Haqqımızda


Uşaqların maarifləndirilməsinə kömək məqsədilə təsis etdiyimiz “Sehrli Dünya” uşaq jurnalı artıq 2 ildən çoxdur ki, hər ay uşaqları sevindirir.

Jurnalın baş məsləhətçisi BDU-nun professoru Qara Namazov, məsləhətçisi xalq şairi İlyas Tapdıq, Zahid Xəlil, redaktoru isə “Kiçik Dünya” Uşaqların maarifləndirilməsinə Kömək İctimai Birliyinin sədri, uşaq ədəbiyyatının nümayəndəsi, 40-dan çox uşaq kitabının müəllifi, Gülzar İbrahimovadır.


Bildiririk  ki, “Sehrli Dünya” uşaq jurnalı 2011-ci ilin oktyabr ayından işıq üzü görməyə başlamış və az müddət ərzində uşaqların sevimli jurnalına çevrilmişdir.
5-8 yaşlı uşaqlar üçün nəzərdə tutulan, onların maarifləndirilməsi, zehninin, dünyagörüşünün inkişafına xidmət edən jurnalı yeni nağıl və hekayələr, fantastik macəralar,  intelektual oyunlar və məntiqi testlər daha maraqlı edir. Uşaqlar nağıl və hekayələr vasitəsilə Azərbaycanın, o cümlədən dünya xalqlarının tarixi və mədəniyyəti ilə tanış olurlar.


Jurnal vasitəsilə uşaqlara ixtisaslı mütəxəssislər tərəfindən ingilis, rus dilləri öyrədilir, müsabiqələr keçirilir, qaliblərə hədiyyələr verilir. Bundan başqa jurnalın hər sayına hədiyyə olaraq kitab və ya nağıllar yazılmış disklərin qoyulması jurnalı uşaqlara sevdirir, mütaliəyə meyli artırır. 


Yazıçı tərəfindən hər nömrəyə yeni nağıl və ya fantastik hekayə yazılır, dünya nağıl və hekayələrindən təcrümə edilərək jurnala qoyulur. Səhifələrə uşaq şerləri, yeni tapmacalar, sanamalar yerləşdirilir.


Balalar əyləncəli yollarla bütün sahələrdən anlayış toplayır. Dünya bilgiləri, həyat labirinti, şahmat, kompyuter haqda anlayış,  musiqi duyumu, uşaq mahnıları, rəsm qalareyasıvə rəsm müsabiqəsi, dilimizin yaxşı mənimsənilməsi üçün tapşırıqlar, rus, ingilis dilləri, xalqımızın adət-ənənələri və başqa bilgilər öyrədilir.


“Həyat labirinti” rubrikası çətin anda vəziyyətdən necə çıxmağın yollarını öyrədir. Satirik rəsmlərlə tərtib olunan “Ciddi ol” yumor səhifəsi uşaqların əhval-ruhiyyəsini qaldırır. Hər ay keçirilən müsabiqələr nəticəsində qaliblərə hədiyyələr verilir.

 


İibtidai sinif müəllimləri jurnalı yüksək qiymətləndirir, ondan sinifdənxaric oxu kimi istifadə edirlər.
“Sehrli Dünya” uşaq jurnalı 5-10 yaş uşaqlar üçün nəzərdə tutularaq ayda bir dəfədən az olmadan 4000 tirajla buraxılır. Balaca oxucular kitabda nağıl, hekayə, tapmaca, məntiqi oyunlar, şahmat dərsi, əyləncəli tapşırıqlar  tapa bilirlər. Jurnalın yüksək dərəcədə nəşri, rəngarəngliyi uşaqların zövqünə uyğun olaraq onları sevindirə biləcək səviyyədədir.


Hər şənbə oxucular Dövlət Sərhəd Qoşunlarının Abşeron rayonu Göradil kəndində çimərliyində yerləşən “Sərhədçi” istirahət Mərkəzində bir yerə toplaşııb şənlənirlər.
Jurnal “Tuna” mətbəəsində ekoloji cəhətdən zərərsiz, uşaqlara münasib səviyyədə çap edilir. Pedoqoji sahə mütəxxəssislərinin fikrincə jurnal Azərbaycanda müasir uşaqların zövqünü oxşayan formada hazırlanıb, tam uşaq dilində yazılıb.

 

 

Sehrli Dünya jurnalının təsisçisi Gülzar İbrahimovanın uşaqlıq arzuları...
Əgər sehrbaz olsaydım...


Əgər sehrbaz olsaydım, bütün uşaqları sevindirərdim!


Bir sehr oxuyardım, bütün evsiz uşaqların evi olardı. Bütün balaca uşaqlar balaca, toppuş əllərini uzadanda, bir əlindən anaları, o biri əlindən ataları tutardı. Bir duamla bütün kimsəsiz  uşaqlar atalı-analı olardı. 


Bir sehr oxuyardım, heç kəs xəstələnməzdi, bir əfsunumla heç kəs ölməzdi. Hamı mehriban, şən, xoşbəxt yaşayardı.
Sehrbaz olsaydım, müharibə edən pis adamları dəyişib yaxşı adam edərdim. Elə dəyişərdim ki, onlar bütün tankları əridib dəmirindən uşaqlar üçün karusellər düzəldərdilər. Avtomatlardan yalnız atəşfəşanlıq (salyut) üçün istifadə edərdilər. Hərbi vertolyotlardan (helikopterlərdən) havaya sülh göyərçinləri buraxar, uşaqların başına rəngbərəng  şarlar səpərdim. 


Qırıcı təyyarələrin üstündə sehrli hərflərlə “Yaşasın sülh!” yazardım. Onlar yalnız uşaqları gəzdirər, dünyanın gözəlliyini onlara göstərərdilər. Bir hərbi bazanı dondurma, digərini konfet, o birini oyuncaq, bir başqasını rəngli, şəkilli kitablar mağazasına çevrərdim.

Kosmosa pis niyyətlərlə uçanların kosmik gəmisini isə balacalaşdırıb oyuncaq kosmik gəmisinə çevirərdim. Uşaqlardan başqa heç kəsi kosmosa buraxmazdım. Uşaqlar ordan dünyamıza, onun gözəlliyinə tamaşa edərdilər.


Mən sehrbaz olsaydım, elə edərdim ki, Planetimizdə yalnız mehriban, yaxşı insanlar yaşayardı.
Planetimizin daha gözəl olması üçün gözəl möcüzələr göstərərdim!