Xoşum gəlmədi

Müəllif: Gülzar İbrahimova

Bu gün Nərminənin bəxti heç gətirmədi. Həmişə deyib-gülən Nərminə bu gün ağladı. Heç vaxt dərsindən pis qiymət almayan əlaçı, bu gün ilk dəfə yağlı bir “2” aldı. Bu, necə oldu? Bir telefonun ucbatından... 

Elə dərs başlayan kimi müəllim onun parta yoldaşı Əlini arxa sıraya keçirdib dedi:

- Əli, sən arxa sırada otur! Bayaqdan Nərminə ilə səsiniz sinfi götürüb! Dərs keçə bilmirəm!

Nərminə ilk dəfə idi ki, məktəbə telefonla gəlmişdi. Rüblük qiymətləri əla olduğuna görə, atası ona telefon almağı söz vermişdi. Sözünə də əməl eləyib Nərminəyə qəşəng, bahalı bir telefon almışdı.

Nərminə sevindiyindən bilmirdi neyləsin. Bütün fikri telefonda qalmışdı, nə müəllimənin dediklərini eşidir, nə də  tapşırıqları yazırdı.

   Müəllimin səsi onu fikirdən ayıltdı:

- Misalı həll eləməyə Çingiz çıxsın!

Nərminəgillə bir həyətdə yaşayan Çingiz lövhəyə çıxanda, qız gülməyini güclə saxladı. Yavaşca Çingizə dedi:

- Get, onsuz da yenə “2” alacaqsan!

Çingiz müəllimin görmədiyini görüb, Nərminənin saçını dartdı.

Nərminə dərsdə elə darıxırdı ki, istəyirdi kiməsə zəng eləsin. Müəllimdən qorxmasaydı, telefonu lap stolun üstünə qoyardı.

O dözə bilmədi, partanın altına əyilib anasına zəng elədi.
Pıçıltılı səslə dodağını telefona yaxınlaşdırıb dedi:

- Ana, sənsən? Dərsdən zəng edirəm. Təsəvvür edirsən, Çingiz çıxıb lövhəyə, yenə “2” alıb oturacaq! Həmişəki kimi, heç nə bilmir. Bərk danışım, eşitmirsən? Həə, məşğulsan? Onda nənəyə zəng eləyərəm.

Nərminə oturan parta lövhəyə yaxın olduğundan, Çingiz onun dediyini eşidib qızardı. Sonra Nərminə nənəsinə zəng elədi:

- Nənə, mənəm, yaxşıyam, bərk danışa bilmirəm, dərsdən danışıram. Söz deyirəm, eşidirsən? Eeee, niyə eşitmirsən, bərk danışa bilmirəm axı... Qonşumuzda Çingiz var ee, Solmaz xalanın oğlu... Yooox, heç nə olmayıb Solmaz xalaya! Yox, bərk danışa bilmərəm! Yaxşı, sonra zəng vuraram.

Bu vaxt müəllim Nərminəyə yaxınlaşdı:

- Neyləyirsən orda?

- Heeeç, ‒ deyə, Nərminə tez telefonunu gizlətdi.

Müəllim Nərminənin telefonla danışmağını başa düşsə də, üzünə vurmadı. Amma ürəyində onu cəzalandırmağı qərara aldı. Dəftərinə baxıb soruşdu:

- Niyə tapşırığı yazmırsan?

- İndi yazaram!

- Artıq dərs sona çatır, necə yazacaqsan? Gündəliyini çıxar, “2” alırsan!

Nərminə tir-tir əsməyə başaldı, o, hələ bu günə qədər “2” almamışdı. Müəllim onun gündəliyinə yağlı bir “2” yazdı. Zəng çalındı. 

Çingiz tənəffüsdə Nərminəyə sataşdı:

- Bax, indi anana zəng edib, təzə, maraqlı xəbəri ona çatdıra bilərsən ki "2" almısan.

Bu dəfə Çingiz anasına zəng elədi:

- Ana, eşidirsən, Nərminə elə indicə bir yağlı “2” aldı, jurnala da yazıldı.

- Xəbərçi! – Deyib, Nərminə ağlaya-ağlaya telefonunu çantasına atdı, - xoşum gəlmədi tele-fondan, mən bir də məktəbə telefon gətirmərəm!