"Müdrik göl" əfsanəsi

Müəllif: Gülzar İbrahimova

(Dahilərdən tərcümə edilmiş)

Əks-sədə

Bir ata balaca oğlu ilə dağa çıxır. Dağın başına çatanda oğlu sevincindən qışqırır:

- Uraaa!

Dağlardan səs gəlir:

- Uraaa!

Uşaq məəttəl-məəttəl qışqıır:

- Sən kimsən?

- Sən kimsən?

- Tutuquşusan?

- Tutuquşusan?

- Zəvzək!

- Zəvzək!

- Qorxaq!

- Qorxaq!

- Zəhləm gedir səndən!

- Zəhləm gedir səndən!

Oğlan bezib atsından soruşur:

- Bu nədir, ata?

Ata gülümsəyib oğluna deyir ki, diqqətlə ona qulaq assın. Sonra isə bu dəfə ata bərkdən qışqırır:

- Sən çox yaxşısan!

Dağlardan səs qayıdır:

- Sən çox yaxşısan!

- Mən səni sevirəm!

- Mən səni sevirəm!

Sonra ata oğlunu başa salır:

Bunun adı əks-sədadır. Nə deyirsən, dağlarda əks-sədaya çevrilir. Eyni həyat kimidir, nə deyirsən, sənin üçün təkrar edir, nə verirsən, onu da götürürsən!

 

 

Sənə də daş dəyər!

Bir gün bir varlı adam öz təzə “Yaquar” maşınında gedəndə birdən qaranlıqda kimsə onun maşınına daş çırpır. Varlı adam hirslə maşını saxlayır. Görür daşı atan balaca bir oğlandır. Varlı hirslə ona qışqırır:

- Neylədin, dələduz, mənim təzə maşınımı cızıq-cızıq elədin! Bu saat mən səni polisə verəcəyəm!

- Xahiş edirəm, əmi, elə etməyin! Mən maşına daş atmazdım. Amma başqa yolum yox idi. Anam həkimə gedib, şikəst qardaşımla onu gözləyirik. Qardaşım məndən çox böyükdür. O şikəstdir. Səhərdən öz arabasından sürüşüb yerə düşüb, gücüm çatmır ki, onu qaldırıb yerinə qoyum. Bayaqdan nə qədər maşın keçir, əl qaldırıram ki saxlayıb kömək eləsinlər, heç biri saxlamır. Ona görə bilmədim neyləyim, daş atdım maşınınıza. Bağışlayın. Xahiş edirəm hirslənməyin və qardaşıma kömək edin, onu arabasına qoyaq!

Varlı adamın o saat hirsi soyudu. Uşağın vəziyyətini başa düşdü. Onu da başa düşdü ki, həyatda pıçıltı ilə deyilmiş sözə əhəmiyyət verməsən, ardınca başına daş dəyə bilər.

 

 

Mən dostumu ata bilmərəm!

Varlı bir mehmanxana sahibinin sevimli bir iti olur. Bir dəfə mehmanxana sahibi səyahətə hazırlaşır. Bilmir itini kimə tapşırsın ki, rahat səyahət edə bilsin.

Bir gün mehmanxanaya uzaq yoldan yorulmuş bir adam gəlir. Yanında bir iti də olur. Qonaq otaq sifariş edəndə mehmanxana sahibi ona yaxşı otaq təklif edir:

- Pəncərəsi dənizə baxır. Tək adam üçün olsa da, ikiotaqlıdır. Yorğan-döşəyi ipəkdəndir.

- Suyu var?

- İsti suyu da, soyuq suyu da var!  

- Yemək verəcəklər?

- Bəli, gündə dörd dəfə?

- İtim üçün də yemək sifariş edə bilərəm?

- Yox! Həmin otağa it buraxmırıq!

- Təəssüf! Bəs itlə hansı otaqda qalmaq olar?

- Bir soyuq, darısqal otağımız var, orda itlə qalmaq olar. Orda yemək
verilmir, isti su da yoxdur!

- Nə pis oldu! Amma əlacım yoxdur, onu götürməliyəm!

- Niyə bir itə görə soyuq otaqda qalıb xəstələnəsən? Bağla bayırda bir yerə, gəl rahat qal isti otaqda.

- Nə danışırsan, mən dostumu ata bilmərəm!

Sonra mehmanxana sahibi yolçuya gözəl və rahat bir  otaq verir, özü də onunla dostlaşır, səyahətə gedəndə isə itini yalnız bu adama etibar edir.