Yetim Əlinin nağılı

Müəllif: Gülzar İbrahimova

Deyirlər, dünyanın düz vaxtında Əli adlı yetim bir oğlan var idi. Əli çobanlıq edər, heyvan otarar, bu minvalla ac qalmaz, başını saxlayardı. Hər gün səhər kəndin heyvan sürüsünü meşədəki hündür dağın başına çıxarar, orda otladardı. Əlinin gözəl səsi vardı. Dağa çıxanda elə zildən oxuyardı, səsi cəh-cəh vurardı. Məlahətli avazı, eşidəni heyran edərdi.

Bu gün səhər Əli sürünü otarmağa aparanda gördü bulağın üstündə özü yaşda, yəni, on üç-on dörd yaşlarında bir qızla oğlan oturub. Uşaqları tanıdı. Dəmirçi Hüseynin uşaqları – Şahin və Şahanə idi. 

- Nə əcəb səhərin gözü açılmamış meşə yoluna çıxmısız? – Deyə, onlardan soruşdu.

- Gəlmişik oxumağını yaxından eşidək, – Şahin dedi.

- Çox gözəl oxuyursan, bizim üçün oxuyarsan? – Şahanə utana-utana soruşdu.

- Əlbəttə, nə oxuyum sizə?

- Muğamat! – Deyən kimi Əli elə həvəslə muğam oxumağa başladı ki, quşlar səsinə səs verdilər.

Ondan sonra uşaqlar dostlaşdılar. Dostlar hər gün bulaq başında görüşər, Əli onlara mahnı oxuyardı. 

Günlərin bir günü qorxulu, dəhşətli bir hadisə baş verdi. Səhər Şahin Şahanə ilə bulaq başında nə qədər gözlədi, Əli gəlib çıxmadı. Getdilər Əligilə, evdə deyildi. Qonşular dedi Əli tezdən sürünü meşəyə apardı.

Axşamçağı heyvanlar otlaqdan Əlisiz qayıdanda lap nigaran qaldılar. Əlini hər yerdə axtardılar, tapmadılar. Bilmədilər neyləsinlər. Çıxdılar dağın başına. Gördülər orda da yoxdur.

Bacı-qardaş dostlarını axtarmaqda olsun, sizə kimdən deyək, kimdən xəbər verək, Əlidən. O, səhər sürünü otaranda bir də gördü elə tufan qalxdı ki, yeri-göyü tozanaq bürüdü. Göydən divəoxşar, eybəcər bir məxluq Əlinin başının üstünü kəsdirdi, bir göz qırpımında onu qapıb, yenə də göyə qalxdı.  

- Şahin, Şahanə! – Əli dostlarını səsləsə də, onu eşidən olmadı.

Tozanaq qurtarandan, duman çəkiləndən sonra Əli baxdı ki, ətraf ağappaq buludlardır. Özü isə həmin bədheybətin qarşısında, uçan xalçanın üstündədir. Sehrli xalça buludların arasında yavaş-yavaş uçurdu.

- Bilirsən mən kiməm? –  İfrit xırıltılı səslə soruşdu. Mən göy İfritlərinin ağasıyam. İstəsəm bizdən aşağıda yaşayanların başına elə dolu yağdıraram ki, bütün evlər dağılar. Əlimdən hər pislik gəlir!

- Məndən nə istəyirsən? – Deyə, Əli qorxa-qorxa soruşdu. 

- Qulaq as, deyim! Mənim üç yüz yaşım var. Qocalıram, gücüm azalır. Sənə qulaq asanda isə hiss edirəm gücüm artır. Səni gətirmişəm mənim üçün oxuyasan!

- Burax məni, yetim oğlanam, çıxım gedim! – Əli dedi.

- Yaxşı əlimə düşmüsən, səni heç yana buraxan deyiləm!

- Sənin üçün oxumayacağam! Məni zorla gətirmisən, oxuyum, sən də pis işlər görmək üçün güclənəsən? Səsim sənin kimi İfritlərə güc verəcəksə, batsa yaxşıdır! Mən dostlar üçün oxuyuram!

