Fırçanın sehri

Müəllif: Gülzar İbrahimova

Qədimdə Qəbələ mahalında bir Nohur kəndi var idi. Bu kənddə Mətin adlı cavan rəssam yaşayırdı. O, rəssamlığı babasından öyrənmişdi. Baba nəvəsini Nohur gölünə aparar, ona rəssamlığı meşədə öyrədərdi. Bir dəfə Mətin babasından soruşdu:

- Baba, mən Günəş rəsmi çəkmək istəyirəm, onu mənə öyrədərsən?

- Yox! Tanrı, Günəş və Ay müqəddəsdir. Onların əksini çəkmək günahdır!

Bir gün baba ölüm yatağına düşdü. Mətini yanına çağırıb dedi:

- Sehrli fırçamı sənə vəsiyyət edirəm, onu qoruyarsan! Amma söz ver ki, onunla heç vaxt müqəddəslərin əksini çəkməyəcəksən!

- Baba, çəkmərəm, söz verirəm! 

Nağıl dili yüyrək olar, il dolandı, ay keçdi, Mətin böyüyüb yaxşı rəssam oldu. Hər bazar Mətin çəkdiyi rəsmləri bazarda satardı. Son vaxtlar Mətinin rəsmlərini, ən çox ağ çadralı bir qız alırdı. Qız özü bazarda şəfalı otlar satardı. Mətin həmişə soyuqlayanda ondan yarpız, kəkotu otları alar, dəmləyib içən kimi azarı keçərdi.

- Sənin otların doğrudan da sehrlidir. –Bir gün Mətin qıza dedi.

- Sənin rəsmlərin isə möcüzə yaradır. İlk dəfə səndən rəsm alıb apardım, evə girən kimi bacım dedi: “Bacı, nə qəşəng dəniz rəsmi almısan?”. Mən bu işə məətəl qaldım. Çünki, o görmür. İkinci rəsmi aldım. Bu rəsmi evə gətirən kimi dedi: “Bacı, əjdahadan qorxuram, onu gizlət!”. İndi bil və agah ol ki, mənim kor bacım, aləmi qara gördüyü halda, sənin çəkdiyin rəsmləri olduğu kimi görür. Bacımın bircə dəfə belə görməyinə canımdan keçməyə razıyam. Səndən rəsm almaqla, istəyirəm o, bu gözəl dünyada nə isə görsün. Mətin eşitdiklərindən məyus olub soruşdu:  

- Nə olub bacına, niyə gözləri tutulub?

- İldırım vurub onu. Atamla, anamı da ildırım vurub öldürüb. –Deyib qız ağladı.

- Ağlama qız! Mən bacına gözəl bir rəsm çəkib hədiyyə edərəm!

- Sağ ol! Elə isə, bacım həmişə Günəş görmək istəyir, onu çək!

Mətin qızgilin evlərinin yerini öyrəndi ki, rəsmi çəkəndən sonra onlara aparsın. Qız gedəndən sonra, Mətin qıza Günəşi çəkməyi vəd elədiyinə çox peşman oldu:

- Mən neylədim? Axı babama söz vermişdim Günəş rəsmi çəkməyəm!

Mətin qızgilin evinə qaçdı. Qapını bazarda gördüyü qız açdı. Mətini görəndə sevinclə bacısını səslədi:

- Pəri, rəsmləri çəkən rəssam gəlib! Tez bura gəl!

Evdən on-on iki yaşlarında gözəl bir qız çıxıb əlini divara sürtə-sürtə darvazaya yaxınlaşdı. Dil-dodağı əsə-əsə Mətinə dedi:

- Sehrli əllərinə qurban olum, rəssam. Çəkdiyin rəsmlərdən savayı, heç nə görmürəm. Bacım deyir, mənə Günəşi çəkəcəksən. Bircə dəfə Günəşi görsəm, xoşbəxt olaram! Daha qaranlıq dünyamda darıxmaram!

