Şirin yuxu

Müəllif: Gülzar İbrahimova

Həyətdəki uşaqlar çox sevinirdilər. Məsi pişiyin düz beş balası olmuşdu. Onlar balaca və çox qəşəng idilər. Üçü ala-bula, ikisi isə ağappaq idi. Məsi daha həmişəki kimi həyətləri dolaşmır, çox vaxt balalarının yanında olurdu. Uşaqların hərəsi evdən bir yemək gətirib balalara verirdi. Onlar balaca idilər deyə, yeyə bilmir, anaları Məsi isə ləzzətlə yeyirdi.

Ən çox yeməyi Məsiyə Elxan verirdi. Çünki Məsinin və balalarının qaldığı qutu yuva Elxangilin evlərinin düz yanında idi. Hətta Elxan axşamlar da bala pişiklərə baxmaqdan doymurdu. Ata-anasını da tez-tez onlara baxmağa çağırırdı:

- Ata, bax, bala pişik süd əmir, o birisi onu itələyir ki, özü əmsin!

- Yəqin bayaqdan gözləyir, acıb, indi onun növbəsidir!

- Bəlkə aparım ona süd içirdim?

- Anası hirslənər! Körpələr ana südü içməlidir ki, sağlam olsunlar.

Elxan bu dəfə anasından soruşur:

- Ana, olar süd yeyəndən sonra onlara sosiska verək?

- Olmaz! Balaların hələ dişləri yoxdur, yeyə bilməzlər. Anaya balıq vermişik, bəsidir! 

Belə-belə, Elxan bütün günü pişiklər haqda fikirləşir, bağçada da uşaqlara bala pişiklərdən danışırdı. Bağça yoldaşı Nərgiz hər gün soruşurdu:

- Bala pişiklər böyüyüb?

- Hər gün böyüyürlər!

- Nə yeyirlər hər gün böyüyürlər?

- Heç nə yemirlər, süd içirlər!

- Qəribədir, biz də süd içirik, amma çox az-az böyüyürük!

Bir gün Nərgiz Elxana dedi: 

- Bala pişikdən birini mənə verərsən?

- Əlbəttə! Sabah gətirərəm. Amma onlar daha süd içmir, böyüyüblər, hər şey yeyirlər. Elxan baxçadan qayıdanda Məsi və bala pişiklər qarşısına qaçdılar. Oynaşıb Elxanın başına fırlandılar, atılıb-düşdülər. Onlar belə eləyəndə Elxan elə sevinirdi, qaçıb evdən pişiklərə yemək gətirir, bir xeyli onlarla oynayandan sonra evə girirdi.

Səhər tezdən Elxan bala pişiklərdən birini götürüb Nərgizə apardı. Anası bir az o yanda idi deyə, görmədi. Nərgiz sevincək bala pişiyi qucağına aldı. Bağçada uşaqlar Nərgizin başına yığışıb pişiyə baxır, növbə ilə onun başını tumarlayırdılar. Bala pişik hey miyoldayırdı. Nərgiz elə sevinirdi ki:

- Darıxma, bala pişik, mən sənə yaxşı baxacağam!

Elxan axşamçağı evə qayıdanda nə Məsi, nə də bala pişiklər onun qarşısına qaçdı.

- Nə olub sizə? – Deyib, Elxan Məsini tumarlamaq istədi. Məsi cəld pəncəsini irəli uzatdı, onu cırmaqlamaq istədi.
Elxan məəttəl qaldı. Məsi ona acıqlı idi. Balalar da onunla oynamadı. Hərəsi bir yana dağılışdı. Elxan ilk dəfə pişikləri belə görürdü. Çox pərt oldu:

- Niyə hirslənirsən, Məsi, balanı
aparmışam ona görə?

Məsi əvvəl mırıldandı, sonra miyoldadı. Elxan yenə onu danışdırdı:

- Bax, burda darısqal qutuda yaşayırsız. Nərgizgilin isə pişik yuvası var. Balana yaxşı baxacaq. Yaxında olurlar, gedərik, görərsən!

Məsi elə bil Elxanı başa düşdü. Quyruğunu qaldırıb küncə çəkildi. Balalar yaxınlaşıb sakitcə anaya qısıldılar. Elxan qaçıb evdən onlara çoxlu sosiska və kolbasa gətirdi. Amma nahaq! Nə ana, nə də balaları yeməyə yaxın gəlmədilər. Elxan elə pis oldu, az qaldı ağlasın. O, bala pişiyi Nərgizə verdiyinə peşman oldu. Özünü elə pis hiss elədi ki, heç axşam yeməyini də yeyə bilmədi. Eləcənə ac uzandı yatsın. Amma nə qədər gözlərini yumdu, yuxuya gedə bilmədi. Qalxıb təzədən oturdu. Pəncərədən pişiklərə baxdı. Qəribə idi, həmişə bu vaxt yatan pişiklər indi oyaq idilər. Onlar qutunun içərisində gəzişirdilər. Yeməklər yerdəcə qalmışdı. Heç elə bil həmişə kolbasanı göydə qapan pişiklər deyildilər.

          Elxan səhvini başa düşdü. Amma gec idi. Yəqin indi Nərgiz yatmışdı. İstədi səhərin açılmağını gözləsin, amma dözə bilmədi. Baxdı Nərgizgilin evlərinə, tərslikdən hər yan elə qaranlıq idi, heç nə görünmürdü. Elxan həmişə qaranlıqdan qorxsa da, heç nəyi fikirləşməyib qaça-qaça düz getdi Nərgizgilə. Yaxşı ki Nərgizgilin evləri yaxın idi. Qapını Nərgizin anası açdı. Nərgiz yatırdı. Elxan hər şeyi ona danışıb axırda dedi:

- Xala, siz bala pişiyi mənə qaytararsız?

Nərgizin anası təəssüflə dedi:

- Əlbəttə, Elxan, mən Nərgizi də başa salmışdım, səhər özü onu sənə qaytaracaqdı! Elxan sevincək pişiyi aldı. Onu tumarlaya-tumarlaya gətirib yerinə qoydu. Sonra isə yavaşca ana pişiyə dedi:

- Bağışla məni, Məstan pişik! 

Məstan pişik miyoldadı. Amma bu dəfə mırıldamadı. Bala pişik qayıdan kimi ana pişik də, balalar da onun başına yığışdılar. Ana pişik balasını yaladı. Sonra yenə də əvvəlki kimi hamısı Elxanın üstünə qaçıb, onunla oynadılar. Bir dəqiqədə yerdə nə kolbasa, nə sosiska qaldı. Bir azdan Elxan öz yatağında, pişiklər də öz yuvalarında şirin yuxuya getdilər.