- Görmüşəm, dostların üçün ürəkdən oxuyursan. İstəsən, onları da gətirərəm yanına. İstəsən, onları daşa döndərərəm, daha onlar üçün darıxmazsan. İstəyini de, hər şey edə bilərəm. – Deyib, İfrit qəhqəhə çəkdi.

- Oxuyaram sənin üçün, bircə dostlarıma dəymə! – Deyə, Əli ağlamsınıb dedi. O, İfritin niyyətini anladı.

- Ağıllı oğlansan! Onda mənə bir gəşəng mahnı oxu! 

Əli başladı kədərlə oxumağa. Oxuyanda gözlərindən bir damla yaş düşdü aşağı. Bu o vaxt idi ki, dostları Şahin və Şahanə Əlini tapmaq üçün dağa çıxmışdılar.  Həmin göz yaşı düşdü düz Şahanənin yanağına.

Əli oxuyan kimi buludlar da ağlamağa başladı. Elə yağış başladı, hələ o tərəflərdə belə yağış olmamışdı. Bacı-qardaş qaçıb mağarada gizləndilər. Birdən onlar Əlinin qəmli səsini eşitdilər.

- Hardasan, Əli, – deyib bacı-qardaş bərkdən Əlini səsləsələr də, ondan səs gəlmədi. Axşam düşdüyündən onlar evə qayıtdılar.

Uşaqlar elə islandılar, axşam möhkəm qızdırdılar. Sətəlcəm olub qızdırma içərisində yatağa düşdülər. Ata-anaları onlara dağa getməyə icazə vermədi.

Əli dayanmadan qəmli mahnılar oxuyub İfriti feyziyab edirdi. İfrit ona qulaq asaraq güclənirdi. Əli İfrit yatanda da oxuyurdu. O qədər oxumuşdu, səsi xırıldayırdı.

İfritin yanında insan kimi dil bilən bir Tutuquşu vardı. İfrit Əliyə icazə vermirdi quşla danışsın. Əli hiss edirdi ki, quş ona nəsə demək istəyir. Bir gün İfrit yatanda
Əli oxumağa başladı. Özü də oxuya-oxuya qəfəsə yaxınlaşdı. İşarə ilə quşa başa saldı ki, nə demək istəyirsə, qulağına desin. Tutuquşu əvvəl insan kimi ah çəkdi, sonra isə pıçıltı ilə danışmağa başladı:

- Əli, sənə ürəyim yanır. Çox pis məxluqa rast gəlmisən. İfrit yuxarıdan camaatı güdür, kimin məhsulu yaxşı olsa, paxıllıqdan dolu yağdırır, məhsulu zay edir. Kim özünə yaxşı ev tiksə, çayı daşırır, sel evini aparır.

O sənin səsindən qüvvət alır. İfritdən xilas olmağın bir yolunu sənə demək istəyirəm! “Qanlı dərə”də bir ilan yuvası var. İfrit tez-tez ora gedir ki, ilan yağı içsin. Yağı ona İfritə qarı düzəldir. İlan yağı yüz qara ilanın dərisindən hazırlanır. İçəni vəhşiləşdirir, qəddarlaşdırır. Bir gün o, sənə də həmin yağdan içirtmək istəyəcək. Məbada içəsən! Yoxsa dönüb onun kimi İfrit olarsan!

Əli minnətdarlıq əlaməti olaraq oxuya-oxuya əlini qəfəsə salıb quşun başını tumarlayanda quşun gözlərindən yaş axdı. Əli yavaşca quşdan “niyə ağlayırsan?”, deyə soruşdu. Tutuquşu göz yaşı tökə-tökə dedi:

- İfritin əlindən azad olmaq istəyirəm! Necə ağlamayım? Nə vaxtdır ki, əsir düşmüşəm! Mən quş yox, qızam. Səninlə yaşıdam. İfrit məni bura gətirib ki, onun üçün rəqs edim. Mən də rəqs eləmədim, tilsim oxudu, məni tutuquşuya döndərdi.

Əli bunu eşidib çox pis oldu. Bir xeyli düşünəndən sonra dedi:

- Mən səni qəfəsdən xilas edirəm! Dəyirmanın yanında dəmirçinin uşaqlarını taparsan, deyərsən Əli İfritin qulu olub, heç vaxt qayıtmayacaq. Onun üçün oxumasa, dostlarını daşa döndərər. Bir də onlara de, mən onları çox istəyirəm. Sən də onların yanında qal, onlar çox yaxşıdırlar. 