Mətin fikrini dəyişdi: “Zavallı qızcığaz mənim rəsmlərimdən başqa heç nə görmürsə, mütləq ona arzuladığı Günəşi çəkəcəyəm. Nə olur olsun, təki Pəri arzusuna çatsın.”Dedi:

- Sənin üçün, bizim mahaldakı ən gözəl “Yeddi gözəl”şəlaləsinin rəsmini çəkərəm. Orda Günəş də olar!

Pəri sevindiyindən qışqırdı:

- Eşidirsən bacı, rəssam mənə “Yeddi gözəl”i çəkəcək! 

Mətin qızlardan ayrılıb, düz yollandı “Yeddi gözəl”şəlaləsinə. Bura, Mətinin xoşladığı ən gözəl yerlərdən biri idi. Vəndam çayının yaratdığı gur şəlalə, elə gözəl idi, baxanı heyran edirdi. Çay, dağdan elə gur axırdı, biribirindən gözəl yeddi qat şəlalə yaranırdı. Ona görə şəlalənin adını “Yeddi gözəl”qoymuşdular. Dağın üstündə, su axmayan yerlərdə isə ot, çiçəkdən başqa heç nə bitmirdi. Baxanda adama elə gəlirdi şəlalənin ətrafına yaşıl xalı döşənib. Ətrafda yaşayan nohurlular və vəndamlılar şəlaləyə müqəddəs pir kimi baxar, ürəklərində niyyət tutub, şəlalədən su içərdilər. Deyilənə görə, dilək yerinə yetərdi. Mətin rəsm çəkməyə Günəşdən başladı. Axşama qədər təkcə onu çəkdi. Yorulduğundan başını bir az qoydu çəmənliyə dincəlsin, yuxuya getdi. Oyananda gördü göy üzü ulduzla dolu olsa da, hava işıqlıdır. Bilmədi gecədir, yoxsa səhər. Gözü rəsmə sataşanda gördü rəsmdəki Günəş elə parıldayır, sanki od tutub yanır. Məəttəl qaldı. Rəsmi tərsinə çevirdi, hər yan qaraldı. Rəsmi düzünə çevirdi, hər yan işıqlandı. Başa düşdü ki, rəsm sehrlidir. Həvəslə işinə davam elədi. 

Rəssam üç gün, üç gecə çalışdı, axırı şəlalənin gözəlliyini kətan üzərinə köçürə bildi. Sonra bir az uzandı ki, dincini alıb, rəsmi Pəriyə aparsın. Yorğun olduğundan yuxuya getdi. Babası Mətinin yuxusuna girdi: 

- Deməmişdim Günəş müqəddəsdir, onun rəsmini çəkməyəsən?!  İndi mən sənə heç bir kömək edə bilməyəcəyəm!

- Mən Günəşi Pəri üçün çəkmişəm. Ona söz vermişdim.  Zavallı mənim rəsmlərimdən başqa heç nə görmür.

Baba zülüm-zülüm ağlayaraq getdi. Birdən hardansa bir qara geyimli, qara saçlı, qara saqqallı adam peyda oldu. O, fırçanı qara rəngə batırıb Mətinin gözlərinə çəkib yox oldu. Mətin qışqırıb yuxudan oyandı. Əllərini gözlərinə sürtdü, hələ də yaş idi. Gözlərini bərkdən açsa da, hər yanı qaranlıq gördü. O, əllərini otlara sürtdü, göyə baxdı. Başa düşdü ki, gözləri tutulub:

- Aman, gözüm! –Deyib, üzüqoylu düşdü. Hönkür çəkib ağladı. 

Axşama qədər yaşıllıqda üzüqoylu uzandı. Bir də eşitdi yaxınlıqda qoyun-quzu mələşir. Çoban uzaqdan cavanı görüb, ona yaxınlaşdı. Yanındakı rəsmə doyunca tamaşa eləyəndən sonra Mətinə “afərin”dedi. Mətin soruşdu:

- İndi axşamdır, yoxsa səhər?

- Səhərdir! Burda neyləyirsən? Yanındakı bu gözəl rəsm nədir? –Deyə, çoban cavanın kor olduğunu başa düşüb soruşdu.

Rəssam başına gələnləri danışandan sonra çoban onun halına acıdı:

- Mənim sənə nə köməyim dəyər?

