Mən küsmüşəm hamıdan

Müəllif: Gülzar İbrahimova

Mən küsmüşəm anamdan,

O, məni çox istəmir!

Hamı oturub axşam,

O, mənə “dur-yat” deyir.

 

Axı heç gəlmir yuxum,

Gözümü necə yumum?

Hələ çoxlu işim var,

İndidən adam yatar?

 

Dur gəl, kuklam, yanıma,

Bir bax mənim halıma.

Az qalıram ağlayam

İstəmirəm mən yatam!

 

Kinoya baxmamışam,

Evcik oynamamışam.

Kuklamın saçlarını

Yuyub daramamışam.

 

Başım qarışıb yaman,

Ac qalmışam bayaqdan!

İşim yaman dolaşıb,

Çantamı yığmamışam!

 

Mən hamıdan küsürəm

Məni çox istəmirlər!

Stol üstündə nabat

Mənə deyirlər, “Sən, yat”.

 

Gör bir atam nə deyir:

“Balam yatmaq istəyir!”,

Görür ki, yuxum gəlir,

“Get dişini yu!", deyir.

 

şeir - uşaq şeiri - kiçik yaşlı uşaqlar üçün şeir