Bunu deyəndə Əlinin gözləri doldu, üzünü yana çevirdi ki, quş onun gözlərindəki yaşı görməsin. Sonra isə quşu qəfəsdən çıxarıb atdı buludların arasından yerə. Yalnız bundan sonra gördü ki, quşun qanadları sınıqdır. Quş, qanadının sınıq olduğunu Əlidən gizlətmişdi. Çünki qəfəsdə qalmaqdan bezmişdi. Mütləq azad olmaq, İfritdən canını qurtarmaq istəyirdi. Əli quşu yerə atdığına peşman oldu. Qəmli-qəmli oxumaqdan başqa, əlindən bir şey gəlmədi. Elə ah-zarla oxudu ki, yenə buludlar ağladı. 

İfrit oyanıb boş qəfəsi görən kimi hirslə bağırdı:

- Nə cürətlə quşu açıb buraxmısan? Bu saat səni daşa döndərəcəyəm!

- Ya əcinə, o ölmüşdü. Qorxdum, ölü quşdan pis qoxu gələr, yuxun qaçar. Ona görə atdım getdi. Ölü quş nəyinə lazımdır? – Deyib Əli İfriti aldatdı:

- Bir də özbaşınalıq eləsən, səni də quşun gününə salaram, – İfrit fısıldadı.

- Bir daha belə iş görmərəm! 

Görək bundan sonra Tutuquşunun halı necə oldu?

Göydə bir dəstə durna uçurdu. Yağış yağanda durnalar hündür bir ağacın başına qonmuşdular. Başçı quş bir də gördü göydən bir quş elə sürətlə yerə düşür, belə düşsə, parça-parça olacaq. Bildi ki, qanadı qırılıb. Tez özünü onun köməyinə çatdırdı. Durna uçub düz tutuquşunun altına girdi. Qanadı sınıq quş onun belinə düşdü. Durna onu yerə düşürdü. Tutuquşu ona minnətdarlıq elədi. Sonra gedib Əli dediyi yerdə dəmirçinin evini tapdı. Atılıb pəncərənin qabağında oturdu. Şahin və Şahanə pəncərədə qanadı sınmış quşu götürüb evə gətirdilər. Şahanə dedi:

- Hansı zalım sənin qanadlarını sındırıb? Allahın dilsiz quşu?

- Mən dilsiz quş deyiləm!

 Tutuquşunun sözləri uşaqları güldürdü. Quşun sınmış qanadlarına məlhəm qoyub sarıdılar. Şahin:

- Ay qəşəng quş, sən daha nə danışa bilirsən?

Tutuquşu elə bil buna bənd idi. Başladı dayanmadan danışmağa. Bütün başına gələnləri, ta ki, yerə düşməyinə qədər hamısını danışdı.

Şahinlə Şahanə dostlarından xəbər çıxdığına sevinsələr də, İfritin yanında olmasına kədərləndilər. Bacı-qardaş bilmədilər neyləsinlər. Çünki İfrit yerdə yox, göydə idi. Tutuquşu dedi:

- Qulaq asın! İfrit tez-tez İfritənin komasına gəlib ilan yağı içir. Bu günlərdə onun yağ içməyinin vaxtıdır. Yəqin ki, gələndə Əli də yanında olacaq. Onda Əlini xilas etmək olar.  Bunun üçün İfrit üçün hazırlanan yağın içərisinə ilan zəhəri tökməlisiniz ki, İfrit zəhərlənsin. Zəhər İfritənin komasında olur. Bütün bunları elə eləmək lazımdir ki, nə İfrit, nə də İfritə xəbər tutmasınlar. Yoxsa bizi məhv edərlər.

- Onda gedib İfritənin komasını axtarıb-tapaq! – Şahin
dedi. Şahanə də onunla razılaşdı, “gedək”, dedi. 