- Səndən bir xahişim var! Bu rəsmi dəyirmanın yanında yaşayan kor qıza –Pəriyə çatdırasan! Amma gözümün tutulmağından qızlara bir söz demə! 

Çoban Mətinin dediyi kimi elədi. Qızları tapıb rəsmi onlara verdi. Pəri sevincək rəsmi alıb, əlləri ilə onu sığalladı. Rəsmdəki Günəş şüaları qızın gözlərini qamaşdırdı, sonra qızcığazın gözlərinə nur verdi. Pərinin gözləri açıldı və o, rəsmdən başqa da hər şeyi gördü. Qız sevindiyindən “Mən görürəm!”, deyib qışqırdı. Fərəh bacısının gözlərinin açılmasına çox sevindi. Çoban başa düşdü ki, rəssam sehrli rəsm çəkib, qızın gözləri açılıb, sonra isə özü kor olub.

Bacılar çobandan Mətinin yerini soruşanda çoban qızlardan heç nəyi gizlətmədi. Hər şeyi olduğu kimi onlara danışdı. Qızlar eşitdiklərinə çox pis oldular, ağladılar… 

Çoban gedəndən sonra Pəri dedi:

- Bacı, biz Mətini axtarıb tapmalıyıq!

Fərəh qorxaq olduğundan Pəri ilə razılaşmadı:

- Biz iki qız səfərə çıxa bilmərik! Mən qorxuram, gedə bilmərəm!

Pəri nə qədər yalvardı, Fərəh razı olmadı. Pəri ağlayıb yuxuya getdi. Təzəcə yuxuya getmişdi, yuxusunda ağ saçlı, ağ saqqallı, ağ libaslı bir qoca gördü. Qoca dedi:

- Pəri! Bil və agah ol ki, Mətinin kor olmağına səbəb sənsən. O, sehrli fırça ilə Günəşin rəsmini çəkərək, fırçamızın müqəddəsliyini itirdi. Ona kömək eləməlisən. Yoxsa o, həmişəlik dünya işığına həsrət qalar! 

Pəri soruşdu:

- Necə?

- Bunun üçün Günəş rəsmi çəkilən yerə get. Orda sehrli fırçanı axtar, tap. Mətin kimi rəsm çəkməyi öyrən! Ondan sonra Günəşi çəkə bilərsən. Çəkdiyin rəsmə qaranlıqda bax. Günəş şəfəq saçsa, deməli, yaxşı çəkmisən. Mətini axtar tap, Günəşin rəsmini gözləri qarşısında tut, gözlərinin nuru qayıtsın.  

Pəri oyanıb yuxusunu bacısına danışdı. Fərəh yuxuya inanmadı:

- Adam yuxuda hər şey görər, yuxuya inanma!

- Yuxunun düz olub-olmadığını yoxlamaq üçün fırçanı axtarmalıyam. Tapsam, deməli yuxum düzdür.

- Sonra rəssamlığı öyrənə biləcəksən?

- Öyrənərəm! 

Pəri “Yeddi gözəl”şəlaləsinə getdi. Şəlalənin suyundan içib, ürəyində niyyət tutdu:

- Ey Yeddi gözəllər, mənə güc verin, yolumu açın, Mətinin gözlərinə nur gəlməsinə kömək edə bilim! Yalvarıram sizə!

Sonra Pəri axtarıb Mətinin fırçasını tapdı. O gündən rəsm çəkməyi öyrənməyə başladı. Çox əziyyət çəksə də, nəhayət arzusuna çatdı. Günəşi elə çəkdi ki, o, qaranlıqda şəfəq saçdı.

Pəri bilirdi ki, bacısı Fərəh qorxaqdır, onunla heç yerə getməyəcək, Pərini də tək səfərə çıxmağa qoymayacaq, buna görə də rəsmi götürüb gizlincə yola düzəldi. Az getdi, üz getdi, dərə-təpə düz getdi, gəlib qonşu ölkənin bazarına çıxdı.

Pəri bacısının qara çadrasını geyinmişdi. Uzaqdan balacaboy arvada oxşayırdı.

