Sülhə salam

Müəllif: Gülzar İbrahimova

Bir təyyarə düzəltdim,

Üstünə də bir nəhəng,

Yaraşıqlı və qəşəng,

Göyərçin şəkli çəkdim.

 

Qanadları ağappaq,

Üstünə sancdım bayraq.

Ad da qoydum “Sülh gəmisi”,

Sülhə səsləsin hər kəsi.

 

Göyərçin təyyarəmlə,

Dünyanı gəzəcəyik.

Ac qalan uşaqlara,

Yemək göndərəcəyik!

 

Əlləri donanlara,

Verəcəyik yun əlcək,

Onlar da geyinəcək,

Əlləri isinəcək!

 

Göyərçin təyyarəmin,

Bombası da olacaq!

Silah anbarlarını,

Özü bombalayacaq!

 

Göyərçin təyyarəmlə,

Dünyanı gəzəcəyik!

Harda getsə müharibə,

Ora sülh səpəcəyik!

 

Qoy dünyada heç bir kəs,

Müharibə etməsin!

Heç bir güclü gücsüzü,

Ağladıb incitməsin!

 

Dava-dalaş bitəcək,

Uşaqlar sevinəcək,

Əl edib bizə onlar,

“Sülhə salam!”, deyəcək!

 

şeir - uşaq şeiri - kiçik yaşlı uşaqlar üçün şeir