Uşaqlar Tutuquşunu da götürüb meşəyə getdilər. Axtarıb İfritənin komasını tapdılar. Bir yerdə gizləndilər. Gizlincə baxdılar ki, İfritə tutduğu ilanların zəhərini çıxardandan sonra onları öldürür, dərilərini soyur, dəridəki yağlarını sivirib yığır bir qaba. İfritə axşama qədər elə həmin işlə məşğul oldu. Axşam düşəndə harasa getdi. İfritə qayıdana qədər uşaqlar zəhəri götürüb qatdılar yağa. Yağın rəngi oldu yamyaşıl. Sonra isə yenə qaçıb gizləndilər.

İki gün də İfritənin komasının dalında gizlənib pusandan sonra, nəhayət, komanın silkələnməsindən hiss etdilər ki,

İfrit gəlir. İfritə axırıncı ilanı da öldürüb
yağını tökdü qabın içərisinə, çıxdı İfriti qarşılasın. Gördü İfrit uçan xalçasında, yanında bir uşaqla gəlir.

İfrit isə komaya girməzdən əvvəl tərslikdən düz komanın arxasına keçdi. Ordakı uşaqları görəndə sorğusuz-filansız onları da, quşu da daşa döndərdi. Əli yerdən daş qaldırıb ona çırpmaq istəyəndə Əlini də daşa döndərdi.

İfrit hələ göydən görmüşdü ki, uşaqlar necə İfritənin komasının dalında gizləniblər. O çatıb İfritəyə qışqırdı:

- Hiss eləmirsən komanın ətrafından adam-badam iyi gəlir? Burnun korlanıb deyəsən, nədir? Yoxsa istəyirsən səni də daşa döndərim?

İfritə qorxudan güldü. Güləndə ağzındakı iki eybəcər, əyri dişi göründü:

- İxtiyar sahibisən, nə cəza istəyirsən verə bilərsən mənə! Amma bil ki, mən əvvəllər adam-badam iyini yaxşı hiss edərdim. O qədər ilan dərisi soymuşam, burnum xarab olub.

- Yaxşı günahından keçirəm, gətir yağımı!

İfritə yağı gətirdi. İfrit yağı görəndə təəccüblə soruşdu:

- Yağın rəngi niyə yaşıldır, bəlkə zəhər qatmısan?

- Nə danışırsan, ya İfrit! Daşa dönərəm, sənə pislik eləsəm!

- İstəyirsən əvvəl özüm içim, arxayın ol ki, yağ zəhərli deyil! – Belə deyib İfritə yağı çəkdi başına! Azca içən kimi, İfrit qabı alıb özü içdi.

Qarı yağdan içən kimi elə hala düşdü, səsi də çıxmadı desin: “İçmə, yağ zəhərli-
dir!”. İfrit sağ qalsaydı, İfritənin canından zəhəri çıxaracaqdı. Amma İfrit yağı içən kimi boğuldu. İfritə bunu görmədi, çünki ondan qabaq cəhənnəmə vasil olmuşdu.

Beləliklə, tilsim sındı. Daşa dönmüş Əli, Şahin və Şahanə əvvəlki kimi gözəl-göyçək uşaqlar oldular. Bir də gördülər Tutuquşunun yerində bir qəşəng qız var.

- Sən kimsən? – Deyə, soruşanda, Tutuquşu qız nə baş vermişdisə, əvvəldən axıra qədər birnəfəsə onlara danışdı. Onu güc-bəla ilə susdurdular. Əli qəfəsdən açıb yerə atdığı tutuquşunun sağ qaldığına çox sevindi.
    Çox danışdığına və hər kəsin dediyini təkrar elədiyinə görə ona təzə ad – Tutu adı qoydular. Tutu da Əlinin xilas olduğuna sevindi. 

Dostlar meşədən qayıdanda yolda qorxudan heç kəs Tutudan bir söz soruşmurdu ki, birdən yenə başlayar danışmağa, susdura bilməzlər.

Dostlar elə möhkəm dost oldular ki, əvvəlkindən də mehriban! Onlar həmişə çaldılar, oynadılar, dedilər, güldülər, Gülzar nənəni də güldürdülər. Sənə də arzu edirəm hər gün güləsən, sevinəsən, getdiyin yolda heç vaxt pisə rast gəlməyəsən!