Bazardakılardan Mətini soruşanda dedilər, kor oğlanı "Buzluqaya"ya gedən görüblər. Pəri "Buzluqaya"nın yolunu öyrənib yola düşdü. Yol meşədən keçirdi. Balaca qızcığaz heyvanların qorxusundan hündür bir ağaca çıxdı. Gördü yenə qorxur, ağlına bir fikirgəldi. Ağacdan düşdü, rəsmin üstündən kəlağayını götürdü. Hər tərəf işıqlandı, Pəri yenə yoluna davam elədi.

Xeyli gedəndən sonra, "Buzluqaya"ya yetişdi. Qaya böyük bir gölün yanında idi. Qayanın üstündə mağara vardı. Mağaranın girəcəyindən buzlar sallanırdı. Mağaraya girdi. 

Mağaranın içərisi möhtəşəm şah sarayına bənzəyirdi. Hər tərəf naxışlı, gözəl buzlarla örtülmüşdü. Pəri bir an hər şeyi unutdu. Əlini başına apardı ki, çadrasını düzəltsin, gördü saçları buz bağlayır. Tez geri dönmək istəyəndə gözü bir buz heykələ sataşdı. 

Mətini tanıdı:

- Mətin! –Deyə, qışqırıb, onu qucaqladı. Çalışdı onun buzunu sındırsın, gücü çatmadı.

Pəri özü donmağa başlayana qədər əlləşdi, elə ki hiss elədi donur, dedi:

- Mətin, sən sehrli rəsminlə gözlərimə nur verdin, əvəzində nurdan oldun.

Gəlmişdim səni xilas edəm! Mən yaxşılığı itirə bilmərəm! Bu buzlaqda səni tək qoyub getməyəcəyəm! – Bunu deyib, Pəri gətirdiyi rəsmi açıb Mətinin gözü qarşısında tutdu və ağlaya-ağlaya dedi: 

- Mən Günəşi çəkib sənə gətirmişdim ki, gözünə nur gəlsin! 

Rəsmdəki Günəşin istisi mağaraya yayıldı. Mağara bir anda elə isindi ki, buzlar əriməyə başladı. Mətinin buzu əriyən kimi, o tərpəndi. Günəşin şüaları gözlərini qamaşdıranda Pəri başa düşdü ki, dostunun gözünə nur gəlir.

Mətin nəsə demək istəyirdi, bu vaxt hər tərəfdən buzlar sınıb yerə tökülməyə başladı. Mağaranın ağzı buzlarla tutuldu. Mətin tez qızın əlindən tutub, onu qorumaq üçün arxasında gizlətdi. Buz qaya əriyib gölə töküldü. Mətinlə Pəri də gölə düşdülər. Göl bir an təlatümləndi və tez vaxtda da sakitləşdi.

Mətin üzüb gölün sahilinə çıxdı. Çətinə düşsə də, o, Pərinin əlini buraxmamışdı. Pəri özünü lap nağıllardakı kimi hiss elədi. Onlar sevindiklərindən qucaqlaşıb ağlaşdılar. 

 Fərəh bacısı ilə Mətinin sağ qayıtmasına sevindi. Pəri, niyyəti hasil olduğuna görə, gedib “Yeddi gözəl”şəlaləsini ziyarət elədi.

Mətin kənd camaatına böyük qonaqlıq verdi. Mən də orda idim. Doyunca yeyibiçəndən sonra Mətinlə Pəridən xahiş elədim bir Gülzar nənələrinin rəsmini çəksinlər. Onlar da eləməyib tənbəllik, çəkdilər. Sən demə, onların heç biri yaxşı rəsm çəkə bilmirmiş. Şəkli alıb nə görsəm yaxşıdır? Üzü, yüz yerdən qırışmış, beli bükülmüş bir qarı. Mənim cəmi-cümlətanı yüz qırx yaşım var. Üzümdə o qədər qırış nə gəzir? Düzünü desəm, heç belim də bükülməyib. Özüm duranda belimi əyirəm ki, uca boyuma nəzər dəyməsin. Allah səni də bədnəzərdən qorusun, məni də, bütün elimizi də…