Balaca Rəşid

Müəllif: Gülzar İbrahimova

(Rəşid Behbudovun 100 illiyinə həsr olunub)

 

Rəşid birinci sinfə gedəndə babasıgildə qalırdı. Birinci gün nənəsi onu məktəbə aparmaq istəyəndə Rəşid dedi:

- Özüm gedə bilərəm, mən balaca deyiləm! – O, məktəb çantasını götürdü, yola düzəldi. Yol bir az uzaq olsa da, Rəşid qətiyyətlə ilk dəfə məktəbə özü getdi. Nə səhərin soyuğu, nə də qarşıdan gələn böyük ağ it onu yolundan geri döndərmədi.

Bir az getmişdi, gördü bir qoca kişi əli ilə ürəyini tutub oturacaqda əyləşib, “ah-ah” deyir və ufuldayır. Yaxınlaşıb soruşdu:

- Sənə nə olub, baba?

- Ürəyim tutub, həkim çağırmaq lazımdır!

- Bu saat mən çağıraram, deyib, Rəşid yaxınlıqdakı telefon köşkünə girib, təcili yardıma zəng eləyib həkim çağırdı.

 Həkim gələnə qədər Rəşid xəstəni tək buraxmayıb onun yanında oturdu. Onlar söhbət elədilər. Hətta Rəşid qoca babaya mahnı da oxudu ki, darıxmasın.

Onun səsini eşidən qocanın elə bil ağrıları azaldı, beli dikəldi. Rəşidə axıra qədər qulaq asa bilmədi. Çünki artıq təcili yardım maşını gəlmişdi. Xəstəni maşına oturtdular. Ona sakitlik lazım olsa da, o, Rəşidin arxasınca qışqırdı:

- Elə sehrli, cazibədar, füsunkar səsin var ki, mən ona heyran oldum! Sən mütləq xanəndə olmalısan! Eşit və yadında saxla, dediyimi eləsən, mütləq ulduz olacaqsan!

Rəşid qoca babadan ayrılıb dərsə getdi. Dərsə geciksə də, kefi pozulmamışdı. Olanları müəlliməyə danışdı. Müəllimənin üzündən, kinayəli baxışlarından hiss elədi ki, ona inanmadı. Amma bunun o qədər də əhəmiyyəti yox idi. Ürəyində qürur duyurdu ki, bir qoca babaya kömək eləmiş, bəlkə də onu ölümdən qurtarmışdı.

Dərsdən qayıdanda isə baba və nənə ona inandılar. Gördüyü xeyirxahlığa görə Rəşidə “əhsən” dedilər.

Rəşid gecə yuxuda da xəstə qocanı gördü. O, tamam sağalmışdı. Rəşid ona əl uzatdı ki, görüşsün, qoca onun başını sığalladı. Sonra isə əllərindən tutub onu elə bərk fırlatdı, fırlatdı, Rəşidin başı gicəlləndi. Qoca Rəşidi yerə qoymaq əvəzinə göyə tulladı. Rəşid sürətlə qalxıb düz ulduzların üstünə düşdü. Bura elə gözəl idi, hər tərəf par-par parıldayır, bərq vururdu. Yerdən qaranlıq kimi görünən boşluq heç də qaranlıq deyildi. Əslində çox gözəl idi. Yaşıllıq, güllər, çiçəklər, şəlalələr... Çiçəklər elə qoxuyurdu, ətrindən adamı heyran edirdi. Şəlalələr elə axırdı, su səsi yox, musiqi səsi çıxarırdı.

Hər yanda balaca qanadlı mələklər uçurdu. Onlardan hərəsinin əlində bir musiqi aləti var idi. Elə gözəl çalırdılar ki, heç kəs deməsə də, Rəşid özündən ixtiyarsız oxumağa başladı. Hamı heyranlıqla onun başına yığıldı. Bu vaxt Rəşid gördü ki, mələklərdən biri əlində zınqrov tutub, amma çalmır. O, sakitcə dayanmışdı. Rəşid soruşdu:

- Sən niyə çalmırsan?

- Çalım?

- Çal!

 Mələk əlindəki zınqırovu çaldı, Rəşid dediyinə peşman oldu. Zınqırov elə bərk səsləndi ki, bütün gözəl musiqilərin səsini batırdı. Zəng səsinə Rəşid yuxudan oyandı. Sən demə, dərsə getmək vaxtı olduğundan möhkəm zəng çalan zəngli saat imiş.

Elə həmin gün də Rəşid, köməyinə çatdığı qocanın sözünə və yuxusunun sehrinə inanıb müğənni olacağına qərar verdi. Və gələcəkdə bütün dünyada tanınmış müğənnimiz Rəşid Behbudov oldu...