəm?

- Axı həmin sudan sən də içirsən?

- Mən gətirə bilmərəm, sağalar, durar, özü gətirər!

- O vaxta qədər ac-susuz qalacaqsan?

- Eybi yox, gözləyərəm nənə sağalar, durub işləri görər!

- Yox, Şimşək, sənin kimilər insanlar arasında nə qədər az olsa, o qədər yaxşı olar! Səni uzunqulağa döndərdim, get yaşa, yaşadığın zamanda da, insanlara fayda ver. Adından Şimşəyi çıxartdım Eşşək yazdım. İşləyəcəksən, işləyəcəksən işləməkdən yorulmayacaqsan!

Alim baba nənəni sağaltdı, nənə eşşəyi görəndə əvvəl ağladı. Amma alim baba hər şeyi ona başa salanan sonra nənə dedi:

- Düz eləmisən, Alim baba, eşşək əgər bütün insanlara fayda verəcəksə, qoy eşşək qalsın!

Eşşək bunu eşidib anqırdı. Heç kəs başa düşmədi o razılıq elədi, yoxsa narazılıq elədi.

Amma ən faydalısı o oldu ki, bütün dövrlərdə, hətta indi də eşşəyin insanlara faydası dəyir. Bax, tanıdığımız eşşək belə yaranıb.