İstəsəniz inanın, istəməsəniz də inanın!

Müəllif: Gülzar İbrahimova

Bir gün Gülzar nənə uşaqları yığdı başına, başladı onlara cavanlığından danışmağa. Qoca nənə duzlu, məzəli söhbətinə belə başladı:

- Balalarım, sizə keçmişdə olmuşlardan bir sirr açacağam, məəttəl qalacaqsınız. Onda jurnalımızın doğrudan da sehrli olduğuna inanacaqsınız!

Amma bəri başdan deyirəm, istəyirsiniz inanın, istəyirsiniz inanmayın. Öz işinizdir!

- Danış Gülzar nənə, inanarıq!

- Jurnal təzə-təzə çıxmağa başlayırdı. Hər dəfə jurnal mətbəəyə çapa gedəndə bir dənəsini tez hazırlayıb verirdilər bizə. Biz də onu diqqətlə, başdan-ayağa oxuyandan sonra, kütləvi çapına icazə verirdik. Bu dəfə də belə oldu. İşin axırına yaxın, elə işdən çıxıb evə getmək istəyirdim, mətbəədən mənə jurnal göndərdilər. Fikirləşdim ki, işdə ona baxsam, gərək gecəyə qədər qalım redaksiyada. Ona görə də qoydum stolun üstünə ki, işıqları, çayniki söndürüm, çıxım. Çıxanda jurnalı da götürmək istədim, gördüm jurnal yoxdu. Məəttəl qaldım. Otaqda məndən savayı heç kəs yox idi. İndicə əlimlə qoyduğum bir şey necə yox ola bilər?!

- Doğrudan yox olmuşdu, Gülzar nənə?

- Eşidin, gerisini danışım! Bütün stolların üstünə baxandan sonra, yerə baxmağa başladım. Yerdə nə görsəm yaxşıdır?!

- Nəəəə?

- Jurnal yerdə açıq vəziyyətdə, düz beş siçan çıxıb oturub üstündə, boyunlarını da elə uzun uzadıblar, elə diqqətlə ona baxırlar, elə bil jurnal oxuyurlar.

- Neylədin, Gülzar nənə?

- Neyləyəcəyəm? Dəhşətə gəldim! Var gücümlə qışqırdım:

“Mühafi zəəəəəəəəə!”. Sonra da qaçıb otaqdan çıxdım. Dəhlizdə dayanıb əsə-əsə gözətçi gözləyirdim, bir də gördüm həmin siçanlar jurnalı qoyublar bellərinə, elə qaçırlar, elə qaçırlar...

- Bəs neylədin, Gülzar nənə?

- Nə edim? Qaçdım dallarınca. Siçanlar tıppır-tıppır qaçdılar həyətə. Həyətdə iki pişik var idi. Ürəyimdə sevindim. “Yaxşı oldu”, ‒fi kirləşdim. İndicənə pişikləri görüb, qorxudan jurnalı yerə atıb qaçacaqlar. Mən də jurnalı götürəcəyəm!

- Atdılar?

- Nəəə? Sən saydığını say! Siçanlar pişiklərə yaxınlaşdılar, jurnalı onların qarşısında yerə qoyub, yenə tıpır-tıpır qaçdılar.

- Sonra nə oldu?

- Nə olacaq? Bir qara, bir sarı pişik hərəsi bir tərəfdən jurnalı götürdülər, ağızları ilə tutub, başladılar qaçmağa!

Bu dəfə “Polis!”, deyə qışqırıb ətrafa baxdım. Yaxınlıqda polis görməyib, düşdüm pişiklərin arxasına! Onlar qaçdı, mən qaçdım, onlar qaçdı, mən qovdum, qaçaqaç, qovhaqov düşdü. Axır gəlib böyük iri villanın qarşısında dayandıq. Pişiklər itin yuvasının qarşısında jurnalı yerə qoyub miyoldamağa başladılar. Özümü güclə pişiklərə çatdırdım. Onları qorxutmaq üçün çantamı qaldırıb, guya vurmaq istəyirdim. Bu vaxt nə baş versə yaxşıdır?!

- Nə baş verdi?

- Yuvadan böyük, qorxulu, yekə dişli bir it çıxdı. O, elə qorxulu idi, qorxudan əsim-əsim əsməyə başladım. İt bir xeyli mırıldana-mırıldana gözlərimin içinə baxandan sonra, birdən hürə-hürə üstümə cumdu. Hiss elədim ki ürəyim yerindən qopub qarnıma düşdü. İstədim aradan çıxam, it tullanıb qarşımı kəsdi. Boğazım necə qurudusa, dilim söz tutmadı. Dilim topuq vura-vura dedim:

- İt qardaş, bu bizim təzə nömrəmizdir, dedim gətirim, həm də harda yaşadığını bilim, hər ay təzə nömrə çıxanda özüm çatdırım. Belə deyəndə it elə bil sakitləşdi. Hürməyini dayandırıdı. Ona yaxınlaşıb başını tumarladım. Hələ üzündən də öpdüm. Dal-dala gedə-gedə yalandan da olsa, gülümsəyib ona  “ham-ham”, dedim. O da yavaşca “ham-ham”, dedi. Biz bir-birimizi başa düşdük. Bax, başıma gələnləri danışdım, indi istəsəniz inanın, istəməsəniz də inanın!